SON XƏBƏR

“Made in Azerbaijan” brendinin layiqli təmsilçisi STP “Power Almatı” sərgisində iştirak edir - FOTO

Oktyabr 26
16:51 2019
Azərbaycanın ən böyük kabel ixracatçısı olan Sumqayıt Texnologiyalar Parkı "Made in Azerbaijan” markasını xarici bazarlarda uğurla tanıtmağa davam edir

Qazaxıstanın Almatı şəhərində 23-25 oktyabr, 2019-cu il tarixlərində təşkil olunan Enerji, elektrik avadanlıqları və maşınqayırma sahələrini əhatə edən 18-ci "Power Almaty” sərgisində iştirak edən Texnopark "STP Kabel” adı altında istehsal etdiyi alçaq, orta, yüksək və ifrat yüksək gərginlikli kabel məhsullarını nümayişə çıxarıb. 

"Power Almaty” sərgisində iştirak etməklə STP öz məhsul və imkanlarını Qazaxıstanla yanaşı Rusiya,  Qırğızıstan, Özbəkistan kimi qonşu dövlətlərinə də tanıtmaq, satış coğrafiyasını genişləndirmək məqsədi güdür.  

Qazaxıstan "STP Kabel” məhsullarının etibar qazandığı və ən çox ixrac olunan ölkədir. Müəssisə son illər Almaniya, Rusiya, Türkiyə və Çin kimi ölkələri qabaqlayaraq Ogtoqay Dağ Mədəni və Tengiz Neft Yatağı kimi iri layihələrin tenderində qalib gəlib və böyük həcmli kabel satışı həyata keçirib.  

Texnoparkın stend və komandası ziyarətçilərin və təşkilatçıların xüsusi marağına səbəb olub və təşkilatçılar tərəfindən "Best stand Team” mükafatına layiq görülüb.  

"Power Expo Almaty” sərgisi 2001-ci ildən başlayaraq hər il keçirilir. Ən müasir avadanlıqlar, məhsullar və xidmətlər sərgilənən tədbir biznes görüşlərinin keçirilməsi, təcrübə mübadiləsi, yeni əlaqələr qurulması və işgüzar əlaqələrinin qurulması üçün çox faydalı platformadır. Qazaxıstan Respublikası Enerji Nazirliyi, Almatı Şəhər İcra Hakimiyyəti və Qazaxıstan Elektrik Birliyi kimi qurumlar tərəfindən dəstək göstərilən sərgi Azərbaycan da daxil olmaqla Avstriya, Belarus, Almaniya, İran, İtaliya,  Çin, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Çex respublikaları olmaqla 13-ə yaxın ölkəni cəlb edə bilib. Bu ölkələrdən ümumilikdə 120-yə yaxın  şirkət öz məhsul və xidmətlərini  nümayişə çıxarıb. Tədbir ərzində Qazaxıstan, Qırğızıstan və Özbəkistanı təmsil edən mütəxəssislər, müəssisələrin rəhbərləri də daxil olmaqla 2 mindən çox ziyarətçinin gəlməsi gözlənilir.
 
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.

Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook