SON XƏBƏR

“KUPÇA”SIZ DAŞINMAZ ƏMLAK ALMAYIN!!!

İyun 10
01:40 2016
Ölkəmizin ən böyük hüquqi problemi mülkiyyət hüququdur!
 
Son bir ildə bank məsələləri haqda o qədər yazıram ki, hətta daha çox sevdiyim, maraqlandığım, tədqiq etdiyim hüquqi mövzulara vaxt qalmır. Əslində, bank hüququnu sevmirəm, sadəcə problemin aktuallığını nəzərə alıram. Amma kreditdən də vacib məsələ var – mülkiyyət hüququ. Mülkiyyət hüququ ümumiyyətlə hüququn əsası, ən güclü hüquqdur. Mülkiyyət hüququ adekvat tənzimlənməyən və qorunmayan ölkədə normal iqtisadiyyat və inkişaf ola bilməz. Xüsusilə daşınmaz əmlaka mülkiyyət hüququ sahəsində. Təəssüf ki, Azərbaycan məhz belə ölkələrdən biridir. Dünən Radio Antenn 101 FM-də Aziza xanım və Xəyal bəylə məhz bu mövzuda 2 saat danışdıq.
 
Əslində, Azərbaycanda mülkiyyət hüququnun və daşınmaz əmlakın anlayışında belə problemlər var. Məsələn, bizdə tikili və binalar müstəqil daşınmaz əmlak hesab olunur. Halbuki, hüquq elmi və qabaqcıl xarici təcrübəyə əsasən daşınmaz əmlak torpaqdır, üstündəki tikili isə onun tərkib hissəsidir. Yəni torpağın və üstündəki tikilinin fərqli mülkiyyətçisi olmamalıdır. Nə isə, dərinə getməyim…
 
Daşınmaz əmlak üzrə münasibətlər ilk növbədə reyestr qeydiyyatına və həmin reyestrin tam açıqlığına söykənməlidir. Azərbaycanda həmin reyestr nəinki qapalıdır, üstəlik əksər obyektlər (nəinki evlər və mənzillər, hətta ticarət obyektləri, mehmanxanalar və s.) reyestrdə qeydiyyata alınmayıb. Buna görə də korrupsiya, mülkiyyət hüququnun pozulması, istehlakçıların hüquqlarının tapdalanması baş alıb gedir.
 
Məsələn, yeni binalardan mənzil alınması üzrə ən azı 2 böyük risk var: 1) mənzilin tikinti şirkəti tərəfindən bir neçə nəfərə satılması; 2) binanın tikintisinin başa çatıdırlmaması. Çünki həmin binanın və mənzillərin qeydiyyatı yoxdur, hər şey havadan asılı vəziyyətdədir. Bu risklərin qarşısını necə almaq olar? Təəssüf ki, mövcud bərbad qanunvericilik çərçivəsində heç cür! Buna görə də qanunvericilik dəyişmədən vətəndaşlara tövsiyəm budur: yeni binalardan "kupça”sız mənzil almayın! Xüsusilə indiki – daşınmaz əmlakın qiymətinin düşüdüyü və hələ xeyli düşəcəyi – dövrdə. Buna görə də hazırda pulları tükənmiş tikinti şirkətləri müxtəlif vədlər verir, şirnikləndirici reklamlar yayır və s. Ehtiyatlı olun!
 
Qabaqcıl xarici təcrübəyə əsasən yeni binada mənzilin alınması necə olmalıdır? Əvvəla, tikiləcək binanın altındakı torpağa və mənzillərə mülkiyyət hüququ reyestrdə qabaqcadan qeydiyyata alınmalıdır. Tikinti şirkəti də vətəndaşa torpağa mülkiyyətdə payı və hələ mövcud olmayan mənzilə mülkiyyət hüququnu rəsmi satmalıdır, yəni notariat qaydasında və "kupça” verilməklə. Bununla da mənzilin başqalarına satılması mümkün olmayacaq. Tikinti şirkətinin muzdu da hissə-hissə (yekun ödəniş mənzil tam təhvil veriləndən sonra!), plan üzrə tikdiyinə uyğun ödənilməlidir. Tikinti şirkəti gecikdirməyə və digər pozuntuya yol verdikdə, gələcək sakinlər onun xidmətindən imtina edib tikintini başa çatdırmaq üçün başqa tikinti şirkətini cəlb edə bilər. Axı torpağa belə mülkiyyət hüququ artıq gələcək sakinlərə mənsubdur! Yəni asılı vəziyyətə sifarişçi olana vətəndaş deyil, tikinti şirkəti olmalıdır.
 
Bir sözlə, bu və ya digər formada Azərbaycanda tikilən binalardakı mənzillərə mülkiyyət hüququnun normal tənzimlənməsi sistemi olmayınca belə mənzilləri almayın! Özünüzdən və pulunuzdan muğayat olun!
 
Əkrəm Həsənov, hüquqşunas



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook