SON XƏBƏR

Kremlin yeni oyunu: Qarabağ erməniləri çıxılmaz durumda

Avqust 22
13:21 2023
"Yaranmış vəziyyət onu göstərir ki, Moskva bölgədə yeni "reallıq” yaratmaq istəyir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev son günlər Qarabağdakı separatçı, qondarma rejim daxilində baş verən qarşıdurmanı şərh edərkən deyib.

"10 noyabr bəyanatının imzalanmasından bu günə qədər hər kəs bilir ki, qondarma rejim artıq İrəvandan deyil, Moskvadan idarə olunur. Qondarma rejimdə qondarma "prezident" postunu tutan Araik Arutyunyan isə Moskvadan asılı olmasına baxmayaraq, daha çox çalışır ki, fəaliyyətini İrəvanla koordinasiya etsin. Bu isə Moskvanın xoşuna gəlmir”, deyə Taleh Əliyev bildirib.

Politoloqun fikrincə, yaranmış vəziyyət onu göstərir ki, Moskva bölgədə yeni "reallıq” yaratmaq niyyətindədir. Həmsöhbətimiz hesab edir ki, qondarma rejim daxilində hər hansı bir dəyişikliyin baş verməsi belə heç bir halda yeni situasiya yaratmayacaq:

"Bir müddət öncə Arutyunyanın imzası ilə qondarma rejimdə "prezident" və "parlament" seçkilərini qadağan edən "fərman” imzalandı. Ona əsasən qondarma "prezident"in təyin edilməsi də qondarma "parlamentə" həvalə edildi. Onlar fərqindədirlər ki, qondarma rejimdə hər hansı bir şou xarakterli seçki adına aksiya keçirilərsə, Azərbaycan prosesə dərhal müdaxilə edə bilər. Ona görə də onlar "stəkanda fırtına” yaratmaq təşəbbüsü ilə çıxış edirlər. Son günlər Ruben Vardanyanın Araikin ünvanına sərt ifadələr səsləndirməsi, istefaya çağırması onu göstərir ki, Kreml artıq daşların tərpədilməsində maraqlıdır. Bu səbəbdən də qondarma rejimdəki lazımsız strukturlar vasitəsilə guya legitimliyi qoruyub saxlamaq istəyirlər. Azərbaycan tərəfi isə Qarabağ üçün yad ünsür olan Vardanyanla danışıqlar masası arxasında əyləşməyəcəyini dəfələrlə bəyan edib”.

Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, Qarabağın dağlıq hissəsində mövcudluğunu qorumağa çalışan separatçılar arasında ziddiyyətlər getdikcə dərinləşir. Qondarma rejimin saxta rəhbəri Araik Arutyunyanın istefaya getmək istədiyi barədə məlumatların yayılması buradakı cinayətkar üsnürlər arasında növbəti qarşıdurmaya əsas verib. Araik Arutyunyanın dostu olan Karen Matevosyanın başçılıq etdiyi bir qrup "milis" "Artsax parlamenti”nə soxularaq "milli məclis”in "sədri” Davit İşxanyandan hesab tələb edib. KİV-in məlumatına görə,  Matevosyan canlı yayıma çıxaraq Qarabağ ermənilərinə bildirib ki, o, silahlı dəstələri ilə yeni "hökumət”i təşkil etmək və "parlament” seçkilərini keçirmək məsuliyyətini öz üzərinə götürür. Digər  tərəfdən, bəzi məlumatlara görə, qondarma rejimdə qarmaqarışıqlığın yaranmasında, öz əlaltısı Vardanyanı yenidən vəzifəyə gətirmək üçün Moskva maraqlıdır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook