Laçınlı xanımların yurd həsrətiylə çağırdığı BAYATILAR
May 16
09:10
2016
Qəhrəmanova Səlbi İsmayı qızının (Qızılca kəndi) dilindən
Laçın, səni kim yıxdı?
Pis gözüynən kim baxdı?
Kimlər sənə od vurdu,
Tamaşana kim çıxdı?
***
Bacının bacı dərdi,
Şirinin acı dərdi,
Getdi şirin Laçınım,
Qaldı bir acı dərdi.
***
Aşıq, ağlayan gördüm,
Çayı çağlayan gördüm,
Deyib-gülən elləri
Nədən ağlayan gördüm?
***
Mən aşıq, "haşa” deyim,
Dərdimi daşa deyim.
Tək Laçını demirəm,
Şuşaynan qoşa deyim.
***
Eldə olar qalalar,
Evdə qonaq qalalar.
İgid torpağı verməz,
Bəlkə zora salalar.
***
Qayada qarmağım var,
Tutmağa barmağım var,
"Laçın” deyib Allaha
Gündə yalvarmağım var.
***
Keçmişəm Həkərini,
Yaram eylər irini,
Dərd bir deyil, beş deyil,
Deyim hansı birini?
***
Dünya, arıma gəlir,
Bülbül zarıma gəlir.
Laçınsız deyib-gülmək
Vallah, arıma gəlir.
Mələk nənənin (Qorçu kəndi) dilindən
Ərəbəm oxumuşam,
Nə dərdi çoxumuşam.
Nə gələn var, nə gedən,
Elə bil yoxumuşam.
Ağayeva Maral Həşim qızının (Alxaslı kəndi) dilindən
Qaş qara kömürdəndi,
Gün keçir ömürdəndi.
Bizi yurddan edənin
Ürəyi dəmirdəndi.
***
Göydə göyərçin ağlar,
Yuvada laçın ağlar.
Sən yadıma düşəndə
Başımda saçım ağlar.
***
Bostanda tağım ağlar,
Dəymə yarpağım ağlar.
Mən ölsəm bu qürbətdə
Bilin, torpağım ağlar.
***
Kəklik daşda nə gəzər,
Qələm qaşda nə gəzər,
Yurd itirən ananın
Ağlı başda nə gəzər?
Abdullayeva Qələm Həşim qızının (Qazıdərə kəndi) dilindən
Əzizim, Laçın ağlar,
Darayar saçın ağlar.
Öldü igid oğlanlar
Ellərdə qaçqın ağlar.
***
Əzizim, yuvasızlar,
Quş yoxsa, yuva sızlar.
Ellərə qaçqın düşüb
Yurdsuzlar, yuvasızlar.
Hüseynova Zərif Abdüləzim qızının (Qarakeş kəndi) dilindən
Çadır qurdum dəyirmi,
Mıxın vurdum iyirmi.
Töküb hara gedirsən,
Bu ev sənin deyilmi?!
Abbasəliyeva Güllü Səttar qızının (Vağazin kəndi) dilindən
Qırxqızın öz dağları,
Tutubdu toz dağları,
Eləcə yada düşür
Qəribin öz dağları.
***
Gəlin, gedək, daş kəndə,
Ayaq götür aş kəndə,
Biz ki, gedəri olduq
Görüm yağsın daş kəndə.
***
Babadağın aşaram,
Duman gəlsə çaşaram.
Canım qaynar qazandı,
Altın az qoy, coşaram.
***
Dəryada sicim gördüm,
Sicimin ucun gördüm.
Biz neylədik fələyə
Fələyin gücün gördük.
***
A dağlar, uca dağlar,
Qar yağar uca, dağlar.
Eləcə yaxşı olar
Köhlən at, uca dağlar.
***
Xanalar, ha xanalar,
Xan xanı yan alar.
Ölübdü başbilənimiz,
Boş qalıb dəftərxanalar.
***
Ay yerində nə qaldı,
Gün yerində nə qaldı?!
Qırıldı yolbilənlər
Tay yerində nə qaldı?!
***
Quşlar vətənə gedər,
Uçar vətənə gedər.
Dərdimizi söyləsək
Oba yatana gedər.
Hüseynova Kübra Həbib qızının (Sus kəndi) dilindən
Şimşək olub çaxaydım,
Bulaq olub axaydım.
Ölməyəydim - Laçına
Bir doyunca baxaydım.
***
Qızılgüləm, xal-xalam,
Açılmaqdan qorxaram,
Desələr Laçına gedək,
Xəstə olsam qalxaram.
Nəcəfova Sənubərin (Əhmədli kəndi) dilindən
Mən deyirəm bu yaman,
Bülbül oxur buy aman!
İtirmişəm vətəni,
Bütün dərddən bu yaman.
Məmmədova Zeynəb Cabbar qızının (Haxnəzər kəndi) dilindən
Qoyun eyvanda mələr,
Çıxıb eyvanda mələr.
Vətən elə şirindi,
Ona heyvan da mələr.
***
Bağlarda bağlarım var,
Laçın tək dağlarım var.
Gəl insaf eylə, düşmən,
Dalımca ağlarım var.
***
Bu atı minənə bax,
Köynəyi kətənə bax.
Çıx Murovun başına
Doyunca vətənə bax.
***
Aşıq gedənə yaxın,
Könül gedənə yaxın.
Ürək yaman sızlayır
Ömür gedənə yaxın.
***
Mən aşıq, vətən dərdi,
Köynəyi kətən dərdi.
Düşmən əyməyən qəddi
Bir əydi vətən dərdi.
***
Laçının öz dağları,
Tutubdu toz dağları.
Yenə yadına düşdü
Zeynəbin öz dağları.
***
Aşıq yorunluq ağlar,
Xalın yorunluq ağlar.
Vətən itirən ana
Durub yorunluq ağlar.
***
Gəncənin bucağında,
Od yanır ocağında.
Can verən gün olaydım
Vətənin qucağında.
***
Göydə ulduz san verməz,
Sanadıqca san verməz.
Zeynəbin yeri qərib,
Vətənsizdi, can verməz.
***
Mən aşıq, qazan ağlar,
Od yansa, qazan ağlar.
Vətənsiz ölənlərin
Talehin yazan ağlar.
***
Mən aşıq, vətən ağlar,
Vətəndən ötən ağlar.
Vətənsiz ölənləri
Yolunan ötən ağlar.
***
Fələyin vaxtına bax,
Çıxıbdı taxtına bax.
Yerim Aran, su isti,
Sən mənim baxtıma bax.
***
Qaşların əyəri var,
Əydikcən əyəri var.
Qərib deyə, ağlaman,
Mənə də dəyəri var.
***
Qırxqızın o dağları,
Xoyratdı o dağları.
Yurdlar həmin yurdlardı,
Görükmür adamları.
***
Mollayam zikr eylərəm,
Oxuram zikr eylərəm.
Qayıdıb vətənə getsəm
Yüz dəfə şükr eylərəm.
***
Mən aşıq, gündüz ola,
Gün doğa, gündüz ola.
Yuxuda vətəni gördüm,
Kaş elə gündüz ola.
***
Aşıq, elin yaxşıdı,
Şana telin yaxşıdı.
Yüz min təbib yığılsa,
Yenə elin yaxşıdı.
***
Evləri dəyə-dəyə,
Tikilmiş dəyə-dəyə.
Övlad, hardan gəlirsən?
Daşlara dəyə-dəyə.
***
Mən aşıq, qanlıları,
Qan tutmuş qanlıları.
Qudurmuş qurd olaydım,
Tutaydım qanlıları.
***
Dağların sinəsinə,
Gün düşmüş sinəsinə.
Kaş ki, dağlarda anam
Döyəydi sinəsinə.
***
A yollar, zadə yollar,
Sirr verməz yada yollar.
Vətən yaxın, yol bağlı,
Dərdi ziyadə yollar.
***
Evləri talan oldu,
Tikilmiş talan oldu.
Dedilər alınır vətən –
Hamısı yalan oldu.
***
Ay dağlar, Kərəm dağlar,
Gülün yox dərəm, dağlar.
Mən ki vətənsiz ölürəm,
Ürəyim vərəm bağlar.
MƏNBƏ: "Laçin folkloru” kitabı, toplayan İlham Qəhrəman