Milyardlarla borcu qaytarmaq mümkün olacaqmı?
İyun 02
10:36
2016
Oqtay Haqverdiyev: «Bir neçə milyard borc götürmək hələ son deyil»
Nümayəndə əlavə edib ki, müraciətlə bağlı müsbət qərar qəbul edildiyi halda kredit dövlət zəmanəti ilə ayrılacaq.
Azərbaycan "Cənub Qaz Dəhlizi” QSC eyniadlı layihənin reallaşdırılması üçün 1 mlrd. dollarlıq avrobond buraxmaq, o cümlədən Dünya Bankından 500 mln. dollarlıq kredit cəlb etmək niyyətindədir. "Bloomberg” agentliyinin məlumatına görə, bu barədə QSC-nin rəhbəri Əfqan Isayev bildirib. Onun sözlərinə görə, qiymətli kağızlar bu ilin sonunadək yerləşdiriləcək. Ə. Isayev əlavə edib ki, vəsaitin cəlb olunması üçün Asiya Inkişaf Bankı və Avropa yenidənqurma və Inkişaf Bankı ilə də danışıqlar aparılır.
"Azərbaycan tərəfi layihədəki payını maliyyələşdirmək üçün $500 mln. həcmində kreditin ayrılması xahişi ilə Dünya Bankına müraciət edib. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır”, – deyə bankın nümayəndəsi bildirib. Onun sözlərinə görə, layihənin benefisiarı "Cənub Qaz Dəhlizi” QSC olacaq.
Nümayəndə əlavə edib ki, müraciətlə bağlı müsbət qərar qəbul edildiyi halda kredit dövlət zəmanəti ilə ayrılacaq.
Bütün qeyd olunanlara nəzər salanda ölkənin xarici borcunun kifayət qədər olduğunu aydın şəkildə görmək mümkündür. Artıq yanvarın 1-nə kimi beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 10.3 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb və istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcu 6.9 milyard dollar olub. Imzalanmış sazişlər üzrə xarici dövlət borcu Ümumi Daxili Məhsulun (ÜDM-in) 28.5, istifadə edilmiş kreditlərə görə isə 19.8 faizini təşkil edib. Hazırda imzalanmış sazişlər üzrə xarici dövlət borcunun miqdarı adambaşına ilk dəfə 1000 dolları aşaraq 1030 dollar təşkil edir.
Xatırladaq ki, 2014-cü illə müqayisədə ötən il xarici dövlət borcu 273.1 milyon ABŞ dolları artıb. ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-də xüsusi çəkisini kəskin şəkildə artıraraq, onu 1/5-nə çatdırıb. Xarici dövlət borcunun 58.6 faizi və ya 6 milyard dolları 10 ilə ödənilməlidir. Götürülmüş öhdəliklər üzrə dövlətin borcunun əsas hissəsi 2025-ci ilədək qaytarılmaldır. Bu isə ildə orta hesabla 600 milyon dollar vəsaitin bu məqsədlər üçün istifadə ediləcəyi deməkdir.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Oqtay Haqverdiyev xarci borcun ümumdaxili məhsula nisbətdə 10-12 faiz təşkil etdiyini deyərək bunun 50 faizə çatma məqamının xüsusilə təhlükəli olduğunu bildirir. Yəni bu hədd artıq ölkənin müflisləşməsinin siqnalıdır:
"Dünyanın inkişaf etmiş ölkələrinə diqqət edəndə bu həddin artıq 100 faizə çatdığını, bəzən bu həddi də keçdiyini görmək olar. Ölkəmiz üçün hazırda qorxulu bir şey yoxdur. Mövcud valyuta ehtiyatları isə adətən, forsmajor vəziyyətlər yarananda istifadə edilir. Yəni başqa yerdən işıq ucu olmayanda valyuta ehtiyatlarından istifadə etmək olar. Dünya iqtisadiyyatlarının inkişafı adətən, kreditlər hesabına baş verir. Milyarderlər belə, iş görmək üçün öz milyardlarını qoyub banklardan kredit götürür və sonra da onu geri qaytarırlar. Yəni ölkəmizdə bu həddə çox var. Bir neçə milyard borc götürmək hələ işin sonu demək deyil. Böyük borclar iri layihələr üçün alınır və onu qaytarmaqda ciddi qorxu yoxdur. Müsbət haldır ki, hələ xaricdən bizə belə böyük miqdarda kreditlər verilir. Çünki reytinq məsələsinə görə ölkəmiz aşağı yerlərdə qərarlaşıb”. (Azadlıq.info)
Qlobal.az