“Kolleksiyamın şah əsəri olan 13 nadir xalçanı Azərbaycana hədiyyə edəcəm” - Əmir Üskülü
Yanvar 30
12:24
2024
Kolleksiyamın şah əsəri olan 13 nadir Azərbaycan xalçasını Azərbaycan dövlətinə hədiyyə etməyə qərar vermişəm. Qoy gənclər muzeydə sərgilənəcək bu əsərləri yaxından görərək öz əcdadlarının qədim tarixini öyrənsinlər.
Bunu "Report”un ABŞ bürosuna müsahibəsində əslən Güney Azərbaycanda olan, hazırda ABŞ-də qədim Azərbaycan xalçalarından ibarət şəxsi kolleksiya yaradan Əmir Üskülü deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı əvvəllər Azərbaycan Mədəniyyət Nazirliyi ilə əlaqə yaradıb, həm xalçalar barədə məlumat verib, həm də reallaşdırmaq istədiyi layihələri təqdim edib.
"Ümid edirəm ki, sizin vasitənizlə Azərbaycanda birbaşa bu işlərlə məşğul olan məsul şəxslərlə əlaqə qura biləcəyəm, onlar məni tanıyacaqlar və səsimi eşidəcəklər. Bu arzular mənim könlümdən gəlir və Vətənə olan böyük sevgidən qaynaqlanır. Döyünən ürəyim olan Azərbaycanın yaxın gələcəkdə mənə və xalçalarıma qucaq açacağına ümidim sonsuzdur”, - Ə.Üskülü vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin Nyu-York şəhərində Səfəvilər dövründə toxunulmuş və günümüzə qədər qorunub saxlanılmış nadir Azərbaycan xalçaları nümayiş olunur. "Azərbaycan Xalça Ehtişamı: Antik Toxuculuqda Səfəvi Xəzinələri” adlı sərgi Azərbaycanın ABŞ-dəki səfirliyi və Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı, Nyu-Yorkdakı "Türk Evi”nin ev sahibliyi ilə baş tutub.