Məhəmməd ağa Şahtaxtinski
Mart 18
16:38
2016
Şahtaxtlı, Şahtaxtinski Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlu (1846, Şərur rayonunun Şahtaxtı kəndi. - 12.12.1931, Bakı) - publisist, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim.
Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq "Asiya cəmiyyəti" (1900) və Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü. Bakı Universitetinin professoru (1920).
Naxçıvan şəhər məktəbini və Tiflis klassik kişi gimnaziyasını (1863) qurtardıqdan sonra, Peterburqda müstəqil yolla alman dilini öyrənmişdir. Leypsiq Universitetitinin fəlsəfə, tarix və hüquq fakültəsini bitirmişdir (1869). 1873-1875 illərdə Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləmiş, fransız dilini öyrənmişdir. Azərbaycan, rus, alman, fransız, ingilis, ərəb, türk, fars dillərində ədəbi və elmi əsərlər yazmışdır.
Elmi fəaliyyətə Almaniyada Şərq tarixinə dair tədqiqatlarla başlamışdır. 70-ci illərdə dərc etdirdiyi ilk məqalələrində liberal xalqçılığın təsiri duyulur. Şahtaxtinski əlifba islahatı sahəsində Mirzə Fətəli Axundovun ardıcıllarındandır. 1879-cu ildə Şərqdə əlifba islahatı tarixində ilk kitab -"Təkmilləşmiş müsəlman əlifbeyi"ni Tiflisdə nəşr etdirmişdir. Bir müddət "Moskovskiye vedomosti" qəzetinin əməkdaşı və İstanbulda xüsusi müxbiri işləmişdir. 1891-1893-cü illərdə Şahtaxtinski "Kaspi" qəzetinin müvəqqəti redaktoru təyin edilmişdi. 1898-cu ildə Azərbaycan dilində "Tiflis" adlı qəzet çıxarmağa çalışmış, lakin çar senzurası buna icazə vermədiyi üçün Şahtaxtinski yenidən Avropaya getmiş, 1902-ci ilədək Parisdə yaşamış, Fransa kollecində və Ali Təcrübi Təhsil Məktəbində Şərq dillərindən dərs demişdir. Bu dövrdə fransız dilində nəşr etdirdiyi əsərlər Qərbi Avropa və Amerika mətbuatında müzakirə və mübahisələrə səbəb olmuşdu. Şahtaxtinski Sorbonna Universitetində professor P.Passinin rəhbərliyi ilə fonetika sahəsində tədqiqat aparmış, Fransa Maarif Nazirliyinin fəxri diplomunu (1901) almışdır.
1902-ci ildə Şahtaxtinski Tiflisdə xüsusi mətbəə açmış (sonralar "Qeyrət" adlanmışdır), 1903-ci ilin martında ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzetinin nəşrinə başlamışdır. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi xidməti olmuşdur. Onun səhifələrində dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-Rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Ə.Nəzmi kimi açıqfikirli ədib və mühərrirləri öz ətrafında birləşdirmişdi. Bu yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin ("Molla Nəsrəddin") başlanmasına zəmin yaratdı. 1907-ci ildə İrəvan quberniyasından II Dövlət Dumasına deputat seçilən Şahtaxtinski Duma bağlandıqdan sonra "Rossiya" (Peterburq) qəzeti redaksiyasında işləmiş, 1908-1918-ci illərdə, xaricdə (əsasən, Türkiyə, İran və İraqda) yaşamışdır. 1919-cu ildə vətənə qayıtmış, Bakı Universitetinin yaradılmasında fəal iştirak etmiş, burada Şərq dilləri və ədəbiyyatından mühazirələr oxumuşdur. 1920-ci illərdə "Kommunist", "Bakinski raboçi", "Qızıl Şərq" (Moskva) qəzetlərində məqalələr dərc etdirmiş, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində yaxından iştirak etmişdir. 1922-ci ildə Şahtaxtinskiyə fərdi pensiya təyin olunmuşdu.
Elmi, tənqidi və publisist əsərlərində Şahtaxtinski müstəmləkəçilik, irqçilik, qadın əsarəti, dövlət quruluşu, demokratiya, xalq hakimiyyəti, din, şəriət məsələləri və s. haqqında dövrünə görə mütərəqqi fikirlər irəli sürmüşdür. Dövrünün qabaqcıl şəxsiyyətləri Şahtaxtinskinin ədəbi, elmi və jurnalistik fəaliyyətini yüksək qiymətləndirmişlər.
Qlobal.az