SON XƏBƏR

Masazırda qanunsuz şəhər salınıb (İDDİA)

Oktyabr 09
11:27 2018
Abşeron rayonu Masazır qəsəbəsində yerləşən, uzun müddət KVN-çi aktyorlar tərəfindən geniş reklam olunan "Yeni Bakı” yaşayış kompleksinin əslində şəhərin hər tərəfini bürüyən "qanunsuz tikili” kateqoriyasına aid olduğu üzə çıxıb. 

Qlobal.az virtualaz.org-a istinadən xəbər verir ki, bu şəhərciyin sakinləri illərdir ki, öz evlərinə dövlət reyestrindən çıxarış ("kupça”) ala bilmirlər və ötən həftə sonu küçəyə çıxaraq kütləvi etirazlarını bildiriblər.


Sakinlərin kütləvi narazılıqlarına dair sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən "İlin dörd fəsli” MTK tikinti şirkəti tərəfindən inşa olunan kompleksin minlərlə sakini rəhbərlik tərəfindən aldadılıb, onlara hər dəfə 3-5 aya "kupça” ilə təmin olunacaqları bildirilib. İndi isə məlum olub ki, kompleksin yerləşdiyi 13 hektar ərazi əslində əkin təyinatlı imiş və burada ev tikilməsi qeyri-qanunidir. Sakinlərin bildirdiyinə görə, bunu da evlərinə qanuni sənəd düzəltmək üçün "ASAN Xidmət”ə müraciət edərkən öyrəniblər.

Hazırda 57 binadan, 3200 mənzildən ibarət kompleksdə 10 min sakin qeydiyyatsız yaşayır. Qeyd etmək lazımdır ki, Bakıda əslində qanunsuz tikili statusunda olan və yeni tikilən çoxmərtəbəli yaşayış binalarının sayı yüzlərlədir. Tikinti şirkətləri binanın özülünü qazan kimi hələ hazır olmamış mənzilləri satır, binanı tikib qurtarandan sonra isə məlum olur ki, şirkət ya vergini ödəməyib, ya tikinti aparılan torpaq sahəsi üçün icazə sənədləri qaydasında deyil, yaxud bina istismara qəbul edilmək üçün yarasızdır. Nəticədə belə binaların sakinləri mənzilləri üçün çıxarış ala bilmir.

"Yeni Bakı” yaşayış kompleksində isə vəziyyət daha da mürəkkəb və görünməmiş miqyasdadır. Çünki əkin təyinatlı hektarlarla torpaq sahəsində illər ərzində 57 çoxmərtəbəli bina tikilib, mənzillər satılıb, amma bütün bu vaxt ərzində tikinti aparılması qanunsuz olan torpaq sahəsi üzərində salınan şəhərciyin qanunsuz olduğuna heç kim diqqət yetirməyib.

Qeyd edək ki, "İlin 4 fəsli" MTK-nın "Yeni Bakı" yaşayış kompleksi ilə bağlı reklam rolikində orada mənzil almağın əsas üstünlüklərindən biri kimi bütün mənzillərin "kupça" ilə təmin olunacağı göstərilirdi. Amma həmin reklamın çəkilməsindən illər keçsə də kompleksin sakinləri "kupça" üzü görməyiblər. Üstəlik onların mənzillərə mülkiyyət hüququnu verən bu sənədi nə zaman alacağı da üfüqdə görünmür.

"Bəzi sakinlər rayonda qeydiyyatdadırlar, bəzilərimiz polis idarəsində. Bir sənəd lazım olanda rayona getməli oluruq, arayış lazım olanda ala bilmirik. Dəfələrlə şirkət rəhbərliyinə müraciət etmişik, onlara belə sərf etdiyinə görə, bizi veclərinə almırlar. Çünki hər dəfə ev alqı-satqısı edəndə sakinlərdən 3 min manat pul alırlar. Kompleksdə mühafizəçi işləyən Elçin adlı şəxs özünü qoçu kimi aparır, şikayət etmək istəyən sakinləri hədələyir, təhqir edir”, - deyə sakinlər bildirirlər.

Onların sözlərinə görə, bir neçə gün əvvəl 70 sakinin imza atdığı şikayət məktubunu da həmin Elçin adlı şəxs təhqiredici və nalayiq ifadələrlə hədələyərək əllərindən alıb.

Kompleksdə yaşayan Fərid Həsənov deyir ki, bina sakinlərinin "Azərişıq” ASC-yə heç bir borcu olmasa da, şirkət rəhbərliyi onların işığını da kəsə bilir: "5-6 ildir ki, burada yaşayırıq, hər il "kupça” verəcəklərini vəd edirlər, amma hələ də verilməyib. Mənzilə görə tələb elədikləri kommunal ödənişi 3 gün gecikdirdiyimə görə işığımızı kəsdilər. Halbuki, "Azərişığ”a borcum yox idi. Uşaqlı evdir, mən istəmirəm ki, belə qanunsuzluq, özbaşınalıq davam eləsin. Bunlara bir yox deyən tapılsın. Polisə də müraciət edirik, onları da saymırlar. Cənab prezidentdən xahiş edirik ki, bizə kömək eləsin”, - deyə sakin bildirir.

Sakin deyir ki, şirkət rəhbərliyi illərdir onları aldadır, hər dəfə 3-5 aya "kupça” veriləcəyini, Novruz bayramında və ya Yeni il də onları sevindirəcəklərini deyərək yola verirlər.

Bəs əkin təyinatlı torpaqda "Yeni Bakı” kompleksi necə tikilib? Şirkətə bu icazəni kim verib? Bu suallara aydınlıq gətirmək üçün "İlin dörd fəsli” MTK-ya şirkətinə zəng etdik. Məlum oldu ki, şirkətin saytında əlaqə üçün qoyulmuş əksər nömrələri gələn zənglərə cavab vermir. Şirkətin baş ofisindən telefon zənginə cavab verən və özünü Abdul kimi təqdim edən şəxs isə "kupça” ilə bağlı heç nə bilmədiyini dedi, əkin təyinatlı torpaqda bina tikintisinə icazənin kim tərəfindən verilməsini izah edə bilmədi.

Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatının dəyişdirilməsi yerli icra hakimiyyəti orqanı tərəfindən Nazirlər Kabinetinə müraciət edilməlidir, yalnız Nazirlər Kabineti torpağın təyinatını dəyişdirəndən sonra orada tikinti aparılmasına icazə verilə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook