Kosa: "Elə o vaxtdan eşitmişəm ki, Rövnəq Abdullayev çox səxavətli insandır..."- MÜSAHİBƏ
Fevral 13
00:01
2017
Min
illərlə xalqımızın sevə-sevə yaşatdığı Novruz bayramı yaxınlaşmaqdadır. Ancaq hələ
ki, bayram əhval-ruhiyyəsi hiss edilmir. Biz də bunun səbəblərini öyrənmək üçün
Novruzun əsas personajlarından biri olan Kosanı danışdırmaq qərarına gəldik.
Kosa
ilə olan söhbəti təqdim edirik:
- Kosa necəsən, işləriniz necə gedir?
- Təşəkkür edirəm, babatam. İşlər də hələ getmir. Ümumiyyətlə, bizim
işimiz belədir ki, ilin bir ayını işləyirik, amma yaxşı işləyirik. Çalışırıq
xalqımızın milli bayramlarından olan Novruzu daha da təmtəraqlı edək, körpələrimizi
sevindirək, insanların üzünə təbəssüm gətirək. Azərbaycan xalqının böyüklüyü, mənəvi
qüdrəti ondadır ki, min illlərdir bu bayramı yaşadır. Xalqımız nə qədər əzablar
yaşasa da, müharibələr, aclıqlar görsə də Novruzu daim qeyd edib.
- Dünyanı idarə edən qlobal güclərin siyasətlərinin bir xətti də millətlərin
milli-mənəvi dəyərlərini deqradasiyaya uğratmaqdır. Bu baxımdan Novruz
bayramına, eləcə də Kosaya təhlükə görürsünüzmü?
- Düz qeyd etdiniz, dünyada bu dəqiqə gedən proses millətlərin milli dəyərlərini
məhv etməyə yönəlib. Səbəb isə onları öz köklərindən, dəyərlərindən ayıraraq
robot halına gətirmək və asanca idarə etməkdir. Konkret Novruz bayramına və mənə
gəldikdə isə vurğulayım ki, bizim xalq tərəfindən unudulmağımız yönündə qlobal-
kapitalist güclərin apardığı siyasəti 50 il bundan öncə dünyanın güc mərkəzlərindən
biri olan SSRİ başlatmışdı. Çalışırdılar ki, nə yolla olursa- olsun bizim mənfi
obrazımızı xalqımızın yetişməkdə olan yeni gəncliyinin beyinlərinə yeritsinlər.
Hətta bu niyyətlə "Bir qalanın sirri” adlı çox uğursuz bir film də çəkmişdilər.
Orada məni əzazil və məkrli formada
xalqımıza təqdim edirdilər. Halbuki, əsl Kosanın qəlbi sevgi və mərhəmətdən
ibarətdir.
- Son illər dünyada iqtisadi böhran var. Bu böhran ölkəmizdə də hiss
olunur. Sizcə bu Novruz bayramına təsir edə bilərmi?
- Bizim xalqımız dözümlüdür. Mənəviyyatca qüdrətlidir. Bu xalqı mənsub
olduğu dərin köklərdən qoparmaq mümkün deyil. Biz nəsillikcə Kosayıq. Dədəm də, babam da Kosa olub. Rəhmətlik
babam danışırdı ki, qanlı-qadalı ikinci dünya müharibəsi illərində də xalqımız
Novruz bayramını qeyd etdi. Babam danışırdı ki, o vaxt hətta elə ailələr varıydı ki,
süfrələrindəki cəmi-cümlətanı bir ovuc fındığın yarısını Kosanın xurcununa tökürdü. Bizim xalq çox mərd xalqdı. Hər bir faciənin önündə məğrur dayanmağı
bacarır. İndiki böhran da müvəqqəti haldır. Allaha şükür milli dövlətimiz var.
İqtisadiyyatı güclüdür. Torpaqlarımız bərəkətli, xalqımız isə qoçaqdır. Bu vəziyyətdən
alnıaçıq çıxacağıq. İnanıram ki, bu Novruzu da xalqımız gözəl və möhtəşəm keçirəcək.
- Kosa bir az da özünüzdə danışın, ümumiyyətlə Kosaların vəziyyəti necədir?
- Bilirsiz, Kosalar da bu cəmiyyətin bir parçasıdır. Ümumilikdə cəmiyyətin
vəziyyəti necədirsə bizim də vəziyyətimiz elədir. İndi Kosalar çoxalıb. Hər
yerindən duran, sözün sehrini-sirrini dərk edə bilməyənlər 40 manat verib bir
xurcun alır. Və başlayır Kosalıq eləməyə. İki cümləni ard-arda deyə bilmirlər. Performans yox, yenilik yox... Etiraf edim ki, belələri Kosaları müəyyən mənada hörmətdən salır. Ancaq bayaq
da qeyd etdiyim kimi, bizim xalqımız qədir-qiymət verməyi bacaran xalqdır. Əsl
Kosaların hörmətini saxlayırlar. Həm də axı biz Kosaların arzusu, istəyi çox kiçikdir- xurcunumuz
boydadır.
- Sizin üstünlüyünüz həm də hər evə girə bilməyinizdir, bütün qapılar
üzünüzə açıqdır, Sizi hörmətlə qarşılayırlar. Ancaq orada nə gördüyünüzü heç zaman heç kimə danışmırsız.
Yazılmamış bu qayda yenə qalırmı?
- Əlbəttə. Bu Kosalığın ən vacib, həm də müqəddəs qanunudur. Bu qaydanı
pozan Kosa oyundan uzaqlaşdırılır. Elə vaxt olub ki, qonaq olduğum ailənin süfrəsində
mer-meyvə olmayıb, xurcunumdan çıxarıb süfrələrinə meyvə qoymuşam. Buna görə də
imkanlı ailələr, xüsusən də məmurlar bizi nəzərə almalıdırlar. Bizim
xurcunumuza tökdüklərini tək yemirik. Qarşılaşdığımız kasıb-kusublara da
veririk.
- Məmurlardan söz saldınız. Bildiyimizə görə, məmurlarla da münasibətiniz
var.
- Digər Kosa yoldaşlarım qədər olmasa da, mənim də məmur dostlarım var.
Eləsi var ki, bu münasibət Kosalığa görə yox, qohumluğa görədir.
- Maraqlıdır, hansı məmurlar daha səxavətlidir?
- Vallah, bayaq dedim axı, mənim elə də münasibətim yoxdu məmurlarla. Mən
də Sizin kimi, gördüyümü, eşitdiyimi deyirəm. Amma bir dəfə ANS-də gördüm,
bulvarda Novruz şənliyi dövlət səviyyəsində qeyd olunurdu, bizim Kosalardan
biri Rövnəq Abdullayevə yaxınlaşıb təbrik etdi. O da cibindən çıxarıb Kosaya bir
yüz manatlıq verdi. O vaxt yüz manat böyük puluydu, 1 dollar 0.78 qəpik idi. Səxavətlilik
də hər millətə nəsib olan dəyər deyil. Şükür ki, bizim xalqımız saxəvətli
xalqdır. Elə o vaxtdan eşitmişəm ki, Rövnəq müəllim çox səxavətli insandır. Harda Kosa görür hal-əhval tutur, dolanışığını soruşur, cibinə də
pul qoyur. Allah balalarını saxlasın. Amma mən hələ onunla qarşılaşmamışam, görüm bu bayram qismət olurmu.
- Daha səxavətli məmur yoxdu?
- Əlbəttə, var. Həmişə də olacaq. Keçmişdə də olub, indi də var, gələcəkdə
də olacaq. Deyilənə görə, əvvəllər Ziya müəllim də çox səxavətli olub, amma
indi yox. Ziya müəllimi qınamalı da deyil. Son zamanlar onun da
işi deyəsən yaxşı getmir. Allah köməyi olsun.
- Bəs güc nazirlərindən kim səxavətlidir?
- Vallah, bizim güc nazirləriylə münasibətimiz yoxdur. Tək-tük qocaman Kosanın
onlarla əlaqəsi var. Güc nazirlərinin işi elədir ki, gecə-gündüz işləyirlər. Sağ
olsunlar sabitliyi, qayda-qanunu qoruyub saxlayırlar.
- Sonda nə demək istəyirsiz?
- Ulu Yaradandan dövlətimizə, xalqımıza əmin-amanlıq arzulayıram. Bizim
dövlətimiz dünyada sayılıb-seçilən, ərazisi bütöv, iqtisadiyyatı güclü dövlətlərdən
olsun. Məmurlarımız səxavətli, ədalətli, mərhəmətli olsunlar. Xalqımız ruzi-bərəkətli, güləriz, sağlam, mehriban olsun. Babalarımız bu
torpaqlarda necə mehriban yaşayıblarsa biz də elə yaşayaq. Və elə edək ki,
övladlarımız da gələcəkdə bu cür yaşasın!
Qlobal.az