Mənim ilk karyeramı “əngəlləyən” böyük insan
Aprel 30
17:35
2016
Nadir İSRAFİLOV
"Müəllim o deyil ki, öyrədir, o şəxsdir ki, ondan öyrənirlər”
(1 may akademik Mehdi Mehdizadənin anım günüdür)
Nobel mükafatı
laureatı İosif Brodskinin belə bir sözü var: "Elə insanlar var ki, onların
həyatı bir hekayəyə sığmır.” Təhsil fədaisi, fəzilətli insan, ziyalılıq
etalonu, nəsillərə örnək ola biləcək bir şəxsiyyət - akademik Mehdi Mehdizadə
məhz belə insanlardan idi.
Mehdi müəllim
haqqında çox deyilib, çox yazılıb. Mən də yeri gəldikcə, məqam düşdükcə öz
kiçik xatirə və təəssüratlarımı onu yaxından tanıyan dostllarım və oxucularımla
bölüşmüşəm. Bununla belə mənə elə gəlir ki, nə qədər bizlər varıq, təhsilimizin
tarixi, səlnaməsi vərəqlənəcək Mehdi müəllim haqqında xatirə və təəssüratlar da
bitmək bilməyəcək. Belə xatirələrdən biri də mənim ilk karyera fəaliyyətimlə
bağlı olan bir hadisədir.
70-ci illərin
əvvəlləri idi. O zamanlar institut adlanan pedaqoji universiteti yenicə bitirib
şimal rayonlarımızın mərkəzdən xeyli kənar kəndlərindən birinə ixtisasım üzrə
təyinat almışdım. Elə həmin il müxtəlif ixtisaslılardan olan daha bir neçə gənc
müəllim də kollektivə qoşuldu. Ilk illik
hesabat-seçki yığıncağındaca məni məktəbin müəllim komsomol təşkilatının katibi
seçdilər. Yəqin, digərlərinə nisbətdə fəallığımı və təşkilatçılığımı nəzərə
almışdılar. Digər bir üstünlüyüm də var idi ki, hələ institut illərindən
partiya sıralarına daxil olmuşdum. O vaxtlar az-az tələbəyə belə yüksək etimad
göstərirdilər.
O illərin bir növ
dəb halını almış ənnənələrindən biri də hamılıqla və yekdilliklə təsərrüfatlara
köməklik göstərilməsi idi. Belə bir ənənə pedaqoji kollektivlərdən də yan keçə
bilməzdi. Ayrı-ayrı məktəblərdə
yeniyetmələrdən ibarət "şagird-istehsalat briqadaları” yaradılırdı. Eyni
zamanda "Hektarçılıq hərəkatı” geniş vüsət almışdı. Digər təşəbbüskarlarla
yanaşı bir çox müəllimlər də yaxın ərazilərdə bir və ya bir neçə hektar torpaq
sahəsi götürərək dərsdən sonra ailə üzvləri ilə birlikdə təsərrüfatla məşğul
olurdular.
Növbəti illərin
biri məhsul bolluğu ilə yaddşıma həkk olunub. Məhsulu yığıb-yığışdarmaq mümkün
deyildi. Raykomdan belə bir göstəriş gəldi ki, məktəblərdə tədris prosesini
müvəqqəti dayandırıb, şagirdləri məhsul yığımına cəlb etmək lazımdır. Çünki
hamımız şahidiydik ki, kolxozçular heç cür çatdıra bilmirdilər, aramsız
yağışlar isə məhsulu zay edirdi. Bu çağırışa isə ilk cavab verən, öndə gedən və digərlərinə nümunə göstərən heç
şübhəsiz ki, partiyaçılar və komsomolçular olmalı idi. Bir də ki, plan tapşırıqları
və sosialist öhdəliklərinin yerinə yetirilməsinə kim biganə qala bilərdi?
Səhərisi günü ala
toranlıqda xeyli şagird və müəllimlərlə birlikdə məktəbin ərazisinə yaxın
sahəyə işə çıxdıq. Qızlar şitilliklərdəki pomidor məhsulunu yığır, oğlanlar isə
yeşiklərə qablaşdıraraq konserv zavoduna
göndərilmək üçün maşınlara yükləyirdilər. Ağır yeşiklərə gücü və maşına yükləməyə boyu çatmayan uşaqlara
tez-tez kömək etməli olurdum. Yeşiklərdən üstümə axan əzilmiş pomidor suyundan
açıq rəngli köynəyim sanki al qana boyanmışdı.
İşin qızğın
çağında sahəyə "Niva” markalı bir maşın daxil oldu. Bir az yana çəkilib maşına
yol verdik. Maşından düşən 4 nəfər aramlı addımlarla bizə yaxınlaşdı. Dərhal
hər dördünü tanıdım. Qabaqda gələn Raykomun birinci katibi, nisbətən
arxadakılar isə sovxozun direktoru, maarif şöbəsinin müdiri və sahə briqadiri
idi. Birinci katib də sanıram ki, məni tanımamış deyildi. Rayon komsomol
komitəsi plenumunun üzvi idim, tez-tez müxtəlif aktivlərdə və digər rəsmi
tədbirlərdə rastlaşırdıq. Bir də ki, İttifaq üzrə Kostroma vilayəti
məktəblilərinin parta arxasında istehsalata getməklə bağlı təşəbbüslərinə ilk
qoşulanlardan olduğumuzdan şəkilim və müsahibələrim bir çox ümumittifaq və
respublika mətbuatında dərc olunmuşdu.
Katibin mənə
yaxınlaşaraq zəhmli tərzdə "bəs məktəbin direktoru haradadır” sualına tərəddüd
etmədən "harda olsa, indi gələr”- deyə cavab verdim. Görünür, cavabım katibi
qane etmədiyindən üzünü maarif şöbəsinin müdirinə tutaraq - "təsərrüfata
rəhbərlik edə bilməyən adamdan məktəbə rəhbər çıxmaz, rəhbərliyi bu cavan
oğlana həvalə edin”- deyərək, sağollaşmadan belə əsəbi halda gəldiyi maşına doğru addımladı. Növbəti
bürolardan birində həmin direktorun vəzifədən kənarlaşdırılması barədə qərar
qəbul olundu.
Birinci katibin
bütün səylərinə və cəhdlərinə, Mehdi müəllimlə şəxsi telefon danışıqlarına
baxmayaraq Nazirlik məni direktor vəzifəsinə təsdiq etmədi. Yeganə təsəllim isə
ondan ibarət oldu ki, mənim adımı ehtiyat kadrlar siyahısına daxil etdilər.
Çünki, mövcud təlimata əsasən bu vəzifəyə təsdiqlənməyim üçün cəmi üç ayım
çatmırdı. Üç ay isə mənə daha üç ilə başa gəldi. Bu müddət ərzində
aspiranturanı bitirib, daha yüksək vəzifələrə təyinat aldım, hətta bir neçə il
Mehdi müəllimin rəhbərliyi altında işləmək də mənə nəsib oldu.
Bəlii, Mehdi müəllim sözün bütün mənalarında əsl müəllim idi. O həm
öyrədirdi, həm də ondan öyrənirdilər. Mənim vəzifəyə ilk təyinatımı əngəlləsə
də düzlüyün, doğruçuluğun, qanunçuluğun, prinsipiallığın, xalqına, təhsilimizə
qəlbən bağlılığın nə olduğunu, ictimai mənafeyin şəxsi maraqlardan üstün
tutulmasının nümunəsini ilk olaraq Mehdi müəllimdən əxz etdim. Mərhum akademik
Budaq Budaqovun təbirincə desək, "Mehdi müəllim ömrünün son günlərinədək haqqa,
ədalətə, sadiq qaldı. Haqqın, ədalətın carçısı oldu. Bu ali insani keyfiyyətlər
onun canına, qanına hopmuşdu”.
Bu gün təhsildə demokratikləşmənın, humanistləşmənın, aşkarlığın,
şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənın, tabeçilikdə
olanlara diqqət və qayğının, müəllimə,onun nüfuzuna yanaşma tərzinin
incəliklərini mənimsəmək üçün Mehdi müəllimin həyat yoluna, nəzərı irsinə
dönə-dönə nəzər salmağımıza böyük ehtiyac duyulur. Mənəviyyata söykənən bu
keyfiyyətlərsiz isə təhsil sahəsində aparılan istənılən islahatlar əhəmiyyətsiz
qalacaq.
Qlobal.az