Lənkəranda dini radikalizmlə mübarizədə dini icmaların rolundan bəhs olunub
Dekabr 16
18:03
2015
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Lənkəranda "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda seminar-müşavirə keçirilib.
Qlobalinfo.az Trend-ə istinadən xəbər verir ki, müşavirədə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Lənkəran rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rüstəm Ramazanov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Qəni Axundzadə, ziyalılar, Lənkəran, Lerik və Astara rayonundan olan din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Komitə sədrinin müavini G.İsmayılov çıxış edərək, dini radikalizmi yaradan səbəblər, dövlət və cəmiyyət, eləcə də milli-mənəvi dəyərlər üçün təhlükəli sayılan belə tendensiyaların qarşısının alınmasında dövlət və dindarlar arasında birliyin olduğunu vurğulayıb.
Lənkəran rayon İcra Hakimiyyəti başçısının birinci müavini İ.Dadaşov rayonda dini radikalizmlə mübarizədə mövcud həmrəylikdən danışıb, rayon ictimaiyyəti tərəfindən belə radikal addımların pisləndiyini və dövlətin radikallara qarşı tədbirlərinin birmənalı şəkildə dəstəkləndiyini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Q.Məmmədov rayonda dini vəziyyət barədə ətraflı məlumat verib, radikalizmlə mübarizədə görülən tədbirlərdən danışıb.
O, qeyd edib ki, din adı ilə təqdim edilən radikal baxışlı ideoloji təlimlərin əsas məqsədlərindən biri cəmiyyət daxilində mövcud olan möhkəm həmrəyliyə pozucu təsir göstərməkdir.
Daha sonra çıxış edən QMİ-nin bölgə qazısı Q.Axundzadə dini radikalizmlə mübarizədə maarifləndirmə işinin təşkili, xüsusilə də bölgədə dini təhsil müəssisələrinin yaradılmasının əhəmiyyətini qeyd edib.
Digər çıxışçılar - Qafqaz Müsəlmanları İdarəsinin Lerik rayon üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev və Astara rayonu üzrə səlahiyyətli nümayəndə İlqar Həsənov, həmçinin Lənkəran rayonu Ləj kənd məscidi dini icmasının sədri Samid Quliyev radikal dini cərəyanların fəaliyyətinin yolverilməz olduğunu dilə gətirib.
Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri R.Ramazanov dini radikalizmlə mübarizədə dini icmaların rolu mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.