"Marsda “suvuran” qüllələr aşkar edilib" – NASA
Noyabr 30
08:56
2019
Beynəlxalq tədqiqatçılar qrupu marsoxodların və orbital kosmik aparatların məlumatlarını təhlil edərək Marsda günəş şüalarının təsiri altında isinən və Qırmızı planetin səthindən su buxarını çıxararaq qaldıran toz qüllələri aşkar edib.
AZƏRTAC ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Geophysical Research” nəşrində dərc olunub. Mühüm kəşf "Opportunity” marsoxodu və "Mars Reconnaissance Orbiter” orbital aparatının çoxsaylı məlumatları sayəsində edilib. Məlum olduğu kimi, 2018-ci ildə "Opportunity” marsoxodu qlobal toz fırtınasına məruz qalıb. Lakin bu əsnada missiya çox qiymətli məlumatlar əldə edə bilib. Alimlər toz qüllələri adlanan toz buludlarını üzə çıxarıblar. Onların Marsın səthindən çox hündürə qalxdıqları və tərkibində su buxarı olduğu məlum olub. Belə ki, su buxarı sürətlə kosmosa atılır və günəş radiasiyası onu molekullara parçalayır. Bu kəşf milyardlarla il bundan əvvəl Marsda suyun necə yoxa çıxdığını izah etməyə imkan verə bilər.
Tədqiqatçıların sözlərinə görə, toz qüllələri massiv və köpüklənən buludlardır və Marsın nazik atmosferində olan adi tozdan fərqlənir. Ehtimal olunur ki, onlar qlobal fırtınalar vaxtı meydana gəlirlər.