SON XƏBƏR

"Kristal Abşeron"-da fantastik qiymətlər: Deputatın şirkəti vətəndaşları ömürlük tora salır

Avqust 08
10:23 2022
Azərbaycanda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin əksəriyyətindən vətəndaşlar narazılıq edir. Vətəndaşların naazılıqları əsasən tikintilərin keyfiyyətsiz aparılması, qiymətlərin həddindən artıq baha olması və işlərin vaxtında təhvil verilməməsidir. 
 
Bu cür fəaliyyət göstərən şirkətlərin böyük əksəriyyətinin arxasında isə yüksək vəzifəli şəxslər, deputatlar dayanır. 
 
Qlobal.az xəbər verir ki, qiymətləri od tutub yanan şirkətlərdən biri də "Kristal Abşeron"dur. Layihələrinə cəlbedici adlar qoyaraq insanları ömürlük tora salan "Kristal Abşeron"-un satdığı mənzillər ölkənin əmlak bazarında olan real qiymətlərdən dəfələrlə bahadır. Şirkətin şəhər mərkəzindən kənarlarda vətəndaşlara təklif etdiyi 70 kvadratlıq mənzillərin ümumi qiyməti təxminən 250.000 manat civarındadır. 
 
Məsələn, şirkət feysbuk səhifəsində reklama çıxardığı elanda "Əcəmi 3 layihəsi"ndə 3 otaqlı 75.2 kv.m mənzili ilkin ödəniş 27824 AZN, 20 illik aylıq ödənişi 1074 AZN-ə təklif edir. Bu isə ümumilikdə 285 min manatdan artıq edir. Şirkətin təklif etdiyi bu qiymətlərə isə vətəndaşlar haqlı olaraq etiraz edirlər. Gülər Nəsibli adlı vətəndaş "Kristal Abşeron"-un qiymət təklifinə cavab olaraq yazır: "70 kv.m lik mənzilin 1 kv.m qiyməti təqribən 4000 manata başa gəlir, özü də Əcəmidə. Şəhərin mərkəzində Dəniz panaramalı mənzilin qiymətindən də baha. Bu qədər fantastik rəqəmlərin səbəbini necə izah edə bilərsiniz?". 
 

 
Kamal Abdullayev adlı vətəndaş isə 70 kvadratmetrlik mənzilin 270 min manata gəlib çıxdığına ironik olaraq qiymətlərin "çox münasib" olduğunu, amma bu qədər pulu ödəməyin bir ömürə yetmədiyi yazır. 
 

 
"Kristal Abşeron”un Sumqayıt "Sahil Park 3” layihəsi də digər layihələri kimi fantastik qiymətlərdən ibarətdir. 
 
Sumqayıt Sahil Park 3 layihəsində 3 otaqlı 115.6 kv.m mənzilin qiyməti ilkin ödəniş olaraq 30634 AZN, 20 illik aylıq ödənişi 1182 AZN təşkil edir. Paytaxtdan kənarda yerləşən 115 kvadratmetrlik mənzilin ümumi qiyməti isə dəhşət doğrurur - 314.314 manat!
 
Daha acınacaqlı məqam isə budur ki, vətəndaşlara od qiymətinə təklif olunan mənzillərin 2022-ci ilin 4-cü rübündə təhvil veriləcəyi deyilir. 
 
Ramil Masiyev adlı vətəndaş bu qiymətə Sumqayıtın mərkəzində 4 mənzil almağın mümkün olduğunu yazır. 
 


Maraqlıdır ki, insanları açıq-aşkar qarət edən "Kristal Abşeron"-nun qiymət siyasətinə heç bir dövlət qurumu müdaxilə etmir. 
 
Qeyd edək ki, yerli mediada yazılanlara görə "Kristal Abşeron" şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. 
 

 
Ağalar Vəliyev eyni zamanda "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.
 
A.Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.
 
Cahandar Laçınlı
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook