SON XƏBƏR

Lukaşenko: “Nə qədər istəsələr də, burada bir Maydan olmaz”

Avqust 11
12:38 2020
Lukaşenko etirazçıları "xaricdən yönləndirilən qoyunlar” adlandırıb

Yenidən Belarus prezidenti seçildiyi elan edilən Lukaşenko seçki nəticələrinə etiraz edənləri "xaricdən yönləndirilən qoyunlar” adlandırıb, -"Deutsche Welle Türkçə” xəbər verir.

"Polşadan, İngiltərədən və Çexiyadan zənglər gəldi. Bağışlayın, qoyunlarımızı istiqamətləndirirlər”,- ölkəni 26 ildir idarə edən Lukaşenko dünən seçki nəticələri elan olunduqdan sonra etiraz etmək üçün küçələrə çıxan nümayişçilər haqda deyib.

"Nə qədər istəsələr də, burada bir Maydan olmaz”,- Lukaşenko deyib. 

O, ölkənin bölünməsinə icazə verməyəcəyini qeyd edib.

Belarus Seçki Komissiyasının açıqladığı qeyri-rəsmi nəticələrə görə, Lukaşenko 80,2% səs, müxalifət namizədi Svetlana Tixonovskaya (Tihanovskaya) isə 9,9% səs qazanıb. Seçkilərdəki saxtakarlıqları söykəyən Tixonovskaya özünü seçkinin qalibi elan edərək Lukaşenkodan geri çəkilməsini tələb edib.

Bazar günü axşam paytaxt Minskdə baş verən etiraz aksiyalarına minlərlə insan qatılıb. Səsvermə başa çatdıqdan sonra elan edilən nümayişin qadağan edilməsinə baxmayaraq, etirazlara su topu və plastik güllələrlə müdaxilə edib. Daxili İşlər Nazirliyinin məlumatlarına görə, ölkə daxilindəki nümayişlərdə təxminən 3 min adam nəzarətə alınıb, yüzə yaxın nümayişçi və polis əməkdaşı yaralanıb. Nümayişçilər seçkilərin manipulyasiya edildiyini iddia edirlər.

Belarusdakı seçkilər Avropa İttifaqının (Aİ) sərt reaksiyasına səbəb olub. Aİ Komissiyasının prezidenti Ursula von der Leyen Belarus rəsmilərinin seçki nəticələrini araşdırmağa çağırıb və səslərin tamamilə sayılmalı və nəticələrin bu şəkildə elan edilməli olduğunu vurğulayıb.

Von der Leyen seçkilərdən sonra təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı aqressiv münasibətini qınayıb və qeyd edib ki, Avropada zorakılıq tətbiq edərək dinc etirazları yatırtmaq üçün yer yoxdur. "Əsas hüquqlara hörmət edilməlidir”,- o deyib.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Aİ-nin Genişlənmə üzrə Komissarı Oliver Varhelyi birgə açıqlamada seçkilərin "qeyri-bərabər və qəbuledilməz dövlət zorakılığı ilə kölgədə qaldığını” bəyan edib. Zorakılığı qınayan rəsmilər dünən bütün nəzarətə alınmış nümayişçilərin sərbəst buraxılmasını tələb ediblər. Onlar Belarus hakimiyyətini dinc nümayiş hüququna hörmət etməyə çağırıblar.///Meydan.Tv


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook