Mən səni eşidirəm, Sərxan, və yaxud görüş qalsın qiyamətə
Aprel 17
06:38
2016
RÜSTƏM BEHRUDİ
Əziz və dəyərli dostum. Iblisin mələkdən, baş daşının çiçəkdən gözəl göründüyü, çiçəklərin ləçəklərindən, ağacların yarpaqlarından əvvəl öldüyü tabutların çiçəklədiyi gündü Azərbaycanda. Sevinc qarışıq kədər içindəyəm. Sənin də bu cür olduğun düşüncəsindəyəm. Cəbhədən gələn tabutların kölqəsində qazanılan zəfərin ağrısını yaşayıram. Bunun nə cür bir hiss olduğunu anlatmaq zor. Bu məmləkətdə elə bil lənətlənib hər şey. Elə bil ki, bu məmləkətdə hər şey kölgədən, görüntüdən və lənətdən doğulub. Və ona görə də, bu məmləkətə üz tutub yazdım ki:
Get! Get!
Sürüdən ayrılmış canavar,
Yox ol ey görüntü,
Çəkil ey kölgə!
Get! Get! Get!
Ey sevgiyə bürüdüyüm lənət.
Bu halımda elə bilirəm məni anlayacaq tək adam sənsən. Ona görə, yenə də sənə üz tutub yazdım.
I
Dərdimi sevdiyim, qız, söyləsəm sona gəlməz
Yenə də sənə üz tutub, yazıram, dəyərli dost. Səninlə görüşdən sonra ürəyim paramparça. Məni sonradan yıxacaq yalançı sevincin acısını yaşayıram artıq.
Bayram oldu, şəhid balam,
Həsrət qaldım o qamətə.
Behişt sənin, bayram sənin,
Görüş qalsın qiyamətə.
Bu ürək parçalayan misralar ustad Şəhriyarın şəhid məzarı üstə söylədiyi ağıdı. Mən də neçə gündü belə bir ağrını içimdə gəzdirirəm. Sərxan adlı bir şəhidin sevgilisinə yazdığı bir məktubun ağrısı, sitəmi var içimdə. Içimdə göynəyən yara güllələrin açdığı yaradan daha dərindi, dəyərli dostum!
"Əzizim Gülçin, mən səni sevirəm. Ola bilsin ki, mən həlak oldum. Amma qəm yemə. Sən də məni sevirsənsə, onda mənim dəfnimə gəlib ürəyində ”Mən də səni sevirəm” deyərsən! Mən səni eşidəcəyəm”.
Bu tükürpədici ürəyə damma, bu doğulandan Vətənə qurban deyilmiş ömür, bu ölümün qanadlarında gələn cavabsız sevgidi. Bunu hər adam duya, eşidə bilməz. Mən səni atan, anan, bacın, qardaşın kimi duyuram. Mən səni eşidirəm, Sərxan!
Döyüşə gedərkən belə, sevdiyinə könlünü açmayan, ölümündən sonra seviləcəyinə ümid bəsləyən əsgərdən, döyüşçüdən düşmən də qorxar, Tanrı da! Qəbrini özü qazıb, başdaşını özü yonan kişiyə baxıb diksinər Tanrı!
Mən səni eşidirəm. Sən də məni eşidirsənmi, Sərxan?! Söylə:
De, o qızı hardan tapım,
De, o sevda qoyma itə.
Tapım deyim, gözəl balam,
Görüş qaldı qiyamətə.
Sərxanın Gülçinə yazdığı yarımçıq məktubu bu gecə hönkürə-hönkürə mən tamamladım:
On uyğur, doqquz oğuz,
İçində mənəm yalqız.
Dərdimi sevdiyim qız,
Söyləsəm sona gəlməz.
Görüşlərin ən gözəli, qiyamətə qalan görüşdü, oğlum!
II
Bir dostumuz yoxdu bizim
Üşüyürəm… Tanrı dağlarında göy türk qadırlarına qar yağır indi…
Çin ilə sərhəddə bütöv bir ordu ilə təkbaşına vuruşan bir göy türk əsgərinin (dünənki Gürşadım, bu günkü Mübarizin) yaralarından can süzülür misralarıma.
Son döyüşdə Qarabaqdan gələn tabutların kölgəm düşüb sözlərimə.
Kərkük qan ağlayır, Krım can üstədi, qaqauzlar əsr düşüb, başqurdlar qəfəsdə, karaimlər yad ellərdə, 30 milyondan artıq Uyğur Çində cəhənnəm əzabında, Istanbuldan Diyarbəkrə qədər uzanan məzarlıqlarda 30 min şəhidin qanı soyumayıb, bu gün də axmaqdadı hələ. Bir sirli, görünməz əlin işarəsi ilə özbək məhsəti türkünə, qaqauz özbəyə qənim kəsilib. Türk dünyasının başı Türkiyə bölünmək, federallaşmaq təhlükəsi qarşısında.
Bölünə-bölünə yox olan sevgili bir yurd… sevgili bir yurd, hər gecə, hər gecə yuxularımda.
Qarabağ qara yaradı Azərbaycanın bətnində…Türk düşməni PKK-çılar bayraq qaldırıb Azərbaycanın göbəyində- Bakıda, bizə meydan oxuyur.
Düz 1400 ildir Tuğ və bayraqlarımızdan Boz Qurd boylanmır döyüş yollarımızda. Boz qurd yalquzağa çevrilib daha.
Təbrizin, Tehranın, Isfahanın, Urmicinin həbsxanalarından nigaran-nigaran boylanan qəhramanlar imdad gözləyir bizdən.
Kim nə deyir desin, dünya düşmənimiz, bir dostumuz yoxdu bizim.
III
Axı susmaqdan da partlamaq olar
Dəyərli dostum! Uzun illər üst-üstə düşən fikirlərimiz haçalanır daha. Elə indicə şəhid dəfnindən dönmüşəm. Adamların üzündəki hüznün nə qədər çəkilməz olduğunu gördüm. Bu hiznün içində bayraqların kölgəsindən ölməz ruhumuzun üstünə işıq salan ümidin də nə cür çiçəklədiyinin şahidi oldum. Sən demə istədiyimiz çox şey ölümümüz bahasına başa gəlirmiş. Bu şəhidlər içimizdəki Qarabağ adlı məzarlıqdakı başdaşlarının tozunu sildi, irinləşmiş, qaysaqlanmış yaralarımızın üstün açdı. Sən demə uzun illərdir yaralarımızdan gizli-gizli qan axırmış, xəbərimiz yox!
Şəhidlərin siyahısını oxuyuram. Ürək parçalayandı hər şey:
Tökülür səki-səki,
İçimə içimdəki.
Qoy deyim, gözündəki,
Yaşın qurusun, Vətən!
Kimdi şəhid olanlar, kimdi heç kimdən heç nə ummadan canını qurban verənlər?
Köməksizlərin, imkansızların, bir tikə çörəyə möhtac olanların, Vətəni sevməkdən, sevib ölməkdən başqa heç nəyə gücü yetməyənlərin, bu zəngin ölkənin, məmləkətin var dövlətindən payına çörəkpulu belə çatmayanların ovladları.
Bir-birini bəsləyən canavarlar (qurd yox ha!) sürüsünün içindən çıxmış bir adamın da adı yoxdu bir siyahıda.
Bığ yeri təzə tərləmiş, qardaşının ölüsünü təkbaşına döyüş meydanından çıxaran o südəmər cocuğun nə çəkdiyini ata-anasına kim, nə cür anladacaq zalım dost?!
Gözünün ağı-qarası bircə övladını qurban verib, dəfn mərasimində "Vətən sağ olsun” deyən atanın böyüklüyü önündə əzilir adam. Vətən dar gündə Vətəndən heç nə ummayanlarındı, bilirəm.
Amma və lakin!
Yəni, bu qəhramanlığın üstünə kölgə salan, onu kiçildən nə varsa, qəbuledilməzdir.
Bu şəhid balaların yaşında Azərbaycanda başqa bir gənclik də var. O şəhid balalar düşmən gülləsinin üstünə yüyürəndə, "Lələ təpəni” ələ keçirəndə onlar da
Bakının ən əlçatmaz zəngin obyektlərini işğal eləyirdilər. Ağrılıdı, çox ağrılıdı. Avropanın, Amerikanın göbəyində elə bu şəhidlərin yaşındaki iş adamına çevrilmiş milyoner uşaqların bu var-dövləti nə cür topladığını şəhid atasına, şəhid anasına kim və nə cür anladacaq?
Bunun hesabı sorulmalıdı mütləğa.
Pəncərədən boylanıram. Qarşı tərəfdə az qala 2-3 min nəfəri tutacaq şadlıq evində şıdırğı iş gedir. Qarabağ boyda matəmgahı olan bir ölkəyə bu boyda şadlıq evi nəyə gərəkdi axı? Cəbhədən gələn ölüm xəbərlərinin acısı, ağrısı altda belə, orda iş dayanmadı.
Məni ən çox yandıran manısların, çalıb-oynayanların atəşkəs çağrısı oldu. Yas varsa toy olmayacaq. Bu atəşkəs çağrıları onların bu millətə acıdığından deyil, itirəcəkləri qazancdan yana saldıqları hay-küydən başqa bir şey deyildi.
Çin filosofu Lao Tzu söyləyirdi ki, "Çox əzab çəkirəm, çünki bir bədənim var. Bədənim olmadığında mən hansı əzabı çəkəcəm ki?”
Şəhidlərin artıq bir bədəni olmadığından, onların əzab çəkməyəcəklərini bilirəm. Bu bir təsəllidi. Ancaq o əzabın onların ata-analarına yükləndiyini də bilirəm.
Və onu da bilirəm ki:
Ilahi, bu dərdə mənəm tablaşan,
Çəkəmməz bu dərdi o göylər, bu yer.
İntiqam almağa, qisas almağa,
Ey Tanrım sən mənə bir az ömür ver.
Bığ yeri təzəcə tərləmiş milyonerlərin, öz yaşlarındakı şəhidlərdən xəbərləri yoxdu bu məmləkətdə.
Canavarlar sürüsünün bəslədiyi bu azyaşlı milyonerlərin öz yaşıdı şəhidlərə bu ağır günlərdə bir göndərməsini də eşitmədim. Ancaq şəhid məzarlıqlarından qalxan bir nida qulaqlarımdadı:
"Bir gün susmaqdan da partlamaq olar!”
IV
Savaş və yaxud
səbəb nəticədən böyükdürsə
Nikola Makyavelliyə görə, fanatik, yəni imanlı və haqlı olan birisinin hücumuna məruz qalan adam ölümdən qurtula bilməz. Çünki onu təqib eləyən ölüm qorxusu daşımaz. Bu təkzib edilməz fikir bu gün bizim əsgərlərin lap boyuna biçilib. Bizim əsgərin gücü həm haqlı, həm də imanlı olmağındadır. Bu gün cəbhədə şəhid olanların əksəriyyəti, uğrunda vuruşduqları Qarabağı heç yuxularında da görməyiblər. Bəs onda nədi bu ölümə canatma, nədi bu görmədiyi bir şey uğrunda ölümə qənşər qetmək sevdası? Bu məncə bir insanın eqosu deyil, bir etnosun eqosu deyil, haqlı olanın, haqqı olanı əldə eləmək istəyidi.
Mən həmişə o fikirdə olmuşam ki, biz nə zamansa müharibəni yox, savaşı uduzmuşuq. Və savaşını uduzduğumzu müharibə davam eləyir. Bu savaş bir daha təsdiqlədi ki, əsgəri girdiyi torpaqdan ancaq əsgər çıxara bilər düşüncəsi min ildir ki dəyişməyib və dəyişməyəcək. Bu son döyüş bir daha göstərdi ki, 20 illik atəşkəs bizim daha böyük atəşlərə düşməyimizə səbəb olub. Və səbəb həmişə nəticədən daha böyük olur. Səbəb nəticədən böyükdürsə, döyüş qaçılmazdır.
Mən o fikirdəyəm ki, bizim siyasətçilərin, rusofillərin Rusiyadan gözlədiyi barışıq missiyası səbəbdir və heç vaxt nəticə ola bilməz.
Ağrıdıcı hal odur ki, Azərbaycanda atəşkəsin pozulmasını (daha doğrusu vəziyyətin dəyişməsini) istəməyən bir qrup adam var ki, düşmənlərimizə sərf eləyən atəşkəs onlar üçün də qəbul ediləndir. Çünki onlar savaşsız, sakit bir ölkədə daha çox milyonlar qazana bilirlər. Və Qarabağın kimə aid olması onlar üçün maraqlı deyil. Bu canavarlar sürüsü üçün ovladıqlarını əldə saxlamaq daha sərfəlidir.
Şəhid yaşındakı bir milyoner üçün Qarabağ heç vaxt maraqlı ola bilməz!
Bu savaşda səbəb nəticədən böyük olduğundan, düşmən təslim olana qədər savaş davam etməlidir:
Ay bəylər, əfəndilər,
Bəydən ötə qardaşlar,
Ölməyə tələsməyin,
Öndə hələ savaş var!
Və bu savaşda sıra nəfəri olmağın xoşbəxtliyini duymayan adamın adam olmağına şübhəm var.
Bu son döyüşdə 100-dən artıq əsgərin ölümü bahasına qazanılan qələbə, təkcə qələbə deyil, üstümüzdəki namus ləkəsini silməyə edilən cəhddi, ruhumuzun ölməzliyinə inamdı, 20 ildir utanc içində kökümüzə əyilən başların başqaldırmasıdı.
Qəzamız mübarək! Əyilmədən yerə düşən başlar sağ olsun!
V
Başım havalanıb daha
1988-92-ci illərdə Ağdam, Qubadlı, Goranboy uğrunda döyüşlərdə qəhramanlıq göstərmiş, Şuşanın müdafiəsində namərdcəsinə öldürülən Heydər Həmidovun və bütün şəhidlərin xatirəsinə
Bakı! Bağrın niyə çatlamır,
Sənnən yol öldü Şuşaya.
Dilimdə sözlər buz bağlayıb,
Qalıb üşüyə-üşüyə.
Başım havalanıb daha
Dəliyəm, dəlinin oğlu.
Əlinin oğlu, hardasan,
Hardasan, Vəlinin oğlu?
Əlinin oğlu, hardasan,
Hardasan, Vəlinin oğlu,
Əynindəki qanlı köynək,
Kimindi, dəlinin oğlu?
Kimindi dəlinin oğlu,
Əynində can verir hələ,
Şuşada aldığın yara,
Bakıda qan verir hələ.
Əfv et, dərdin oğlu Heydər,
Sən dəlinin adı mənim.
Öldürdülər səni yüz yol,
Xəbərim olmadı mənim.
Bu il də yenə qar yağdı,
Açmamış, göz görə-görə,
Behrudda qoşa şəhidin
Qəbrində bitən güllərə.
Şuşa öldü, de hardasan,
Şuşanın ahının oğlu?
Hardasan Aqil Abbasın,
Ağdamlı Şahinin oğlu.
Dumana döndüm, içimdə,
Güman yaşada-yaşada.
Səsim niyə çatmır, Tanrım,
Məcidin oğlu Rəşada?
Qar yağdı Xarı bülbülə,
Xar oldu bəxt də, yazı da.
Çat verib bir məzar Şərurda,
Biri də Qarayazıda.
Dərdə bax, qalıb ortada,
Ahın, dərdin, qəmin oğlu.
Sənindi bu savaş, sənindi,
Behrudi Rüstəm oğlu.
Bir çiçək üstə ölürəm,
Yolun azmış arı kimi.
Başım dumanlıdı, Heydər,
Şuşanın dağları kimi.
Şəhid xiyabanlarında çiçəkləyən tabutların ağırlığı altında əzilən ruhumun pıçıltısı var dodaqlarımda, dəyərli dost!
Əvvəl nədi, axır nə,
Əvvəl, axır bəhanə,
Bir süngünün üstünə
Yüyürüb ölməliyəm.
Ölmədən əvvəl öldürmək gücü ver bizə Tanrım.
P.S. Bu son günlər iki şey mənə gülməli gəldi.
1-ci: Şəhid xiyabanlarında şəhidlərin dəfn mərasimini qoyub Ə.Kərimlinin evinin qabağına toplaşıb Ə.Kərimli ilə Qarabağ savaşına çıxan kütlənin hərəkəti.
2-ci: Azərbaycan xalqını barmağına dolayıb, ucuz şöhrət dalınca qaçıb, təslim olacaq erməni əsgər və zabitlərinin hər birinə 10-15 min manat vəd eləyən bir iş adamının zarafatı. O adamın, görəsən, 20 ildir cəbhədə verdiyimiz şəhid ailələrinin vəziyyətindən, dolanışığından xəbəri varmı? Üzün gülsün, ay adam! Bu ağır gündə dolamağa adam tapmadınmı?
(Yazı hüquqşünas Qurban Məmmədovun bloqundan əldə olunub)
Qlobal.az