SON XƏBƏR

Lənkəranda dövləti belə qarət edirlər - LİSM layihəsinin görünməyən tərəfləri

İyun 11
13:00 2018
Son illər ölkədə sahibkarlığın inkişafına dəstək çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlər görülüb. Bu, bəlkə də qeyri-neft sektorunun inkişafı zərurətindən irəli gəlir. Gəlin sahibkarlar üçün yaradılmış bu imkanların xronoloji ardıcıllığına nəzər salaq: əvvəlcə 2011-ci ildə sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid məlumat reyestri yaradılır. 2 il sonra hansısa fövqəlqüvvə bunun kifayət etmədiyini, əksər millət vəkillərinin də maraqlı olduğu bir məsələyə, yəni sahibkarların maraqlarının dövlət təminatına ehtiyac olduğunu bildirir və bu minvalla "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ayrıca Qanun qəbul edilir. Lakin hələ bununla da iş bitmir. Bundan sonra sahibkarlıq sahəsində aparılan yoxlamaların bilmərrə dayandırılması "ideyası” irəli sürülür və nəticədə, sahibkarların mənafeyinin müdafiəsinə yönəlmiş növbəti addım atılır – 20 oktyabr 2015-ci ildə sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması haqqında qanun qəbul edilir. Bu cür "özünümüdafiə” tədbirlərinin səmərəsini görən işbaz məmurlar sözügedən Qanunun 1-ci maddəsindəki "2 (iki) il müddətinə” sözlərini "2021-ci ilin yanvarın 1-dək” sözləri ilə əvəz edərək qanunun tətbiq müddətinin daha da uzadılmasına nail olurlar. Beləliklə, oliqarxlarla monopolistlərin arzusu təmin olunur və əllərinə girəvə düşür. Qanunsuz sahibkarlıq fəaliyyəti göstərən bir çox korrupsioner məmurlar, bu imkanlardan gen-bol bəhrələnərək çoxgedişli maliyyə kombinasiyaları icad edir, habelə dövləti aldatmaq, vergilərdən yayınmaq, gömrük rüsumlarını ödəməmək, kredit vəsaitlərini mənimsəmək, çirkli pulları yumaq və s. üçün müxtəlif üsullara əl atırlar. 

Belə üsullardan biri də müxtəlif adamların adına yağışdan sonra göbələk kimi şirkətlərin təsis edilməsidir. Burada məqsəd nominal təsisçiləri və ya direktorları, yəni müəyyən muzd müqabilində lazımi sənədləri imzalamağa razılıq verən kənar şəxsləri öz çirkli bizneslərinə cəlb etməklə eyni adamın və ya şirkətin tabeçiliyində olan iki hüquqi şəxs arasında hər cür mümkün əlaqəni ört-basdır etməkdir. Saxta şirkətin və ya nominal direktorun xidmətindən həm də o halda istifadə olunur ki, real mülkiyyətçi, məsələn, məmur sahibkarlıq fəaliyyəti göstərmək hüququ olmadığına görə adının və soyadının hansısa sənədlərdə görünməsini istəmir. Bundan əlavə, nominal direktorların cəlb olunması həm də şübhəli əməliyyatlara görə məsuliyyəti onun üzərinə atmaq imkanı verir.
Lənkəranın Haftoni qəsəbəsindəki köhnə İstisu sanatoriyasının ərazisi (bundan sonra Ərazi) məhz belə qurama şirkətlərdən olan "Lenkeran Hotel and Resort Company”



MMC-nin adına özəlləşdirilib (Şəkil 1). 

Halbuki Ərazi özəlləşdirilməzdən xeyli qabaq, yəni 2000-ci illərin əvvəllərində prezidentin sərəncamı ilə Lənkəran rayonunda kurort-sanatoriya xidmətlərinin yaxşılaşdırılması, turizmin inkişafı və əhalinin məşğulluğunun təmin olunması məqsədilə Haftoni qəsəbəsindəki 150 nəfərlik "İstisu" sanatoriyasının əsaslı təmiri "2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramına daxil edilmiş, icrası Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Tikinti və Arxitektura Komitəsinə, İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə və Lənkəran Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi. Məktubda teref.info-ya yazırlar ki, bundan bir qədər sonra, yəni 14 sentyabr 2005-ci ildə cənub rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında prezidentin № 1001 saylı sərəncamı dərc olunur. Bu sərəncamın 2.3-cü bəndində açıq-aydın göstərilir: 2005-2006-cı illər ərzində Lənkəran rayonunda turizmin inkişaf etdirilməsi məqsədilə Haftoni qəsəbəsindəki 150 nəfərlik "Lənkəran" (İstisu) sanatoriyasının əsaslı təmiri Maliyyə Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, rayon icra hakimiyyətinə həvalə edilsin. Lakin bu illər ərzində sanatoriyada nəinki heç bir iş aparılmadı, əksinə onun qapıları bağlanaraq uzun müddət mühafizə altında istifadəsiz qaldı, dövlət səviyyəsində isə buna heç bir reaksiya verilmədi. 
 
2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair növbəti dövlət proqramında artıq bu sanatoriyanın adı ümumiyyətlə çəkilmir. Sanki belə bir müəssisə heç əvvəldən mövcud olmayıb! Beləliklə, Lənkəran İstisu sanatoriyasının izi itirilir və kimlərinsə əli ilə o dövlət proqramından çıxarılaraq "Lenkeran Hotel and Resort Company” MMC ilə təmsil olunan PaşaHolding-in mülkiyyətinə çevrilir. 
 
Hazırda Lənkəran İstisu Sağlamlıq Mərkəzi (LİSM) layihəsi adı altında Ərazidə intensiv tikinti və layihələndirmə işləri aparılır 



(Şəkil 2). 

Ərazidə iş aparan tikinti şirkətləri müqaviləni formal olaraq kağız üzərində mövcud olan "Lenkeran Hotel and Resort Company” MMC ilə bağlasalar da, layihəyə ümumi nəzarəti PMD Group LLC həyata keçirir. 
 
Maraqlıdır ki, "Lenkeran Hotel and Resort Company” MMC-nin bəzi əməkdaşları eyni zamanda həm də PMD Group LLC-nin əməkdaşlarıdır (Şəkil 3). PMD Group MMC tikinti-inşaat sahəsində kifayət qədər tanımış bir şirkət olduğu halda, onun əməkdaşlarının adlarının qurama şirkətin əməkdaşları kimi təqdim edilməsində məqsəd görəsən nədir? Yaxud, cəmi üç yaşı olan, heç kəsin tanımadığı bu qurama şirkət ərazidə müxtəlif tikinti xidmətləri göstərən onlarla şirkətin pulunu ödəmək üçün maliyyə vəsaitini haradan gətirir?
 
Tarixən hər hansı iri kapitalın ilkin mənbəyində bu və ya digər bir cinayətin durduğunu nəzərə alsaq, sözügedən şirkət barəsində belə bir versiya irəli sürmək olar ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı çərçivəsində Lənkəran İstisu sanatoriyasının əsaslı təmirinə ayrılmalı olan büdcə vəsaiti hakim elitanın əli ilə məhz bu yalançı şirkətin bank hesabına yönəldilib.
 
LİSM layihəsi işçilərinin yemək və yol xərclərinin qarşılanmasında bir pərakəndəlik hökm sürür. Belə ki, hər şirkət öz işçilərini aparıb-gətirmək üçün ayrıca servis tutmalıdır. Acınacaqlısı budur ki, bir şirkətin servis maşını digər şirkətin yolla piyada gedən fəhləsini götürmür. Bu isə (şəxsən məndə) belə bir təəssürat yaradır ki, ənənəvi fəhlə sinfinin birliyinə bilərəkdən yol verməmək üçün düşünülmüş bir siyasətdir. Qeyd edək ki, bu şirkətlərin çoxu Paşa Holding-in daimi tərəfdaşlarıdır. 
Biz heç də sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələrin tərəfdarı deyilik. Lakin sahibkarlar və ya işəgötürənlər onlar üçün yaradılmış bu qədər imkanların müqabilində sıravi işçilərin əmək hüquqlarına hansı hörmətlə yanaşırlar? Məlum olduğu kimi, Azərbaycan əmək qanunvericiliyində 8 saatdan artıq olmayan iş günü nəzərdə tutulub. LİSM layihəsində isə fəhlələr 10 saat işləyir. Başqa sözlə desək, əmək müqaviləsində iş vaxtı səhər saat 9:00-dan axşam saat 17:00-dək göstərilsə də, sahibkarlar onları işə səhər saat 8-də gəlməyə məcbur edir, axşam isə saat 6-dan tez buraxmırlar. İşçilərə avans verilmir və bu azmış kimi, ilk ayın maaşı növbəti ayın sonunda ödənilir. Ən maraqlısı isə budur ki, işəgötürənlər işçilərlə bağladıqları müqavilələrin bir nüsxəsini onlara vermirlər (?). Müqavilələr növbəti aya avtomatik yenilənmək şərti ilə bir (1) aylıq müddətə bağlanır ki, bu da fəhlənin hüququ pozulduğu təqdirdə sahibkardan şikayət etmək şansını sıfıra endirir. Sahibkarlar ən az vergi və ən az əməkgünü ödəmək üçün qanunların onlara verdiyi ən cüzi imkanlardan belə maksimum yararlanmağa çalışırlar. Ona görə də sahibkarların fəhlələrə münasibətdə ədalət prinsipini rəhbər tutacağını, yaxud xalqın mənafeyini güdəcəyini gözləmək sadəlövhlük olardı. İşəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi və fəhlələrin hüquqlarının qorunması işini həyata keçirməli olan həmkarlar ittifaqının mövcudluğundan danışmağa belə dəyməz. Ümumiyyətlə, Azərbaycanda bu təşkilatların faydalı iş əmsalı sıfıra bərabərdir və onlar "qabaqdan baxanda elə ölüb ki, bir daha dirilməz, daldan baxanda elə paralanıb ki, bir daha bitişməz”. 
 

 
Mövcud vəziyyətə dövlət nəzarətini həyata keçirməli olan orqanlardan biri və bəlkə də birincisi Dövlət Əmək Müfəttişliyidir. Lakin Lənkəran DƏM xidmətinin müdir müavini R.Rəhimovun dediyinə görə, məlum prezident fərmanı ilə əlaqədar onların özəl şirkətlərin işinə müdaxilə etməyə ixtiyarı yoxdur, ancaq hər hansı fəhlə fərdi qaydada müraciət edərsə, həmin müraciət əsasında müvafiq araşdırma aparmaq olar. 
 
Qeyd edək ki, LİSM layihəsinin reallaşdırılması yerli icmanın məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Hərçənd layihəyə nəzarəti həyata keçirən PMD qrupunun nümayəndəsinin sözlərinə görə burada iş aparan şirkətlərə işçiləri ilk növbədə yerli əhali arasından seçmək tövsiyə olunur, onların heç biri rayonunun Məşğulluq Mərkəzi ilə əlaqə saxlamır. Əslində vakansiyaları Məşğulluq Mərkəzinə göndərmək heç onların ağlına gəlmir, burada heç şübhəsiz rayonun müvafiq icra hakimiyyətləri və bələdiyyə orqanlarının da günahı vardır. 
 
Ümumiyyətlə, LİSM layihəsinin rəhbərləri bir tərəfdən yuxarıda sadaladığımız məhdudlaşdırıcı tədbirlərə, digər tərəfdən Bakıdakı himayədarlarına güvənərək nə rayonun yerli icra hakimiyyətini, nə bələdiyyəsini, nə də digər yoxlayıcı orqanları vecinə almır. Misal üçün, bu yaxınlarda Lənkəranın "Ağ saray” şadlıq evində təhlükəsiz iş aylığı mövzusunda keçirilən tədbirə Dövlət Əmək Müfəttişliyi xidmətindən heç kəs dəvət olunmamışdı.
 
Vergi orqanları tərəfindən aparılan operativ nəzarət tədbirləri daxil olmaqla, bir çox vacib yoxlamalar var ki, onları yoxlayıcı orqanlar həyata keçirir və keçirməlidir. Bu yoxlamalar planlı və plandankənar olmaqla konkret sahibkarlıq subyektinin maksimum son üç ildən artıq olmayan fəaliyyət dövrünü əhatə edə bilər. Yoxlayıcı orqan dedikdə, qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı nəzərdə tutulur. Nəzərə alsaq ki, LİSM özlüyündə hüquqi şəxs deyil layihədir, gərək ki belə yoxlamalar Lenkeran Hotel and Resort Company MMC-də və onun podratçı tərəfdaşlarında aparılsın. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri"ndə belə yoxlamaların qeydə alınıb-alınmadığı hələ ki bizə məlum deyil. Reyestrdə sahibkarlıq subyektlərində aparılan və ya aparılacaq yoxlamalar, yoxlama sualların siyahısı, yoxlamanın nəticələri və s. barədə məlumatlara çıxış imkanı yalnız onların özlərinə və yoxlayıcı orqanlara məxsusdur ki, bu da Reyestrin ictimaiyyətə qapalı olması deməkdir. Amma bu məhdudlaşdırıcı tədbirlər eyni zamanda bəzi yoxlayıcı orqanlarla sahibkarlar arasında (məsələn, vergi uçotu və nəzarət məsələlərində) "isti” münasibətlərin formalaşmasına da xidmət edə bilər.
 
Yuxarıda qeyd edildiyi kimi, "Lenkaran Hotel and Resort Company" MMC Paşa Holding şirkətlər qrupuna daxildir. Lakin hamının bilmədiyi bəzi məqamlar var ki, bu da həmin obyektin özəlləşdirilməsi prosesinin necə, hansı formada aparılması, burada hansı qanun pozuntularına və saxtakarlıqlara yol verilməsi, sanatoriyanın keçmiş əməkdaşlarının hüquqlarının pozulması, həmkarlar ittifaqı təşkilatının fəhlə sinfinə xəyanəti, mülkiyyət növlərinin təfsiri və s. ilə bağlıdır. Biz bu mövzuya növbəti yazımızda ətraflı toxunacağıq. 

Alim Hüseynov, 
Lənkəran rayonu, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
10.06.2018-ci il

P.S. LİSM layihəsinə (ingiliscə adı: LSWR – Lenkaran Spring and Wellness Resort) istinad üçün aşağıdakı linklərə daxil ola bilərsiniz: 

https://www.wryoutube.com/watch/5BaDraFfSB

http://www.pro-ge.com.tr/projectdetails.aspx?ID=142
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook