Kürdlər Bağdadı dialoqa çağırır
Oktyabr 25
11:46
2017
İraqdakı kürd muxtariyyətinin hökuməti böhranın həlli üçün Bağdada dialoq təklif edərək referendumun nəticələrini və regionun müstəqilliyinin elan olunması prosesini dondurmağa hazır olduqlarını bildirib.
AZƏRTAC bu barədə Euronews telekanalına istinadla xəbər verir.
"Biz atəşkəsin başlamasını və Kürdüstanda bütün hərbi əməliyyatların təcili dayandırılmasını təklif edirik”, - kürd regional vilayəti hakimiyyətinin bəyanatında belə deyilir.
Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik barədə referendum keçirilib. Muxtariyyətin seçkilər və referendum barədə ali komissiyasının məlumatına əsasən səsvermədə iştirak edən seçicilərin 92,7 faizi müstəqilliyə səs verib. İraq hökuməti öz növbəsində referendumu qanunsuz sayıb və seçkilərin nəticələri barədə muxtariyyətin regional hökuməti ilə danışıqlar aparmayacaqlarını bildirib.
Oktyabrın 16-da İraqın Baş naziri Heydər əl-Əbadinin göstərişi ilə Kürdüstanla mübahisəli regionlarda, o cümlədən muxtariyyətin tərkibinə daxil olmayan Kərkük vilayətində təhlükəsizliyin və sabitliyin bərpa olunması üzrə kampaniya başlayıb. İraq ordusu bir sutkadan da az müddətdə Kərkük şəhəri və onun ətrafı üzərində nəzarətə yiyələnə bilib. Həmçinin Kərkükün bütün neft yataqları da hökumət qüvvələrinin nəzarətinə keçib.