SON XƏBƏR

Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək

Oktyabr 29
17:48 2015
Noyabrın 4-də saat 19:00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək.
 
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək. Xatirə gecəsində M. Şeyxzamanovun sənət dostları görkəmli sənətkarın həyat və yaradıcılığından danışacaq, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq.
 
Tədbirdə sənətkarın ailəsinin 1937-ci ildə repressiya ilə üzləşməsindən bəhs olunan səhnə, xalq artistinin sənət yolunu özündə əks etdirən sərgi xatirə gecəsinin iştirakçılarının ixtiyarına veriləcək. Yubiley mərasiminin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Qeyd edək ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib.
 
İlk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edib. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmri ilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb. Teatrda "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb. M. Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə "Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxıb. Müxtəlif illərdə "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradıb.
 
1963-cü ildə Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - "Əhməd haradadır"da Şirin kişi rolunda çıxış edib. 1976-cı ildə sənətkar daha bir yaddaqalan obrazını yaradıb. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi "Tütək səsi" filmində İsfəndiyar kişi rolunda çıxış edib. M. Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook