SON XƏBƏR

“Kontakt Home”un QARA CÜMƏ FIRILDAĞI...

Dekabr 06
20:42 2024
Bakı sakini "Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən aldadıldığını iddia edir.

Məsələ ilə bağlı şikayətçi Bakuplus.az redaksiyasına müraciət edib.

Şikayətçinin sözlərinə görə, "Kontakt Home” mağazası "Qara cümə” endirimləri adı ilə onu aldadıb:

"Kontakt”ın rəsmi səhifəsində endirimləri görüb mağazanın "28 may” filialına yaxınlaşdım. Satıcı səhifədə göstərildiyi kimi bildirdi ki, "Samsung Galaxy S24 Ultra” telefonu aldıqda üzərində hədiyyə olaraq planşet verilir. Mən də bundan sonra telefonu almağa razılaşdım. Onsuz da sırf bu kampaniya üçün müraciət etmişdim. Ancaq telefonu aldıqdan sonra bildirdi ki, hazırda planşet qalmayıb. Bir neçə gün ərzində yenidən stoka gələcək və hədiyyənizi verəcəyik. Mən də razılaşdım. İki nömrə istədilər və adımı qeyd etdilər”.

Müştəri bildirib ki, üstündən bir neçə gün keçsə də, ona planşetlə bağlı heç bir məlumat verilməyib və bundan sonra mağazaya yaxınlaşıb. Bu zaman isə mağaza əməkdaşları sözügedən kampaniyanın bitdiyini və artıq planşetin gəlmədiyini deyib.

"Telefon aldığım satıcı mənə bildirdi ki, satış keçirilən günün axşamı artıq kampaniyaya son qoyulub. Qeyd etdim ki, həmin vaxt siz mənə veriləcəyini demişdiniz və kampaniya bitməmişdi. Hətta buna görə telefonu almağa razılaşmışdım. Niyə məni aldadırsınız? Bundan sonra satıcı sualıma cavab tapa bilmədi və məni müdriyyətə yönləndirdi”, – müştəri qeyd edib.

Müdiriyyətə yaxınlaşan şikayətçi maraqlı reaksiya ilə üzləşib. Belə ki, rəhbərlik ona belə bir neçə halın yaşandığını, ancaq əllərindən heç nə gəlmədiyini bildirib. Şirkət əməkdaşları müştəriyə "qaynar xət”lə əlaqə saxlamağı məsləhət görüb. "Qaynar xət”lə əlaqə saxlayan müştəriyə isə yenə eyni sözlər – kampaniya bitib, artıq stokda planşet yoxdur kimi ifadələr deyilib.

Məsələ ilə bağlı Bakuplus.az əməkdaşı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayıb.

Onun sözlərinə görə, gələn şikayətlər arasında birinci yerdə mürəkkəb texniki vasitələr satan qurumlar dayanır:

"İnsanları aldatmaqda və onların hüquqlarını pozmaqda yarışa girmiş bu şirkətlər arasında isə "Kontakt Home” son 5 ildə birinci yerdədir. Bu şirkət bir prinsiplə işləyir: "Pulunu verdin mənə, itil cəhənnəmə”.

Eyyub Hüseynov bildirib ki, bu mağazadan çox əcaib şikayətlər gəlir.

"Dəfələrlə bu şikayətləri onların lazımı departamentinə göndərmişəm. Lakin çox nadir hallarda həll olunur. "Kontakt Home”dan gələn şikayətlərin palitrası çox müxtəlifdir. Böyük reklam kampaniyaları aparırlar, "şeş-qoşa” oynatdırırlar. Sonra uduzanda vətəndaş heç nəyi sübut edə bilmir.

Dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərindən xahiş etmişəm ki, elektron mallar satan qurumları bir yerə toplayın və mənə 3 dəqiqə vaxt verin. Onlara deyiləcək sözlərim var.

Əsas məsələ budur ki, mal satıldı, qurtardı, qapılar bağlandı. Onların rəhbəri ilə heç kəs görüşə bilməz. Şəxsən mən ildə bir dəfə də olsun "Kontakt Home”un rəhbəri ilə görüşə bilməmişəm. Təəssüflər olsun ki, bu şikayətləri biz danışıq yolu ilə çox nadir halda həll edə bilirik. Həll edilməyən məsələləri isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndəririk”, – E.Hüseynov deyib.

Sədr qeyd edib ki, ay yarım öncə prezidentin fərmanı ilə adıçəkilən dövlət qurumu İqtisadiyyat Nazirliyinin tərkibindən çıxarılıb və prezident administrasiyasına tabe olan bir quruma çevrilib:

"Bu, yaxşı haldır. Bundan sonra bəlkə vəziyyət dəyişər. "Kontakt Home”la ciddi məşğul olunmalı, monitorinqlər aparılmalı və istehlakçı hüquqlarının pozulması hallarına son qoyulmalıdır”.

Qeyd edək ki, Eyyub Hüseynov bu kimi hallarla qarşılaşan alıcıların Azad İstehlakçılar İctimai Birliyinə müraciət edərək ərizə yazmasını və yaxud 195, 012- 599- 76-00 nömrələrinə zəng edərək İqtisadiyyat Nazirliyinin hüquq şöbəsinə məlumat vermələrini təklif edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook