SON XƏBƏR

Leyla Yunus İran casuslarının adlarını “siyasi məhbus” siyahısına saldı

Oktyabr 06
11:23 2023
Hüquq müdafiəçisindən sərt reaksiya: "Azərbaycana sanksiya tətbiq etmək üçün kampaniya həyata keçirilir, özünə azərbaycanlı deyən bəzi ”hüquq müdafiəçiləri" də bu çirkin kampaniyanın alətinə çevriliblər"

"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 235 nəfər daxildir.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər.

Siyasi məhbuslar 8 qrupa bölünüb:

"Jurnalistlər və blogerlər” - 6 nəfər;

"Hüquq müdafiəçiləri” - 2 nəfər

"Müxalifət partiyaları və hərəkatlarının üzvləri” - 11;

"Almaniyadan deportasiya olunan siyasi mühacirlər” - 5;

Dindarlar" - 171;

"Tərtər işi üzrə mühakimə olunanlar” - 7;

"Gəncə işi üzrə mühakimə olunanlar ” - 22;

"Ömürlük məhkumlar” - 11.

"Hüquq müdafiəçiləri”ndən ibarət ikinci qrup yenidir və iyulun 31-də açıqlanmış əvvəlki siyahıda (ümumilikdə, bu siyahıda 204 nəfər olub) olmayıb.

"Dindarlar” qrupuna 171 soyad, o cümlədən "Nardaran işi” üzrə fiqurantlar, bir neçə ilahiyyatçı, habelə ötən ilin yayından bu ilin sentyabrına qədər həbs olunmuş dindar qrupu daxildir. Əvvəlki siyahı ilə müqayisədə bu kateqoriyadan bir dindar çıxıb (Ceyhun Babaşov səhhətinin kəskin pisləşməsi səbəbindən həbsdən azad edilib). Lakin siyahıda "Müsəlman Birliyi” Hərəkatı İdarə Heyətinin üzvü Ağəli Yəhya da daxil olmaqla, 25 yeni dindar yer alıb. Həbs olunanların hamısı narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Leyla Yunusun "siyasi məhbus” siyahısına saldıqlarının böyük əksəriyyəti İrana casusluq etdikləri üçün saxlanılıblar və bunu sübut edən çoxsaylı təkzibolunmaz sübutlar da var.

Bəs bu siyahını beynəlxalq təşkilatlar nə qədər mötəbər hesab edir? Erməni dairələr Azərbaycana qarşı sanksiyalar tələb edərkən bu siyahının ortaya çıxması təsadüfdürmü?

Çingiz Qənizadə: "İstəyimiz budur ki, bölgədə sülh, əmin-amanlıq olsun"
 


Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə "Yeni Müsavat”a bildirdi ki, Leyla Yunusun fəaliyyəti hər kəsə məlumdur. Leyla Yunus hələ Azərbaycanda yaşadığı zamanlarda da müxtəlif qrupların təsiri altında müəyyən maraqlar çərçivəsində, qarşılığında siyahıya məhbusların adını daxil edirdi: "Bununla bağlı onunla çox ciddi mübahisələrim yaranırdı. Təmsil olunduğum Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri də Leyla Yunusu bu cür siyahılar tərtib etdiyi üçün həmişə qınayıblar. Lakin heç bir qınaqdan Leyla Yunus nəticə çıxarmırdı. Bu gün də nəticə çıxarmır və eyni yanlışlıqlarını davam etdirir. Ölkədən getdikdən sonra hakimiyyətə düşmən baxışları daha da artıb və bu düşmənçiliyin təsiri altında Azərbaycanda hər şeyi qara rəngdə görür. Azərbaycana beynəlxalq təzyiqlərin olması üçün hər cür çirkin yalançı siyahıların tərtibatı ilə məşğuldur. Artıq xeyli vaxtdır Leyla Yunus və onun kimi bəzi şəxslər Azərbaycana düşmən kəsildiklərini açıq nümayiş etdirirlər. Azərbaycanda yaşamadan, məhkəmə və istintaq materialları ilə tanış olmadan kiminsə zəngi əsasında "siyasi məhbus" siyahısı tərtib etmək və beynəlxalq təşkilatlara göndərmək təbii ki, qərəzlidir və qeyd etdiyim düşmənçilikdən qaynaqlanır. Azərbaycana qarşı casusluqda ittiham olunan adamların belə, adını "siyasi məhbus” siyahısına daxil etməyin başqa adı yoxdur. "Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq” adlı hansısa təşkilatın adından hazırlanan siyahıda Elşən Həsənov adlı şəxsin imzası var, mən onu heç ümumiyyətlə tanımıram. Bilmirəm bu adam nə vaxtdan hüquq müdafiəçisi kimi peyda olub, kimə xidmət edir. Leyla Yunusla əlbir olan şəxsdən və təşkilatdan düzgün heç nə gözləmək olmaz. Onların hazırladığı siyahıda 235 nəfərin adının qeyd olunması və hətta "siyasi məhbuslar”ın 8 qrupa bölünməsi absurddur. Biz də hüquq müdafiəçiliyi ilə məşğul oluruq və Monitorinq Qrupuna daxil olan hər bir sənədi kifayət qədər araşdırırıq. Əməlində cinayət tərkibi olan şəxsləri onun siyasi baxışları fərqli olsa da, biz onu siyasi məhbus siyahısına sala bilmərik. Cinayət etmiş şəxslər siyasi mövqeyindən asılı olmayaraq əməlinə görə məsuliyyət daşımalıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvü olan sabiq icra başçıları, müxtəlif vəzifələr tutmuş şəxslər də həbsdədir. Onlar da konkret cinayət əməllərinə görə həbs ediliblər. Yəni siyasi, dini baxışlarından, hansı vəzifədə təmsil olunmağından asılı olmayaraq şəxs cinayət əməli törədibsə, cinayət məsuliyyətinə cəlb olunur. Buna görə şəxsi siyasi məhbus adlandırmaq olmaz".

Hüquq müdafiəçisi qeyd etdi ki, "Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın hazırladığı saxta siyahıya ciddi əhəmiyyət verilmir. Sadəcə olaraq, diqqəti o cəlb edir ki, Azərbaycan Xankəndidə və digər bölgələrimizdə separatizmi çökdürdükdən və suverenliyimizi həmin ərazilərdə bərpa etdikdən dərhal sonra adıçəkilən ittifaqın tələm-tələsik yeni siyahı tərtib etməsi, siyahını böyütməsi və beynəlxalq təşkilatlara göndərməsi Azərbaycan dövlətinə, xalqına qarşı xəyanətdir. Bu xəyanətin arxasında erməni lobbisinin dayandığı ehtimalı kifayət qədər yüksəkdir: "Erməni lobbisi Leyla Yunus və Elşən Həsənov kimi "hüquq müdafiəçiləri"nin əli ilə Azərbaycanı beynəlxalq təşkilatların və Fransa kimi dövlətlərin hədəfinə çıxarmağa çalışır. Azərbaycana sanksiya tətbiq etmək üçün kampaniya həyata keçirilir. Təəssüf ki, özünə azərbaycanlı deyən bəzi "hüquq müdafiəçiləri” də bu çirkin kampaniyanın alətinə çevriliblər. Bu "hüquq müdafiəçiləri”nin hazırladığı "siyasi məhbus” siyahısı Azərbaycana qarşı hansısa qətnamələrin və sanksiyaların qəbul edilməsi üçün ermənilərin, Fransa kimi dövlətlərin əlinə bəhanə vermək kimi qəbul edilməlidir. Çünki ermənilər bundan istifadə edəcəklər və bəyan edəcəklər ki, Qarabağdan köçmüş ermənilərin geri qayıtması həm də ona görə mümkün deyil ki, Azərbaycanda insanların hüquq və azadlıqları pozulur, hazırda 235 nəfər siyasi məhbus var və sairə. Xəyanətkarlar Azərbaycana qarşı diş qıcayan və fürsət gözləyən qüvvələrə yardım etməklə məşğuldurlar. Saxta "siyasi məhbus” siyahısını hazırlayıb təqdim etməyi başqa cür adlandırmaq mümkün deyil. Bu qondarma "hüquq müdafiçiləri” ermənilərin və ermənipərəst dövlətlərin əlində oyuncağa çevriliblər".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook