Millət Tarixdən Üstün olanda Var olur
Dekabr 27
19:15
2021
Soylu ATALI
(Murad Adcının «Qıpçaq Çölünün Yovşanı» kitabının doğurduğu düşüncələr)
Tarixi vərəqlədikcə türk insanı qəribə duyğular keçirir. Millətimizin aqibəti nə qədər mürəkkəb, tarixi nə qədər ziddiyyətlidir! M.Adcının da dediklərindən bəlli olur, bu millətin tarixini bilərəkdən qarışıq duruma salıblar sanki. Söz yox, tarix çox keşməkeşli dövrlərin sirrini bilir. O da bəllidir, qədim dövrlərdə də, indiki kimi, toplumların siyasi başbilənləri arasında ağalıq, hegemonluq uğrunda savaşlar olub, qorxunc, qanlı qırğınlar baş alıb gedib. Qələbələrin başında isə ən çox türklər durub. Ancaq başqa millətlərdən fərqli olaraq, türklər Qələbələrini xəbisliyə çevirməyiblər. Ancaq ən pis olan odur ki, özləri ilə bağlı yaratdıqları tarixi yazıb qorumayıblar. Bir çox hallarda türkə yenilənlər də onun tarixini danmaq yolu tutublar. Araşdırmalar göstərir ki, Türk böyük mədəniyyət yaratdığı halda, öz mədəniyyətini qəbul elətdirməklə heç kəsi assimilyasiya etməyib, heç kəsin özünəxaslığını ortadan qaldırmağa çalışmayıb. Türk – vüqar deməkdir. Vüqarlı millət başqalarını danmaqla, ortadan qaldırmaqla gələcəyə addım götürməz, bunu özünə sığışdırmaz. Ancaq imperiyalar yaradıb başqalarını işğal edənlərin bir çoxları öz mədəniyyətlərini onlara (işğal elədiklərinə) zorla sırıyıblar. Üstəlik yerli mədəniyyətləri ortadan qaldırmağa çalışıblar. Biz bunu tarixdən ərəblərin, farsların, rusların, ingilislərin addımlarında açıq şəkildə görürük. Əslində, imperiyaları mədəniyyət deyil, işğalçılıq, zəbtçilik yaradır. İmperiyalar – mədəniyyəti zorun üzərinə pərdə kimi qullanırlar. Bu zaman mədəniyyət özü zor faktına çevrilir. Bütün bunlar "iki vur iki”dir. Bizim üçün məsələnin ağrılı cəhəti odur ki, türk bəşəriyyətə gərək olanda özünü unudub. Biz bunu tarixin bütün aşamalarında görürük. Rusiyanın yaranması, genişlənməsi yolunda Türkün (deyək ki, Dəşti-Qıpçaqların) böyük rolu oldu. Eləcə də Avropanın (Atilla dövrü) qədim mədəniyyətinin gəlişməsində Türkün danılmaz etkisi olmuşdur. Ərəb mədəniyyəti olan İslamın dünyaya yayılması, başlıca olaraq, Türkün əli ilə baş vermişdir. İslamın yaşamasının ən böyük qarantı olan Osmanlı imperiyası çox da uzaq keçmişdə qalmayıb i.a. Türkün özündən isə, demək olar, heç nə qalmayıb. Biz türkün tarixini ziddiyyətli kökə salanları, tarixin ən uca qatlarındakı mədəni varlığını dananları Türkün özündən daha az suçlayırıq. Heç nə Türkə haqq vermir ki, o bu gün özünün mədəni dəyərlərini unudub. Yeni dəyərlər isə yaradaraq bəşəriyyətin mədəni varlığına qatqı göstərmir (buna olanağı geniş olduğu halda). Yaradıcılığı olmadığına görə dağınıq durumdan çıxa bilmir, böyük birliyini yaratmaqda gecikir. Türkün belə dağınıqlığının bir nədəni də odur ki, Tarixə – onu fərqli adlarla çağırmaq imkanı verib. Ayrı-ayrı dövrlərdə millət, az qala, ayrı-ayrı soyların adı ilə çağırılıb. Beləliklə, Milli Ruhun bəlirliyi (müəyyənliyi) itib. Ayrı-ayrı qüvvələr bu adları (türk topluluqlarını) bir-birinə qarşı qaldırıb (ən başlıca örnək toplumlarımızın özlərini təriqət, məslək adları ilə çağırmalarını göstərmək olar: müsəlman, xristian, şiə, sünnü...). Güc parçalanıb, bütövlükdə millət basqı altına düşüb. Biz bu durumu Murad Adcının «Qıpçaq Çölünün Yovşanı» kitabından da görürük. Bu kitabda milli qeyrət, milli rahatsızlıq var. Elə buna görə də dəyərlidir. Bununla belə, kitabın, milli açıdan önəmli çalarları ilə yanaşı, bizi rahatsız edən yönlərini də vurğulamağı gərəkli sayırıq. Murad Adcı bu kitabında Türkün saflığından, dönməzliyindən, qorxmazlığından, döyüşkənlik hünərindən ciddi faktlar sərgiləyir. «Çöllünün üç müqəddəs arzusu olub: Birinci – at yəhərləmək; İkinci – ət yemək; Üçüncü – arvad almaq» – deyərək Türkün döyüşkənliyini, ailəcanlılığını bütövlükdə millətin tərbiyəsi kimi önə çəkir. Kitabda ayrı-ayrı xalqların Türkün insansevərliyinə sığınmasını qürurla izləyə bilirik. Türk – sıralarında yaşayan başqa millətlərin insanlarına da özləri qədər haqq verib, savaşda qatqılarını isə istisna edib. Yəhudiləri ölümdən qurtarıb, qoruyub. Döyüş vaxtı yağının (düşmənin) aman diləmələrini, diləklərini göz önünə alan Türk, amansız döyüşlərin içərisində belə, amansız olmadığını tarixin bütün aşamalarında sübut etmişdir. Yazar Türkün gözünün, könlünün toxluğunu da incələyib, izləyib suna bilib. Əlində imkanlar ola-ola qızıl, gümüş qabları deyil, sadə saxsı qabları qullanan Çöl başçıları sadə geyimləri ilə xalqla qaynayıb-qarışmaqdan belə, çəkinməmişlər. Bununla da yazar Çöllülərə (qıpçaqlara) «vəhşi» damğası vuranlara qarşı çıxır, onların saxta, qərəzli yanaşmalarını ciddi arqumentlərlə ifşa etməyə çalışır. Söz yox, Türkə vəhşi deməsə, gərək Avropanın bugünkü varisləri özlərinin mədəni özüllərinin Türkdən başladığını boyunlarına alsınlar. Dünya xalqlarını mədəni basqı altına alaraq yönətmək iddiasında olan Avropanın isə buna hünəri çatmır.
Kitabda çox ilginc başqa bir məsələ ilə də üzləşirik. Bildirildiyinə görə, xristianlığı Avropaya ən çox Qıpçaqlar yayıblar. Ancaq Qıpçaqlar xristianlığı Tanrıçılığa bağlı şəkildə sunublar. Bəlli olur ki, avropalılar Tanrıçılığı qəbul etməyiblər, xristianlığı isə Qıpçaqların tanrıçılığından ayırıb qəbul ediblər. Nədən?! Tanrıçılıq qəbuledilməz olaydırmı?! Bəs Avropalılar xristianlığı sevgi iləmi qəbul ediblər?! – Məsələ heç də bu cür deyil. Hələ o da bəllidir ki, xristianlıq yayılmağa başladığı çağlardan avropalılar xristianlara divan tuturdular. Belə görünür, Avropa dolaşıq, ciddi əsası özü ilə bağlı olmayan səbəbdən xristianlığı qəbul edərək, onun (Türkün) ruhani ortamına girməkdənsə, heç bir güc göstərmək etkisi olmayan, arxasında hansısa gücün durmadığı dini – xristianlığı qəbul etməyi üstün tutub. O da var ki, Türk xristianlığı yaysa da, onun yaradıcısı deyildi. Başqa sözlə, xristianlıq türkün ruhundan yaranmamışdı – xristianlığa bağlı şəkildə Tanrıçılığını gətirsə də. O dövrdə türk, xristianlığı yaymaqla, özünü bəşəri dəyərlərin, yaxşı əməllərin yiyəsi kimi aparırdı. Yaydığı məsləkdə hansı yanlışlar var idi, nə dərəcədə o bütöv idi, ya deyildi – bu, məsləki yaradanların boynundaydı (yayanların yox). Deməli, Avropada xristianlıq inanc kimi qəbul olunmayıb, siyasi sığınacaq kimi qəbul olunub. Deməli, Avropanın ağalıq tamahı o dövrdən mövcuddur. Bu günkü xudbinliyi də o xislətindən gəlir. Heç bir Avropa ölkəsinin xristianlığında İsa sevgisi, sayğısı yoxdur. Xristianlıq siyasi proseslərin tərkib hissəsi kimi var. Bu cür xristianlığı qəbuleləmə, necə də farsların Zərdüştçülükdən əl çəkib, döyüsüz İslamı qəbul etmələrinə bənzəyir! Farslar da Zərdüştçülük inancı tələbində türklərin Ruhani ortamına boyun əyməkdən özlərini qorumaq üçün İslamı qəbul etdilər. Deyə bilərik, hər ikisi fars üçün özgədir. Hər halda, Türkün mədəni etkisində siyasi bağımsızlıqlarının çətin olacağını düşünürdülər. Ərəblərin kölgəsində isə siyasi bağımsızlıq əldə edəcəklərinə inanırdılar. Bizim bəzi üzdən düşünən düşünərlərimiz də Zərdüştçülüyü farsa özgün sayırlar. Ancaq fərqinə varmırlar, Zərdüştçülük farsın olsaydı, ondan əl çəkməzdi. (Bu ayrı bir qonudur, davam etmirik).
İndi bizi qayğılandıran başqa bir məsələyə göz yetirək. Yazar «hər şeydə, hər yerdə Türk sözü var, Türk əməli var» deyərək axtarışlarını elə qurub, qorxulu bir bədbinlik, əlacsızlıq çevrəsi yaranır. Sanki türk bütün potensiyasını Qədimdə qoyub gəlib, tükənib, qurtarıb. Elə bil, bizim bircə əlacımız qalıb: Avropadan, Rusiyadan mənimsədiklərini geri istəməklə, yeni bir sivil Türk milləti yaratmaq. Bu cür çabalar ona görə var ki, Türk yeni dəyərlər yaratmır, yaratmağa girişmir. Əgər bu millət yeni dəyərlər yaratsaydı, hər şeydə Türkün olduğunu gedib tarixdə axtarmaqla gələcəyin, tam olaraq, bu axtarışdan asılı olduğu düşüncəsi yaratmazdı. Yeniləşən xalq tarixi də yeniləşdirir, tarixdəki həqiqətləri də doğruldur.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!