Mehman Əliyev: "Hansı ölkədə jurnalist azaddırsa..."
Dekabr 30
19:30
2015
Nyu-Yorkun Jurnalistlərin Müdafiəsi Komitəsinin yaydığı məlumata görə, 2015-ci il ərzində dünyada 69 jurnalist zorakılıqla öldürülüb. 2014-cü ildə isə bu say 77 nəfər idi. Komitənin açıqlamasında görə, 1992-ci ildən bu günə qədər dünyada öldürülən jurnalistlərin sayı 1175 nəfərdir. Bu illər ərzində dünya üzrə ən çox jurnalist Yaxın Şərq ölkələrində öldürülüb. İraqda qətlə yetirilən jurnalistlərin sayı 171, Suriyada 92, Pakistanda isə 57 nəfərdir.
Qardaş Türkiyədə isə qeyd etdiyimiz ildən bu günə qədər 22 jurnalist qətlə yetirilib.
Azərbaycanda da bu illər ərzində qətlə yetirilən jurnalistlər yox deyil. Onlar arasında son illər öldürülən jurnalist Elmar Hüseynovu, publisist-yazar Rafiq Tağını və Rasim Əliyevi qeyd etmək olar.
Mövzu ilə bağlı musavat.com-a danışan ekspert Mehman Əliyev bildirib ki, Azərbaycanda son zamanlar jurnalistlərə qarşı fiziki təhlükələr azalıb:
"Bu, Azərbaycan hakimiyyətinin jurnalistlərə qarşı mülayimləşməsinin göstəricisi deyil. Bu gün ölkə mediasında hakimiyyəti qıcıqlandıran yazılar xeyli azalıb. Ona görə də fiziki təzyiq göstərməyə ehtiyac qalmayıb. Biz çox az halda rast gəlirik ki, jurnalistləri haradasa döyüblər. Bu gün məhkəmələr yolu ilə jurnalistlərin cəzalandırılmasını müşahidə edirik. Xuliqanlıq, polisə müqavimət kimi ittihamlarla jurnalistləri cəzalandırıb, həbs edirlər. Hansı ölkələrdə ki, jurnalistika hökumət tərəfindən nəzarətdədir, orada media nümayəndələrinə qarşı zorakılıqların az şahidi oluruq. Harada ki, jurnalistika azaddır, sərbəstdirsə, jurnalistlərə qarşı zorakılıq hallarına orada daha çox rast gəlinir. Yaxın Şərq ölkələrində jurnalist ölümlərinin sayının çox olması isə orada aparılan hərbi savaşlarla bağlıdır. Jurnalist savaşda tərəf olmasa da, öz işini görərkən proseslərin içərisində olur. Buna görə də onun da həyatı təhlükə altına düşür. Bu qaçılmazdır”.