Mariya Stadnik qızıl medalı qazana bilmədi
Avqust 17
23:56
2016
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsindəki 28 yaşlı pəhləvanın həlledici görüşdə rəqibi yaponiyalı 3 qat dünya çempionu Eri Tosaka olub.
Görüşün əvvəlində Stadnik rəqibinin ayağından tutaraq, onu xalçadan kənara çıxarıb. Bu, ona ilk xalı gətirib. Birinci hissə Azərbaycan güləşçisinin 1:0 hesablı üstünlüyü ilə tamamlanıb. İkinci yarıda Tosaka ona verilən vaxtdan faydalanaraq, hücum edə bilmədiyi üçün Stadnikə daha bir xal verilib. Bundan sonra onun özünə 30 saniyə ərzində xal qazanmaq imkanı verilib. Lakin Stadnik bundan yararlanmadığı üçün fərq 1-ə enib.
Son saniyələrdə isə yaponiyalı güləşçi fənd tətbiq edərək, qələbəyə nail olub. Bununla da Azərbaycan güləşçisi ilk olimpiya çempionluğu şansını əldən verib.
Bununla da Azərbaycan "Rio-2016"da 6-cı medalını əldə edib və aktivindəki gümüşlə bürünc medalların sayını bərabərləşdirib. Daha öncə cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medal qazanıb.
Qlobal.az