SON XƏBƏR

Məmur əxlaqı və Nəsib bəy Yusifbəyli

Yanvar 18
18:16 2016
Niyə Nəsib bəy Yusifbəyli? Yox ildönümü deyil, sadəcə məmur əxlaqıyla bağlı internetdə məlumat axtaranda illər öncə Nəsib bəy Yusifbəyliylə bağlı oxuduğum bir hadisəni xatırladım (Əfsus ki, sözügedən hadisəni əziz oxucuya daha geniş şəkildə çatdırmaq üçün internetdən çox axtardım, amma tapa bilmədim. Ona görə hafizəmdə qalan qədər hadisəni yazmağa çalışdım- S.İ). Sonra axtarışı çox uzatmağa ehtiyac duymadım. Çünki Nəsib bəy təmizliyi və gözütoxluğu, ədaləti, məmur əxlaqı ilə hər bir vətəndaşımızın, xüsusilə də məmurların öyrənməli olduğu böyük şəxsiyyətdir, məktəbdir. Nəsib bəy bir gün xidməti maşınıyla işlə bağlı harasa gedir və yolüstü bacısıgilə baş çəkir. Bacısı tez əl-ayağa düşür. Tez yeməyə çay-çörək hazırlamağa başlayır. Bu zaman o, evdə ərzaqlardan birinin qurtardığını görür. Oğlunu qardaşının xidməti maşını ilə dükana göndərmək istəyir. Lakin Nəsib bəy: " Dövlətin maşını yalnız dövlət işləri üçün istifadə olunmalıdır” deyir və buna icazə vermir. Bu günlərdə ölkəmizdə demək olar ki, hər gün hansısa bir məmurun özbaşnalığı, xalqı təhqir etməsi, qanunsuz əməlləriylə bağlı faktlar yayılır. Nəsib bəyin məmur əxlaqı ilə haqqında bəhs etdiyimiz "məmur”ların əxlaqı arasında müqayisə aparmağa, bu özbaşnalığın səbəbini tapmağa çalışıram. Axı biz Cümhuriyyətin varisiyik. Bəs niyə bizə zəngin irs qoyan, öz yaşadıqları ilə, fəaliyyətləri ilə əxlaq nümunəsi olan əcdadımıza layiq ola bilmirik? Niyə harınlamış bəzi dövlət məmurları ancaq çapıb-talamaqla məşğul olublar və ya olurlar? Cavab çox sadədir. Çünki belələrində dövlətə, xalqa xidmət etmək şüuru, məqsədi yoxdur. Vəzifə onlar üçün varlanmaq, harınlamaq, sadə vətəndaşı əzmək vasitəsidir. Çünki belə məmurlar üçün əxlaq, müqəddəs dəyər, halal və haram anlayışı, xalqa, dövlətə xidmət şüuru yoxdur və Azərbaycan dövlətinin keşiyində duran sadə vətəndaşa Qədim Romadakı kimi, ağasına bir qarın çörək qarşılığında xidmət edən " Daxmalı qul” kimi baxırlar. Mətbuatdan çörək və unun qiymətini süni şəkildə qaldıranların həbs olunduqlarını oxudum. İçində olduğumuz hazırki iqtisadi böhran durumuna daha çox mənfəət , qazanc əldə etmə, varlanma şansı, məqamı olaraq baxmaq, təməl ehtiyac olan çörəyin, unun qiymətini qaldırmaq, sadə xalqı əzmək şərəfsizlik, namussuzluq, əxlaqsızlıqdır, Vətənə, dövlətə, xalqa xəyanətdir! Hə, bir də harınlamış məmurların nəzərinə bir məlumatı çatdırım. Ağcabədi sakini, iki uşaq atası Ramil Allahverdiyev övladına dükanda görüb istədiyi 10 qəpiklik suxarını ala bilmədiyi üçün intihara cəhd edib. Sonda əsl məmur əxlaqına mərhum Nəsib bəyin həyatından başqa bir hadisəni örnək gətirib sözlərimi yekunlaşdırır və Allahdan Nəsib bəy Yusifbəyliyə rəhmət diləyirəm. Nəsib bəy Cümhuriyyətimizin Baş naziri olaraq çalışarkən atası Yusif bəy ona məktub göndərir və yazır; " Əziz oğlum, çox səbr etdim, amma yazacam. Sıxıntı çəkərək, borc altına girərək sənə yüksək təhsil təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın maaş ilə Aldığın maaş ilə dolanmadm. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalmı elan etdiniz. Cümhuriyyətimizin maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərdim. Bu gün isə Baş Nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olursan. Yenə bağmın qamışını mən alım? Pul göndərə bilməzsənmi ? ”
 


Söhrab İSMAYIL.
Türkiyənin Qazi Universitetinin magistrantı.
16. 01.2016. Ankara



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook