SON XƏBƏR

Leyla Əliyeva: Azərbaycanın tarixi xalqlar arasında bərabərhüquqlu dialoqa nümunədir

Noyabr 01
08:06 2015
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin VI Forumu keçirilib.
 
 
"AMOR təşkilatı Rusiyada doğulub, yarandığı gündən multikultural dialoq və millətlərarası əməkdaşlıq ideyalarına sadiqdir".
 
Qlobalinfo.az xəbər verir ki, bunu Rusiya paytaxtında keçirilən Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VI Forumunda çıxış edən təşkilatın sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.
 
"Bizim ölkədə tolerantlıq sonradan qazandığımız keyfiyyət deyil, xalqımızın təbii özəlliyidir. Bu gün Azərbaycan beynəlxalq forumların, turnirlərin və tədbirlərin keçirildiyi ölkəyə çevrilib".
 
L. Əliyeva AMOR-un Rusiyada yaşayan və çalışan Azərbaycan gəncliyini birləşdirdiyini, onların Rusiya cəmiyyətinə inteqrasiyası və müasir cəmiyyətin üzvü olmağa kömək etdiyini söyləyib: "Məhz buna görə bizim üçün qarşılıqlı mədəni əlaqələr bütün səviyyələrdə vacibdir. Bizim ölkənin tarixi xalqlar arasında bərabərhüquqlu dialoqa nümunədir. Azərbaycan sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşir. Biz Qərblə Şərq arasında yerləşirik və bu bizim tariximizə, mentalitetimizin formalaşmasına aydın təsir edib. Bizim ölkədə tolerantlıq sonradan qazandığımız keyfiyyət deyil, xalqımızın təbii özəlliyidir. Bu gün Azərbaycan beynəlxalq forumların, turnirlərin və tədbirlərin keçirildiyi ölkəyə çevrilib. Bu ilin yayında Bakıda baş tutan Birinci Avropa oyunları möhtəşəm keçdi. Payızda Azərbaycan paytaxtı Şahmat üzrə dünya çempionatını qəbul etdi. 2016-cı ildə isə Bakıda Şahmat Olimpiadası keçiriləcək. Gələn il Bakıda ilk dəfə "Formula 1" yarışı təşkil olunacaq. 2017-ci ildə isə Bakı İslam oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar dünyanın bizim ölkəyə inam və hörmətinin ən yaxşı sübutudur".
 
Rusiya-Azərbaycan münasibətlərindən danışan AMOR sədri bu münasibətlərin hər zaman dostluq və mehriban qonşuluq ruhunda olduğunu vurğulayıb: "Tarix göstərir ki, Azərbaycan və Rusiya arasında fərqlilikdən daha çox oxşarlıq var. Azərbaycan və Rusiya hər zaman çoxmillətli və çoxmədəniyyətli dövlətlər olub, belə də qalacaq. Bizim ölkələrdə bir çox dinlərinin, müxtəlif millətlərin və xalqların nümayəndələrinə rast gəlmək mümkündür. Bu insanlar sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Biz bu təcrübəni bütün dünya ilə bölüşməyə hazırıq. Azərbaycan prezidenti İlham Əliyevin Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qeyd etdiyi kimi, multikulturalizmə alternativ yoxdur. Biz hər zaman qonşuluq şəraitində yaşamışıq və yaşayacağıq. Bir-birimizin seçiminə hörmət etməyə borcluyuq".
 
"AMOR gəncləri yaşadığı, təhsil aldığı ölkənin tarixi və mədəni dəyərlərinə hörmət ruhunda tərbiyə edir".
 
L. Əliyeva Azərbaycanda rus dilinə göstərilən diqqətdən də danışıb: "25 illik müstəqilliyimiz tarixində Azərbaycanda rus dilli bir məktəb də bağlanmayıb. Ali məktəblərdə Azərbaycan dili ilə yanaşı, rus dilində də tədris aparılır. Azərbaycanda rus dilinin avtoritetinin yüksək olmasının göstəricisi Bakı Slavyan Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının və Seçenov adına Birinci Tibb Universitetinin filiallarının açılmasıdır. Bizim ölkələrin nə qədər yaxın olmasını AMOR-un bütün fəaliyyəti də təsdiq edir. Bizim gənclik hər zaman Rusiya ilə bizi birləşdirən ümumi dəyərləri qoruyub saxlamağa çalışır. AMOR gəncləri yaşadığı, təhsil aldığı ölkənin tarixi və mədəni dəyərlərinə hörmət ruhunda tərbiyə edir. Bu gün AMOR-un Rusiyanın 70-dən çox regionunda nümayəndəliyi fəaliyyət göstərir. AMOR-çular Rusiyada yaşamalarına baxmayaraq, heç vaxt milli köklərini, tarixlərini unutmurlar. Tarixin parlaq səhifələri olduğu kimi, qəmgin, faciəvi səhifələri də var. Erməni təcavüzkarları tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı AMOR-un təşəbbüsü ilə bütün dünyada "Xocalıya ədalət" aksiyası keçirilir. Bu il biz Qarabağ müharibəsinin ən faciəvi səhifəsinin 23-cü ildönümünü qeyd etdik. Biz Xocalı hadisələrinə dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsini tələb edirik. İnanırıq ki, ədalətin bərpa olunmasına nail olacağıq. Dünya Xocalı soyqırımını tanıyacaq. AMOR hər il Beynəlxalq uşaqların hüquqlarının müdafiəsi gününə həsr olunmuş xeyriyyə aksiyası da keçirir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayram şənlikləri keçirilir, hədiyyələr paylanılır. AMOR təkcə uşaqlara kömək etmir. Hər il bizim təşkilatın təşəbbüsü ilə "Qanın milliyyəti yoxdur" aksiyası keçirilir".
 
Leyla Əliyeva AMOR-un fəaliyyətinin ümumilikdə maraqlı və uğurlu olduğunu qeyd edib: "Lakin biz əldə etdiklərimizlə kifayətlənməyəcəyik. Bizə daha da böyümək lazımdır. Qarşıda bizi uzun yol və çoxlu maraqlı layihələr, ideyalar gözləyir. Əminəm ki, biz birlikdə bütün problemlərin öhdəsindən gələ, ölkələrimiz və xalqlarımızın rifahı naminə daha çox şey edə bilərik".
 


Forumda çıxış edən Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyasında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycanda dövlət gənclər siyasətinin istiqamətlərindən biri gənclərin əməkdaşlığını və ölkə hüdudlarından kənarda gənclər təşkilatlarının inkişafını dəstəkləməkdir.
 

 
Təhsil naziri Mikayıl Cabbarov isə təhsil sahəsində qonşu Rusiya ilə hər zaman münasibətlərin yüksək olduğunu söylədi. "Azərbaycanda Respublikasında təhsilin inkişafı Dövlət Strategiyası” üzrə aparılan islahatlar barədə məlumat verən nazir, bu proses çərçivəsində iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirildiyini vurğulayıb.
 


Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Bakıda keçirilən Birinci Avropa oyunlarının Qafqaz və Rusiya üçün əhəmiyyətindən və Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsindən danışıb. Azərbaycan gənclərinin Rusiyanın ictimai həyatında hər zaman fəal olduğunu qeyd edib. Dövlət dumasının deputatı Leonid Slutski isə AMOR-un çoxşaxəli fəaliyyətini və onun rəhbəri Leyla Əliyevanın şəxsi töhfəsini yüksək qiymətləndirib. Azərbaycanın günü gündən inkifaşını vurğulayan Leonid Slutski ölkə rəhbəri İlham Əliyevi Azərbaycanı inamla irəli apardığını söyləyib.
 
 

Rusiya Prezidentin humanitar məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə gənclər hərəkatının lideri Leyla Əliyevanın Rusiyanın gənclər təşkilatları ilə əməkdaşlığından, Rusiya-Azərbaycan humanitar əlaqələrinin möhkəmlənməsinə istiqamətlənmiş fəaliyyətindən danışdıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında qeyd edib ki, azərbaycanlı gənclər müxtəlif tədbirlər keçirməklə bu ölkənin cəmiyyətinə inteqrasiya edirlər və bu, çox vacibdir. Diplomat Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Leyla Əliyevanın rəhbərliyi ilə bu ölkədə xeyriyyəçilik layihələrinin həyata keçirdiyini xüsusi vurğulayıb.
 
Forum çərçivəsində AMOR-un hesabat-seçki konfransı da keçirilib. Forumda "Azərbaycan və yeni dövrün çağırışları”, "İDEA - bir bir torpaq, bir gələcək”, "Ədalət səfiri ol”, "Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, "Gənclər karyera inkişafı: sahibkarlıq və uğura aparan yol” mövzularında bölmələr təşkil olunub.
 
Forumun sonunda Leyla Əliyeva tərəfindən Rusiya ali məktəblərində əlaçı olan tələbələr mükafatlandırılıb.
 
Qeyd edək ki, forumun yekununda Azərbaycan və Rusiya incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramının təşkili planlaşdırılsa da, AMOR sədri Leyla Əliyeva Misirin Sinay yarımadasında 224 nəfərin olduğu Rusiya təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq konsert proqramı ləğv edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook