Milyarderin şirkəti tenderdə qalib oldu
Yanvar 11
12:47
2023
Bakı Nəqliyyat Agentliyinin (BNA) keçirdiyi tender müsabiqəsinin qalibi "CIG Azerbaijan” MMC (VÖEN – 1702850641) olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin şərtlərinə əsasən "CIG Azerbaijan” MMC BNA-nın sifarişi əsasında nəqliyyat vasitələrini xaricdən Azərbaycana gətirəcək və qarşılığında 77 000 manat alacaq.
Qeyd edək ki, "CIG Azerbaijan” MMC 21.05.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Nizami, ev 69-da (İSR Plaza) yerləşir. Qanuni təmsilçisi Fəttayeva Vəfa Miri qızıdır.
Məlumat üçün onu da qeyd edək ki, "CIG Azerbaijan” MMC məşhur azərbaycanlı iş adamı İsgəndər Xəlilova məxsus olan "İSR” Şirkətlər Qrupuna daxildir.
İsgəndər Xəlilov 1955-ci ildə Bakıda anadan olub. 1988-ci ildən 1991-ci ilə qədər "LUKoyl” şirkəti prezidentinin məsləhətçisi olub. 1991-ci ildə "LUKoyl – Azərbaycan” Neft Şirkətinin direktorlar şurasının sədri seçilib. 1996-cı ildən 2000-ci ilə qədər "LUKoyl – Türkiyə” nümayəndəliyi İdarə Heyətinin rəhbəri olub.
Hazırda İsgəndər Xəlilovun oğlu Rauf Xəlilovun rəhbərlik etdiyi "İSR Holdinq”in rəsmi saytında qeyd olunur ki, şirkət 1995-ci ildə təsis edilib və fəaliyyət sahəsinə otelçilik, daşınmaz əmlak, logistika, texnologiya, pərakəndə satış, avtomobil istehsalı və s. kimi sahələr daxildir.
Holdinq öz müəssisələri ilə yanaşı, "Park Inn by Radisson”, "Hilton”, "Toyota”, "Lexus”, "Zara”, "Bershka” və s. kimi bir sıra məşhur beynəlxalq brendlərin də təmsilçisidir.
Qlobal.az