Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının altıncı turunun oyunlarına baxıb- FOTOLAR
Sentyabr 09
00:04
2016
Sentyabrın 8-də "Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının altıncı turu keçirilib.
Qlobal.az xəbər verir ki, Olimpiadanın yeddinci günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Crystal Hall”a gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.
Leyla Əliyeva əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb.
Fondun vitse-prezidenti kişilərdən ibarət Rusiya yığmasının kapitanı Andrey Filatov ilə də görüşüb, komandasına uğurlar arzulayıb.
Sonra Leyla Əliyeva Norveç komandasının üzvü, hazırkı dünya çempionu Maqnus Karlsen ilə filippinli Xulio Katalino Sadorra arasındakı görüşdə ilk gedişi edib.
Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Leyla Əliyevaya məlumat verib ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Bakı Olimpiadasında 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.
Sonra Leyla Əliyeva Olimpiadanın sərgi salonuna baxıb.
Bildirilib ki, Olimpiadanın tamaşaçılarına "Baku Crystal Hall”da təşkil olunan sərgidə iştirak etmək imkanı verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur. Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır. Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilərlər.
(Azərtac)
Qlobal.az