Lökbatandan Şəki, Qazax və Yevlaxa uzanan “sirli biznes”in sahibi kimdir?
Sentyabr 20
17:06
2022
Şəki Pedaqoji Texnikimu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Rn Corp 22” MMC (VÖEN- 1102636981) olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Rn Corp 22” MMC Şəki Pedaqoji Texnikimunun sifarişi əsasında əsaslı və cari təmir işləri görəcək və qarşılığında 56 min 152 manat 24 qəpik alacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsi 25.08.2022-ci il tarixində elan olunub. "Rn Corp 22” MMC təxminən 2 ay əvvəl – 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, "Rn Corp 22” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 2 ay əvvəl yaranan və 56 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğludur.
Onu da qeyd edək ki, Məhərrəmov Rövşən Baladadaş oğlunun qanuni təmsilçi olduğu və Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 ünvanında qeydiyyatda olan daha bir şirkət – "Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat, iki ay sonra isə Qazax Dövlət Sosial İqtisad Kollecinin keçirdiyi 31 min 300 manat dəyərində tender müsabiqəsində qalib olub.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Qlobal.az