SON XƏBƏR

Millət vəkili: “Rus dilinin yenidən nüfuz qazanmasını təhlükə hesab etmirəm”

Oktyabr 08
15:24 2019
"Rus dilinin hazırda yenidən nüfuz qazanmasını böyük təhlükə hesab etmirəm".

Qaynarinfo xəbər verir ki, bu sözləri millət vəkili, akademik Nizami Cəfərov APA-ya geniş müsahibəsində deyib.

Akademik son illər Azərbaycan cəmiyyətində rus dilinin nüfuzunun artmasının təhlükəli olub-olmaması məsələsinə də münasibət bildirib:

"Burda belə bir cəhəti qeyd etmək lazımdır. Biz ötən əsrin 70-80-ci illərinə qədər rus dili ilə sıx əlaqədə idik. Hər bir xalqın dünyaya çıxışında bir beynəlxalq dil olmalıdır. Bizdə bu işi rus dili görürdü. Sonradan rus dilindən kəskin imtina elədik və beynəlxalq arenaya ingilis dili ilə çıxmağa çalışdıq, ancaq effektiv olmadı. Ona görə də rus dilinə qayıdış bizim beynəlxalq dilə çıxış axtarışlarımızın səbəbidir. Bizim ingilis dili mühitinə daxil ola bilməməyimizin müəyyən səbəbləri var. Burda onların bizi qəbul eləmək məsələsi də rol oynayır. Yəni bu gün biz təzadlı vəziyyətdəyik. Belə bir vəziyyətdə isə rus dilinin bizim orta məktəblərə gəlməsi normaldır. Ailələr uşaqlarını rus bölməsinə ona görə qoyur ki, gələcəkdə uşağın yaşaması, işləməsi üçün böyük məkan var. İlk növbədə dil seçilmir, yaşama marağı seçilir. İngilis dili bizə çox uzaqdır, yaxın coğrafiyada isə Rusiya var. Rusiya bizim üçün heç vaxt itirə bilməyəcəyimiz məkandır. Çünki Rusiya da, rus dili də bizim üçün təkcə ruslar demək deyil. Rus dili bu gün bizim üçün qazaxla da, türkmənlə də, tatarla da danışıq vasitəsidir. Hələlik Türkiyə türkcəsi o ünsiyyət funksiyasını yerinə yetirə bilmir”.

Nizami Cəfərov rus dilində təhsil alan uşaqların sonradan öz dillərini tam qavraya bilməməsi ilə bağlı sualı da cavablandırıb:

"Dilçilik baxımından belədir ki, uşağın öz ana dilində dil açması şərtdir. İkinci şərt uşağın ibtidai təhsili ana dilində almasıdır. Bizdə də hazırda rusdilli məişət mühiti xeyli zəifləyib, anadilli məişət mühiti güclüdür. Bir vaxtlar ailələr vardı, azərbaycanca kəlmə bilmirdi. Bakıya rayonlardan çoxlu sayda qaçqın-köçkün gəldi, xeyli axın oldu, balans dəyişdi, hazırkı mühitdə rus dilini ailənin içinə tam buraxmaq imkanı yoxdur. Dilçilik baxımından ana dili o vaxt sıradan çıxır ki, xaric dil sənin ailənə daxil olsun. Xarici dil sənin ailənə daxil oldusa, problem yaradır. Amma neyləyəsən ki, xarici dil sənin təhsil mühitinə daxil olmalıdır, onsuz keçinmək olmaz, təki ailə mühitinə daxil olmasın. Rus dilinin hazırda yenidən nüfuz qazanmasını böyük təhlükə hesab etmirəm. Ona görə ki, hələlik Azərbaycan dilinin beynəlxalq dil olmaq imkanı yoxdur. Bura hansısa dil gəlməlidir. Bu beynəlxalq dilin də gələcəkdə rus dili  olacağına inanmıram, bu sadəcə keçid dövrüdür. Rus dili də öz mövqeyini dünyada tədricən itirir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook