Mətbuat Şurasının sədri: "İlham Əliyev dünya lideri kimi çıxış etdi"
İyul 05
16:54
2023
"Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı məzmununa, əhatə etdiyi problemlərə və ötürdüyü mesajlara görə də, nitqinin rəvanlığı və təsiri baxımından da möhtəşəm idi".
Qlobal.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid feysbuk profilində yazıb.
"Cənab Prezidentin BMT Təhlükəsizlik Şurasının hazırkı formasını keçmişin qalığı adlandırması, qurumun bəşəriyyətin gözləntilərinə cavab vermədiyini, təşkilatda ciddi islahatların qaçılmazlığını xüsusi vurğulaması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi barədə təklifləri, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın soyqırım cinayətlərində iştirakını, rəsmi Parisin irqçi və neokolonializm siyasətini, başqa dövlətlərin işlərinə kobud müdaxilə cəhdlərini kəskin pisləməsi, Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübənin tətbiqinə çalışdığını, bu dövlətin öz müstəmləkə keçmişinə, qanlı soyqırımı cinayətlərinə görə Qoşulmama Hərəkatına üzv olan Afrika və Cənub Şərqi Asiya ölkələrindən üzr istəməli olduğunu bəyan etməsi Azərbaycan liderinin üstün siyasi-diplomatik bacarığının, Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq siyasətə yüksək təsir gücünün növbəti aydın təzahürü idi. Torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın haqlı mövqeyinin müdafiəsində göstərdiyi dəstəyə görə Qoşulmama Hərəkatı ölkələrinə təşəkkürünü bildirməklə Azərbaycan Prezidenti ali səviyyədə, beynəlxalq miqyasda daha bir nəciblik, qədirbilənlik faktı nümayiş etdirdi.
Cənab Prezidentin bu çıxışını hər bir Azərbaycan vətəndaşının dinləməsi və bu nitqdən öyrənməsi, zəruri nəticələr çıxarması olduqca vacibdir. İndi dünya siyasətinə düzgün yön verən belə bir tutarlı siyasi-diplomatik mövqeni, bu cür geniş beynəlxalq təsir gücünü və yüksək nüfuzu məhz Azərbaycan Prezidentinin sərgiləməsi hər birimiz üçün qürur, iftixar qaynağıdır."-deyə, Rəşad Məcid qeyd edib.