Mingəçevir su elektrik stansiyası yenidənqurmadan sonra bu il istifadəyə veriləcək
Aprel 27
12:27
2018
Mingəçevir su elektrik stansiyası yenidənqurmadan sonra bu il istifadəyə veriləcək.
Bu barədə "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.
O bildirib ki, elektroenergetika sistemi ölkənin sosial-iqtisadi inkişafı baxımından strateji sahə olduğuna görə burada daim perspektiv inkişafla bağlı yeni hədəflər müəyyənləşdirilir. Cari ildə elektroenergetika sistemində bir sıra yeniliklərin olacağı gözlənilir. 2010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 meqavata çatdırılan Mingəçevir su elektrik stansiyasının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
E.Pirverdiyev qeyd edib ki, Lerik rayonunda tikilən 16,5 meqavat gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan "Astara-1”, "Oğuz-1”, "Oğuz-2” və "Oğuz-3” kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur.