SON XƏBƏR

"Ölkəyə xəstə məhsullar gətirilir" - Ekspert

İyun 30
00:41 2017
Qazaxıstan iyunun 10-dan 23-dək Azərbaycandan aldığı 81,5 ton kartofu fitosanitar nəzarətdən keçə bilmədiyi üçün geri qaytarıb.


Bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 


Məlumatda deyilir ki, göstərilən müddətdə Qazaxıstan ərazisinə gətirilən yüksək fitosanitar riskli karantinli məhsulların yoxlanışı zamanı bitki karantini sahəsində Qazaxıstan Respublikası və Avrasiya İqtisadi Birliyi qanunvericiliyinin pozulduğu səkkiz hal aşkar edilib.


Azərbaycandan kartof idxalı zaman karantin obyektinin (qızılı kartof nematodu – red.) aşkarlanması üzrə dörd hal aşkar edilib.


Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov ToplumTv-yə bildirib ki, bu zərərverici karantin obyektidir və insan orqanizminə mənfi təsiri var: "Bu, fermerlərin gəlirini azaldan və ümumiyyətlə, kənd təsərrüfatını sıradan çıxarda biləcək haldır. Digər tərəfdən aşkarlanan virusun insan orqanizminə ciddi ziyanı var. Bu günə kimi alimlər hesab edirdilər ki, bitkilərdə olan xəstəliklərin  insan orqanizminə ziyanı yoxdur. Lakin son zamanlar aparılan araşdırmalar göstərir ki, həmin zərərvericilər insan orqanizminə çox ciddi problem yaradır”. 


Ekspert qeyd edib ki, bu sahədə ciddi nəzarət yoxdur. O hesab edir ki, həm ölkəyə zərərvericilərin olduğu xəstə məhsullar gətirilir, həm də ölkədən belə məhsullar ixrac edilir: "Kənd Təsərrüfatı Nazirliyi bu sahəni başlı başına buraxıb. Ölkədə 10 il bundan öncə mövcud olmayan xəstəliklər artıq gətirilib. Hamısı da karantin obyektləridir və kənd təsərrüfatına ciddi ziyanı var. Ümumiyyətlə bizim kənd təsərrüfatında olan problemləri həll etməyimiz üçün külli miqdarda maliyyəyə ehtiyacımız var. Bu sahə ilə bağlı ciddi peşəkarlara ehtiyacımız olacaq. Yaxın zamanlarda bu məsələlər öz həllini tapmayacaq".


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziya Toplum.Tv-yə bildirib ki, məsələ araşdırılır: "Hazırda Qazaxıstan tərəfi ilə birlikdə məsələ ilə bağlı araşdırma aparırıq və araşdırmanın nəticəsi məlum olduqdan sonra mətbuata məlumat verəcəyik".  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook