SON XƏBƏR

“Mənzərə“ MTK-nın saxta mənzərələri - Foto

May 16
23:04 2018
Şirkət rəhbərliyi Baləmi Dadaşov küçəsinin sakinlərinə pul vermək istəmirlər, zorla hansısa mənzillərə köçürmək taktikasını üstün sayırlar

Onlar mənzilin hər kvadrat metrinə 1500 manat ödəməklə, yerdə qalan vəsati mənimsəyir...

Paytaxt Bakıda mənzil tikintisi və özəlliklə də göydələn inşaatının yenidən önə çıxması müşahidə olunur. Ancaq bu proses ifrat dərəcədə saxtakarlıqla və cinayətdolu olaylar müstəvisində baş verir. Belə ki, şəhərin köhnə məhəllələrini və kvartallarını söküb, yerində göydələn inşa etmək istəyən şirkətlər və kooperativlər əhalinin mənzil və mülki hüquqlarını pozmaqda, hətta cinayət törətməkdə davam edirlər.

Əmlak bazarının dəyərləndirilməsi və göydələn biznesində adları mənfiliyə doğru səslənən MTK-larla bağlı əhalinin kütləvi şəkildə hüquqlarını pozan faktlar mövcuddur. Hətta adları bir sıra cinayət işlərində hallanan "MTK-lardan uzaq durun” mövzusu Prezident Aparatında və hökumət dairələrində hallandı. "Marja”nın son verdiyi açıqlamada qeyd olunurdu ki: "MTK-larda mənzil almaq istəyən vətəndaşlar adı cinayətdə hallanan MTK-lara müraciət etməməlidirlər”.

Həmin MTK-ların siyahısını cəmiyyətə təqdim etmişdir. Barəsində Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən cinayət işi açılan MTK-lar isə bunlardırlar: "ANT MTK", Şərq-M MTK", "Badu Kubə MTK", "Yeni Yasamal MTK", "RUM MTK", "Əzizbəy KM MTK", "Ayla MTK", "İdeal İnşaat MTK", "Dağlar MTK", "Real MTK", 200 saylı MTK", "Sahil D company", "Fuad LTD", "Xəzərə mənzərə MTK", "Xəmsə MTK", "Birlik MTK", "Kamran B, Ə MTK", "STS MTK", "Karat MTK". Fikrimizcə fəaliyyət dairəsi şübhəli olan "Mənzil MTK”-nın adı da çox yaxında bu bədnam siyahıya əlavə olunacaq.



Baləmi Dadaşov küçəsində əsrin bəlası

Bakının Nəriman Nərimanov rayonunun Təbriz prospekti ilə paralel küçə olan Baləmi Dadaşov küçəsində "Mənzil MTK” düz üç aydır burada yaşayan sakinlərə göz verib, işıq vermir. Buldozerlər və digər ağır texnikanı cəlb etməklə vətəndaşların konstitutsion hüquqlarını pozmaqla məşğuldur. Bir yandan özlərini rəsmi şəkildə təqdim etməyən qoluzorlu qoçular, digər yandan isə Allahdan, dindən və imandan nağılvari hekayələr söyləməklə əhalini minbir fırıldaqla "makler”lər ordusu uşaq, qoca, xəstə tanımadan vətəndaşların halal mənzillərini əllərindən almağa çalışırlar. Sakinlərə hansı hüquqla onların mənzillərini əllərindən almaq üçün bu qədər çaba göstərdiklərini izah edə bilmirlər.
 
Apardığımız araşdırmalar sonucunda bəlli oldu ki, "Mənzərə” MTK 26 oktyabr 2016-cı ildə Bakı şəhər İcra Hakimiyyətinin 438 saylı sərəncamı ilə N. Nərimanov rayonu ərazisində yerləşən 12-ci məhəllənin Baləmi Daşadov küçəsində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələşdirilməsi haqqında "icazə” alıb. Sərəncama görə, "Mənzərə” MTK tərəfindən 27 hektar ərazidə göydələnlər tikməlidir. "Mənzərə” MTK isə, əhalinin gecə-gündüz rahatlığını pozan taktika ilə hərəkət etmək siyasətini yürüdür. Belə ki, sakinlərə özünün istədiyi ərazidə mənzillə təmin etmək, könüllülük əsasında müqavilə şərtlərini ortaya qoymaq və digər hüquqlarını pozmaq tədbirləri ilə hərəkət edir. Beləliklə də sakinlər dərin stress və əsəb xəstəliyinə düçar olublar.
 
Apardığımız müşahidələr əsasında onu da qeyd etmək gərəkdir ki, burada "Mənzil” MTK-nın işçisi kimi buldozerləri, yük avtomobillərini və ağır texnikanı işlədənlərlə, mühafizəçilərlə, digər texniki işçilərlə heç bir əmək müqaviləsi bağlanmamışdır. Ərazidə bəzi yaşayış evləri sökülsə də, texniki qurğular yerində yoxdur. Ətrafdakı toz-duman ətrafdakı evələrə dolur. İnsanlar "Mənzərə” MTK-nın belə bir rəzalətindən ağır xəstəliyə düçar olublar. Əraziyə baxış keçirdiyimiz zamanı, burada inşaat işlərini hansı şirkətin aparması barəsində heç bir elan və və ya reklam belə yox idi.

"Mənzərə” MTK-nın qanunsuz əməlləri sənədlərin dili ilə

Bakı şəhər İcra hakimiyyətinin "Mənzərə” MTK-nın Baləmi Dadaşov küçəsində mənzil tikməklə bağlı verdiyi beş maddəlik sənədin 1.1-ci bəndində açıq şəkildə belə qeyd olunub: "Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən "Mənzərə” MTK tərəfindən həll edilsin. Ancaq bütün qanunlara tüpürən, öz "qanunları”, yəni cinayət və irtica xarakterli qayda-qanunlarla hərəkət edən "Mənzərə” MTK hətta dövlətin müəyyən etdiyi hüquqi prosedurları, vətəndaşların mülkiyyət hüquqlarını tanımaq belə istəmir. Dövlət İpoteka Fondunun rəsmi internet saytında ölkənin bütün bölgələrində mövcud bazar münasibətləri çərçivəsində qiymətləndirmə taarifləri qeyd olunubdur. Həmin sənədə istinad etdikdə bəlli olur ki, Bakı şəhərinin N. Nərimanov rayonu ərazisi "3-cü zona” adlanır. Yəni bu bölgədə 1 kvadrat metr mənzilin bazara görə qiyməti 3158 manat təşkil edir. Ədliyyə Nazirliyinin qəbul etdiyi qanunlara görə, mənzil və əmlak bazarında tikinti işləri və əhalinin köçürülməsi istiqamətində bütün sənədlər həmin tikinti işini icra edən şirkətlər və ya kooperativlərlə imzalanmalıdır. Nazirliyin bu məqsədlə hətta "QIRMIZI İŞIQ” kodu da mövcuddur. Yəni sərəncamla tikinti işləri aparılan ərazidə əhalinin köçürülülməsi və alqı-satqı əməliyyatları MTK-nın özü ilə rəsmiləşdirilməlidir. Bunun dışında olan əməliyyatlar qanunsuzdur və cinayət işi hesab olunur. "Mənzərə” MTK bütün bu qanunları tapdalayaraq, əhalini tanımadıqları şəxslərə satmağa məcbur edirlər. Bu məsələdə "Mənzərə” MTK-nın maklerləri qismində tanınan Cavid adlı birisi başda olmaqla Mehman, Hacı, Musa və digər şəxslərdən ibarət banda mövcuddur. Onlar heç nədən çəkinmədən Baləmi Dadaşov küçəsində sarı rəngli divarları və mavi rəngli darvazası olan villanı kirayə edərək "Mənzərə” MTK-nın adından əhaliyə hərbə-zorba gəlirlər. MTK-ların qanunsuz əməllərinə dolayı yolla olsa da hər zaman dəstək verən polis hələ ki, Baləmi Dadaşov küçəsində baş verən qanunsuz əməllərinə görə sakinlərə qarşı "Mənzərə” MTK-nın "malker mafiyası”nın arxasında dayanmayıb. Bu hal olduqca təqdiredicidir. Onu da qeyd edək ki, sakinlər çox yaxşı bilirlər ki, onlara təklif olunan yeni mənzillər bir neçə şəxsə satılan, illər boyu davam edəcək mübahisələrə səbəb olacaq qalmaqallardan ibarətdir.



Pulsuz MTK-nın "pul siyasəti”

Mövcud qanunvericiliyə və Dövlət İpoteka Fondunun da təsdiq etdiyi fakta görə, mənzil bazarında Bakının N. Nərimanov rayonu ərazisində 1 kvadrat metr mənzilin qiyməti 3158 manatdır. "Mənzil” MTK-nın heç bir rəsmisi əhali ilə görüşməyərək, bu prosesə qoşduğu "makler-quldur” dəstəsi əhalini mənzilin 1 kvadrat metrinə 1500 manat ödəməklə, ya da heç bir standartlara uyğun olmayan şəhərin başqa ərazilərində yeni inşa edilmiş mənzillərə köçürmək tələbi ilə çıxış edirlər.
 
"Mənzərə” MTK-nın "makler-quldur” mafiyası Baləmi Dadaşov küçəsinin sakinlərinə pul vermək istəmirlər, zorla hansısa mənzillərə köçürmək taktikasını üstün sayırlar. Sakinləri daim qorxu altında saxlamaq və ya onları süni şəkildə provakasiyalara cəlb etmək üçün buldozerləri və digər ağır texnikaları onların halal evlərini sökməklə təhdid aksiyalarını həyata keçirirlər. Əhali məcbur olaraq, Prezident Aparatına, Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və digər dövlət qurumlarına müraciətlər ediblər. Bütün bunların nəticəsi kimi N. Nərimanov rayon İcra Hakimiyyətinin bəzi rəsmiləri əhali ilə görüşmüş və dolayı yolla "Mənzərə” MTK-nın maraqlarını müdafiə etmişlər.
 
Əmlak bazarı üzrə peşəkar mütəxəssislər və iqtisadçılarla görüşümüz zamanı onlar bildirdilər ki, "Mənzərə” MTK-nın əhaliyə pul verməmək kimi siyasətinin ardında duran başlıca məqsəd adı çəkilən kooperativin sahibinin acgözlüyü, mafiya qanunları ilə iş görmək, cinayətkarlıqla oliqarxa çevrilmək iddiasından irəli gəlir. Burada bir neçə cinayət əməli mövcuddur. Əhali ilə mənzillərin alqı-satqısı prosesində "Mənzərə” MTK ilə deyil, fizki şəxslərlə müqavilə bağlamağa məcbur etmək cinayətdir. Onlar əhali ilə fiziki şəxslərlə müqavilə imzalamaqla və mənzilin hər kvadrat metrinə görə 1500 manat ödəməklə yerdə qalan vəsati beləcə asanlıqla mənimsəyirlər. İndi təsəvvür edin ki, 27 hektar ərazidə azından 40 göydələn tikiləcək. Evlərindən köçürüləcək vətəndaşlara qəpik-quruş ödəmələri azmış kimi, yeni göydələnlərdəki mənzilləri azından 4-5 dəfə real qiymətlərdən baha satacaqlar. 
 
Əhali məcbur olaraq, Ədliyyə Nazirliyi, Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyəti və N. Nərimanov rayon İcra Hakimiyyəti qarşısında "Mənzərə” MTK-nın qanunsuz əməllərinə qarşı etiraz aksiyalarını keçirməyi düşünür. Adını "Mənzərə” qoyan və bütün mənzərələri saxtakarlıqla, cinayətlə dolu olan belə bir kooperativin ölkə vətəndaşlarının mülkiyyət hüquqlarının tapdalanmasına yol verilməsin deyə, aksiyalar davam edəcək.

(Mənbə: hurriyyet.org)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook