Makronun Haiti rəhbərliyini “axmaq” adlandırması qalmaqala səbəb olub
Noyabr 23
09:02
2024
Fransa Prezidenti Emmanuel Makronun Haiti liderlərini "axmaq” adlandırması ölkələr arasında qalmaqala səbəb olub.
"Report” xəbər verir ki, bu barədə "The Guardian” yazıb.
Nəşrin yazdığına görə, Haiti hökuməti Makronun "dostyana olmayan və yersiz” şərhlərinə etiraz etmək üçün ölkədəki Fransa səfirini çağırıb.
Belə ki, çərşənbə günü Fransa Prezidenti Karib ölkəsindəki vəziyyəti şərh edərkən Haitinin keçid prezident şurasının baş naziri vəzifəsindən kənarlaşdırılması barədə qərarını "tamamilə axmaqca” adlandırıb. Bu qərar noyabrın əvvəlində silahlı qarşıdurmaların kəskinləşməsi fonunda qəbul edilib.
Bu sözlərdən sonra Braziliyada Fransa Prezidenti şura ilə fikir ayrılığına görə hakimiyyətdən kənarlaşdırılan Haitinin keçmiş baş naziri Ariel Anrini tərifləyib. Makron onun böyük lider olduğunu söyləyib.
"Onlar tam axmaqdırlar, onu işdən çıxarmamalı idilər”, – Fransa lideri qeyd edib.
"Fransa heç vaxt böhrandan üz çevirməyəcək... Faciə qarşısında heç vaxt ikili standartlar olmayacaq, istər Haitidə, istər Venesuelada, istərsə də Avropanın qapısında”, – Makron vurğulayıb.
Nəşr qeyd edib ki, Haiti rəhbərliyi daxili çəkişmələrlə parçalanıb və təhlükəsizliyi bərpa etmək və seçkilərə zəmin hazırlamaq tapşırığı verilən keçid prezident şurasının üç üzvü korrupsiyada ittiham olunur. Onlar öz vəzifələrində qalırlar.