SON XƏBƏR

Manat tam “üzən məzənnə”yə keçdi - banklara sərbəstlik verildi

Yanvar 13
11:18 2017
Ekspertlər milli valyutanın durumunu müzakirə edirlər, manat hansı həddə saxlanacaq?

İki gün əvvəl ölkədə bank rəhbərlərinin fövqəladə iclası çağırılıb. Baş bankir Elman Rüstəmovla bank rəhbərlərinin görüşündən dərhal sonra isə bankların dollar satışı ilə bağlı 4 faizlik marjanın ləğv ediləcəyi açıqlanıb. Yanvarın 12-dən valyuta bazarında sərbəstlik əldə edən bankların məzənnəni özləri müəyyənləşdirəcəyi bildirilib. 

Bundan sonra isə yeni formatda ilk valyuta hərracı baş tutub və dollar yenə bahalaşıb. Bildirilir ki, Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilib və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7867 səviyyəsində formalaşıb. Həmçinin yeni qaydalara əsasən, bundan sonra Mərkəzi Bank hərraca çıxarılan valyutanın həcmini öncədən bəyan edəcək. Gələn həftədən isə hərracların I, III və V günlər keçirilməsi qərara alınıb. 

Ekspertlər 4 faizlik marjanın ləğvinin hansı nəticələrə gətirib çıxaracağını musavat.com-a açıqlayıblar. Ekspert Natiq Cəfərli musavat.com-a bildirib ki, əslində son zamanlar rəsmi marjanın heç bir əhəmiyyəti qalmamışdı: "Çünki dörd faizlik marjanın olması ”qara bazar"ın yaranmasına bir yol açmışdı. Banklar əllərində olan az valyutanı özləri deyil, "qara bazar” vasitəsilə sataraq 4 faizlik marjanı aşırdılar. İndi reallığı qəbul edib buna uyğun valyuta-bank münasibətlərini qurmağa ehtiyac yaranıb. Ona görə də bu formallığın ləğv olunması lazım idi, qaçılmaz idi. Bu zaman bankların daha sərbəst şəkildə valyuta ilə bağlı qiymət siyasəti həyata keçirmək imkanı yaranacaq. Amma hər halda, rəsmi məzənnədən çox böyük fərqlərin olması ehtimalı da qalır. Rəsmi məzənnə ətrafında alqı-satqı həyata keçiriləcək və bankların bir-biri ilə rəqabəti əsasında məzənnə müəyyən olunacaq. Növbəti addım kimi gözlənti ondan ibarətdir ki, valyutadəyişmə məntəqələri açılacaq. Bunun qapadılması da doğru qərar deyildi, heç bir effekt vermədi, ajiotajı aşağı salmadı. Əksinə, valyutaya çıxış imkanlarını məhdudlaşdırdı. Alınan qərar bazar iqtisadiyyatı qaydalarına uyğun bir qərardır və formallığa çevrilmiş bu dörd faizlik marjanın ləğvinin zamanı yetişmişdi". 

Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında qeyd edib ki, bu barədə ekspertlər dəfələrlə təkliflər veriblər: "Əgər həqiqətən də tam üzən məzənnəyə keçəcəyiksə, vacib şərtlərdən biri odur ki, banklara olan 4 faizlik marja tələbi aradan qaldırılsın. Üzənin əl-qolunu bağlamaq olmaz. Bu 4 faizlik marja ilə bankların əl-qolu bağlanmışdı, bu səbəbdən də banklar dollar satmırdı, dolları ”qara bazar"a verirdilər. Yəni buna görə həqiqətən də Mərkəzi Bank manatın real qiyməti üçün vacib olan meyarlardan birinə riayət etmiş olacaq. Artıq banklar istədiyi məzənnə ilə valyuta satacaqlar. Marjanın ləğvi o demək deyil ki, Mərkəzi Bank bazara müdaxilə edə bilməz. Amma bu halda Mərkəzi Bank dollar satmağa məcbur deyil, istəyəndə satacaq. Hesab edirəm ki, bu, düzgün addımdır, manatın tam üzməsi üçün vacibdir. Bu halda "qara bazar”a ehtiyac olmayacaq". 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook