SON XƏBƏR

Milli Arxiv İdarəsində satınalmalar şişirdilir? - Araşdırma (YENİLƏNİB)

Avqust 05
00:05 2021
Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılıb. 
 
Dövlət büdcəsindən maliyyələşən Milli Arxiv İdarəsi hər il müxtəlif lotlar üzrə satınalmalar həyata keçirir.
 
Qlobal.az xəbər verir ki, Milli Arxiv İdarəsinin müntəzəm olaraq sifarişçi olduğu satınalmalar arasında "Soyutma və isitmə sistemlərinə xidmət işləri”-nin satınalınması lotu əsas yer tutan satınalmalardandır.
 
Milli Arxiv İdarəsi 2020-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayının 2-dək "Soyutma və isitmə sistemlərinə xidmət işləri” lotu üzrə üç satınalma həyata keçirib. 
 
Belə ki, Milli Arxiv İdarəsinin "Soyutma və isitmə sistemlərinə xidmət işləri” lotu üzrə 2020-ci ilin yanvar ayının 28-də sifarişçi olduğu satınalmanın məbləği 57.985 manat, 2021-ci ilin aprel ayının 4-də eyni lot üzrə sifarişçi olduğu satınalmanın məbləği 64.650 manat, 2021-ci ilin iyul ayının 2-də yenə də həmin lot üzrə sifarişçi olduğu satınalmanın məbləği isə 61.693 manat olub.
 
Ümumilikdə 184.328 manat smetası olan hər üç satınalmanın qalibi "Laxas" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
 
"Laxas" MMC-nin hansı profil üzrə fəaliyyət göstərdiyi barədə məlumat yoxdur. Nizamnamə kapitalı on manat olan "Laxas" MMC 1997-ci ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Əkbərov Namiq İsmayil oğludur. 
 
Fəaliyyəti haqqında heç bir informasiya olmayan "Laxas" MMC-nin 2 il ərzində Milli Arxiv İdarəsinin "Soyutma və isitmə sistemlərinə xidmət işləri” lotu üzrə sifarişçi olduğu ümumilikdə 184.328 manatlıq tenderin qalibi olması olduqca şübhəli görünür və ortaya bir çox suallar çıxarır. 
 


 
Burada digər maraqlı məqam isə Milli Arxiv İdarəsinin sifarişçi olduğu satınalmalarda qiymətlərin həddindən çox göstərilməsi ehtimalının olmasıdır. 
 

 
Müqayisə üçün onu deyək ki, "Laxas" MMC 2020-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "isitmə, soyutma və havalandırma sistemlərinin təmiri" lotu üzrə sifarişçi olduğu iki satınalmanın qalibi olub. 2020-ci ilin aprel ayında Konstitutsiya Məhkəməsinin keçirdiyi və "Laxas" MMC-nin qalib olduğu satınalmanın məbləği 14.245 manat, həmin ilin oktyabr ayının 30-da yenə eyni lot üzrə keçirilən satınalmanın məbləği isə 5.979 manat olub.
 
Göründüyü kimi eyni xidmətlər üzrə Milli Arxiv İdarəsi ilə Konstitutsiya Məhkəməsinin sifarişçi olduqları satınalmada qiymət fərqi 5-10 qat olaraq kəskin fərqlənir. 
 
Eyni xidmətlər üzrə olan satınalmalarda qiymət fərqinin kəskin dərəcədə fərqli olmasına heç bir qurum münasibət bildirməyib. 
  
Xatırladaq ki, Milli Arxiv İdarəsinə 6 respublika əhəmiyyətli dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 55 rayon və şəhər dövlət arxivləri daxildir.
 
Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların gördükləri işləri "şişirtmələri" ekspertlər və iqtisadçılar tərəfindən zaman-zaman səsləndirilib. 
 
Prezident İlham Əliyev cənabları 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə dövlət xətti ilə satınalmalarda qiymətlərin şişirdildiyini deyərək bu sahəyə nəzarətin gücləndirilməli olduğunu vurğulamışdı.
 
***
 
Milli Arxiv İdarəsi sifarişçi olduğu satınalmalarla bağlı Qlobal.az saytının hazırladığı "Milli Arxiv İdarəsində satınalmalar şişirdilir? - Araşdırma" başlıqlı məqaləyə münasibət bildirib.
 
Qlobal.az Milli Arxiv İdarəsinin məsələ ilə bağlı mövqeyini təqdim edir:
 
"Nəzərinizə çatdırırıq ki, tərəfinizdən araşdırma aparılarkən bir çox hallarda qeyri dəqiqliyə yol verilmişdır. Belə ki, 2021-ci ildə qeyd etdiyiniz lot üzrə elan edilmiş satınalma proseduru iki halda (iştirakçı sayının az olması və bank təminatı təqdim olunmaması səbəbindən) ləğv olunduğu üçün, həmin lot üzrə təkrar satınalma proseduru elan edilmiş 02 iyul 2021-ci il tarixli yekun protokolla qalib müəyyən edilərək 61.693 m dəyərində müqavilə imzalanmışdır. Qeyd olunanlar araşdırmanızda nəzərə alınmamış, nəticədə tərəfinizdən sorğuda həqiqəti əks etdirməyən ümumiləşdirilmiş rəqəm (184.328 m) göstərilmişdir.

Milli Arxiv İdarəsi tərəfindən keçirilən satınalmalarda müəyyən olunmuş qiymətlərin, digər qurumla müqayisədə artırılması məsələsinə gəldikdə bildiririk ki, aparılan müqayisə keçərli deyildir. Belə ki, İdarənin sifarişçi olduğu soyutma və isitmə sistemlərinə xidmət işləri bütövlükdə Milli Arxiv İdarəsi və onun tabeliyində olan 6 dövlət arxivinin yerləşdiyi inzibati binalarda, o cümlədən 300 illik tarixi dövrü əhatə edən Azərbaycan xalqının milli sərvəti olan arxiv sənədlərinin böyük diqqətlə mühafizə olunduğu 11400 m 2 sahəyə malik 73 mühafizəxanada quraşdırılmış istmə-soyutma sistemlərinin, havalandırma avadanlıqlarının dayanıqlı fəaliyyət göstərilməsi xidmətini əhatə edir. Arxiv sənədlərinin etibarlı mühafizəsinin təşkilndə tempratur-rütubət rejiminin mühüm əhəmiyyət kəsb etməsi, onun normalara uyğun tənzimlənməsinin vacibliyi, bu işə xüsusi ixtisaslaşmış və peşəkar xidmətin cəlb olunmasının zəruriliyi, habelə arxiv sənədlərinin yerləşdiyi mühafizəxanalara giriş-çıxışın xüsusi qaydalarla tənzimlənməsi barədə əlavə izahat verməyə, yəqin ki, ehtiyac yoxdur.

Əmin ola bilərsiniz ki, İdarədə həyata keçirilən hər bir satınalma proseduru müvafiq sahə üzrə qanunvericilik aktlarının tələblərinə uyğun elektron-tender platforması üzərindən icra olunur, aidiyyəti dövlət qurumları və İdarənin daxili nəzarət strukturları tərəfindən yoxlanılır".
 
Redaksiyadan: Qeyd edək ki, yazıdakı məlumatlar etender.gov.az portalından əldə edilib. Yazı hazırlanan zaman Milli Arxiv İdarəsinin sifarişçi olduğu satınalmanın ləğv edilməsi barədə portalda məlumat yerləşdirilmədiyi üçün ümumi rəqəmlərdə yanlışlığa yol verilib. Lakin Milli Arxiv İdarəsinin cavabını dolğun hesab etmirik. Çünki bir çox suallara aydınlıq gətirilməyib. Belə ki, satınalmalarda daha hansı şirkətlərin iştirak etdiyi, bu şirkətlərin maddi-texniki təklifləri barədə qurum açıqlama verməyib. Bundan əlavə 3 il ərzində eyni təşkilatın - Laxas MMC-nin Milli Arxiv İdarəsinin qeyd edilən lotlar üzrə sifarişçi olduğu satınalmada qalib elan edilməsinin səbəblərinə də toxunulmayıb. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook