SON XƏBƏR

Millimizin uşaqbazlıqda suçlanan baş məşqçisinin cinayət işi prokurorluqda! - ARAŞDIRMA

Avqust 31
18:01 2016
Əslində, bu araşdırmanı başlatmağa sövq edən informasiyalar hələ Rio olimpiadasının başlanmasından təxminən 2 ay əvvəldən əlimizdə idi və onu ictimaiyyətə təqdim etmək üçün mütləq geniş araşdırma aparmalı idik. Digər tərəfdən, qarşıda ölkə idmanı üçün mühüm hadisə - Rio-2016 var idi və həmin ərəfənin həssaslığını, millinin düşərgəsində yaşana biləcək ajiotajı nəzərə alıb tələsməmək qərarına gəldik. Hadisələrin gedişatı da göstərdi ki, yanılmamışıq...



Dosye

Peter Zayzenbaher. 1960-cı il martın 25-də Vyanada doğulmuş avstriyalı cüdoçu. 1984 və 1988-ci illərdə keçirilmiş olimpiadaların qızıl mükafatçısı. 2010-2012-ci illərdə Gürcüstanın cüdo millisini çalışdırıb. Bu ölkəyə Avropa çempionatında 2 qızıl, 3 gümüş və 4 bürünc, dünya çempionatında 1 bürünc, London olimpiadasında isə 1 qızıl qazandırıb. 2012-ci ilin oktyabrında Azərbaycanın cüdo yığmasına baş məşqçi təyin olunub. Azərbaycan cüdo tarixinə ilk dünya çempionu verən mütəxəssis kimi düşüb. Onun ilyarımlıq fəaliyyəti dövründə Elxan Məmmədov (100 kq) 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş dünya çempionatında çəkidə qızıl medala sahib olub. Həmin çempionatda Orxan Səfərov 60 kq çəkidə bürünc medala yiyələnib. Ötən il Azərbaycan Cüdo Federasiyasında rəhbər dəyişikliyi edildikdən – Rövnəq Abdullayev prezident seçildikdən sonra atılmış ilk addım məhz Zayzenbaherin yığmanın sükanı arxasına gətirilməsi olub. Və avstriyalı çalışdırıcının rəhbərliyi altında komandamız Rioda keçirilən olimpiadada 2 gümüş medal qazanıb (Elmar Qasımov və Rüstəm Orucov).

Hər gözəlin eybi olar, amma...

Bütün bunlar ilk baxışda Peter Zayzenbaherin müsbət xarakteristikaya malik olması görüntüsü yaradır. Amma bu "gözəlimizin də bir eybi” var. Və bu eyibin üstü hələ iki il bundan əvvəl açılıb. Baxmayaraq ki, bu eyibdən dünya mətbuatı kimi Azərbaycan mətbuatı da xəbərdar idi, Cüdo Federasiyası yenidən onunla işbirliyinə "hə” dedi. Görünür, yeni rəhbərlik  Zayzenbaherin öz ölkəsində pedofillikdə ittiham olunduğunu, hətta buna görə istintaqa cəlb edildiyini bilmirdi, yaxud bilənlər də unutmuşdu. Axı bu hadisə 2014-cü ildə mətbuata çıxarılmışdı və onda Peter, özünün də ifadə etdiyi kimi, sadəcə öz biznesi ilə məşğul idi, Azərbaycandan 1 il əvvəl getmişdi. Çox maraqlıdır ki, bu fakt avstriyalı çalışdırıcı ötən il baş məşqçi təyin olunanda vaxtilə onun pedofillikdə suçlandığını dərc edən Azərbaycan mətbuatının da yadına düşmədi... 

Qısa xatırlatma

Peter Zayzenbaherlə bağlı açılmış cinayət işində qeyd olunur ki, o, 2000-ci illərin əvvəllərində Avstriyada Vyana şəhər Cüdo İttifaqında işləyərkən 4 qıza (onlardan biri yetkinlik yaşına çatmayan məktəbli olub) qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinir. Onun barəsində cinayət işi 2013-cü ildə açılsa da, bununla bağlı xəbərləri ilk dəfə 2014-cü il iyun ayının 11-də Avstriya mətbuatı yayıb. Bundan sonra digər Avropa ölkələrinin KİV-i, o cümlədən Rusiya və Azərbaycan mətbuatı da bu məlumatı Avstriya mətbu orqanlarına istinadla işıqlandırıb. Qeyd olunan tarixdə avstriyalıların yaydığı məlumatlarda bildirilirdi ki, Zayzenbaher tərəfindən zorlandığını iddia edənlər məhkəməyə müraciət ediblər.

Federasiyanın susqunluğu... 

Məsələnin ciddiliyini nəzərə alaraq Azərbaycan Cüdo Federasiyasına iyunun 6-da aşağıdakı məzmunda informasiya sorğusu göndərdik:

"Azərbaycanın cüdo üzrə milli komandasının baş məşqçisi Peter Zayzenbaherin öz ölkəsi Avstriyada 4 qıza (biri yetkinlik yaşına çatmayıb) qarşı cinsi zorakılıq tətbiq etməkdə şübhəli bilinərək 2014-cü ildə istintaqa cəlb olunması və bu faktla bağlı məhkəməyə prosesinin hələ də davam etdirilməsi ilə bağlı apardığım araşdırmanın tamamlandırılması üçün aşağıdakı suallarımı cavablandırmağınızı xahiş edirəm:

1. Peter Zayzenbaherlə müqavilə imzalanarkən onun barəsində cinayət işinin başladıldığını, iddiaların təsdiqlənəcəyi təqdirdə onu 10 il müddətinə azadlıqdan məhrum olunacağı barədə məlumatınız var idimi? Var idisə, bu məlumatı özündən, yoxsa üçüncü şəxslərdən almışdınız?
2. Peter Zayzenbaherin sırf istintaq prosesinin uzadılması üçün vətəni Avstriyaya getməkdən yayındığı və səfərlərinin çox qısamüddətli olduğu iddia edilir. Bu barədə məlumatınız varmı?
3. Rio Olimpiadasında əldə olunacaq nəticələrdən asılı olmayaraq, adı cinsi zorakılıqda hallandırılan və barəsində məhkəmə işi açılan şəxsin milli komandamızda qalması Azərbaycanın idman ölkəsi imicinə zərbə olmayacaqmı? 
4. Peter Zayzenbaherin bundan əvvəl çalışdığı Gürcüstan millisindən də qalmaqallı şəkildə uzaqlaşdırıldığı bildirilir Bu barədə məlumatlısınızmı?”

Aradan 3 aya yaxın vaxt keçib və federasiya bu müddətdə çox şeyi aydınlaşdıra, cavab verə bilərdi. Ancaq qurum hələ də susur. Olmaya "torbada pişik var”?

... Vyana prokurorluğunun korrektliyi

Bizim federasiyadan fərqli olaraq, Avstriya tərəfi məsələyə münasibəti Vyana prokurorluğunun mətbuat katibi Nina Bussek qismində cavablandırıb: "Bu, çox həssas məsələdir. Onunla (Peter Zayzenbaheri nəzərdə tutur – red.) bağlı müəyyən şübhələrimiz var. Bu işlə əlaqədar olaraq bir neçə nəfərin ifadəsi də alınıb. Lakin Zayzenbaherin özü suallarımıza cavab verməyə razılaşdıqdan sonra çox şeyə aydınlıq gələcək. Proses hələ davam edir və qanunvericiliyə əsasən, barəsində həbs-qətimkan tədbiri olmadığı üçün onun Avstriyadan kənara çıxmasına heç bir maneə yoxdur”. 

Yeri gəlmişkən, məsələyə həmin günlərdə münasibət bildirən Avstriya Cüdo Federasiyasının prezidentiHans Paul Kuçera demişdi ki, bu xəbər federasiyada şok yaratdı: "Peter olimpiadada iki qızıl almış yeganə avstriyalıdır. O, indiyədək bütün ölkənin fəxri olub. Ümid edirəm, bu xəbərlər təsdiqini tapmayacaq. Biz həqiqətin ortaya çıxması üçün əlimizdən gələni etməyə hazırıq”. 

Zayzenbaherin vəkili Bernhard Lehofer 2014-cü il iyunun 11-də Avstriya mətbuatına açıqlamasında müvəkkilinin növbəti həftənin çərşənbə axşamı günü (17 iyun) ifadə verəcəyini, hamını həmin vaxtadək təmkinli olmağa səsləsə də, sonrakı tarixlərdə çıxan açıqlamalardan Zayzenbaherin istintaqa ifadə verib-vermədiyi bəlli olmur. Avstriya mətbuatında yer almış məlumatlardan onun 2015-ci ilin böyük hissəsini öz ölkəsindən kənarda keçirdiyi və bu səbəbdən prosesin ləngidiyi aydın idi. Nəhayət, ötən ayın sonlarında istintaqın yekunlaşdığı və cinayət işinin materiallarının Baş prokurorla yanaşı, Ədliyyə Nazirliyinə göndərildiyi bildirildi. Açıqlamada qeyd olundu ki, istintaqın gəldiyi qənaət haqqında heç bir informasiya verilə bilməz və məsələ hüquqi həllini tapana qədər məlumat ictimaiyyət üçün qapalı olacaq. Buna görə də, hələlik bizə gözləmək qalır – federasiyamızın məsələyə reaksiyasını, Avstriya Baş prokurorunun və Ədliyyə Nazirliyinin çıxaracağı qərarı. Qeyd edək ki, iddialar təsdiqlənərsə, Zayzenbaher 10 il müddətinə azadlıqdan məhrum ediləcək.

Və sonda: Avropa idmanında adı bu cür qalmaqallarda hallanan şəxsləri, ən azı, araşdırmalar tamamlananadək işlərindən uzaqlaşdırırlar - sonradan baş verə biləcək biabırçılıqdan sığortalanmaq üçün. Biz bunu sonuncu dəfə adları seks qalmaqalında hallanan Valbuena və Benzemanın Fransa millisindən uzaqlaşdırılması nümunəsində gördük...(Korner.az)
 
Qlobal.az







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook