SON XƏBƏR

Monqollarla türklərin qarışığı – Dünyanın diqqətini özünə cəlb edən qaraqalpaqlar kimdir?

İyul 06
15:23 2022
Özbəkistanın Qaraqalpaq muxtar respublikasında son günlər müşahidə olunan gərginlik dünyanın diqqətini bu bölgəyə yönəldib.

Qaraqalpaqlar suveren statusunun və Özbəkistanın tərkibindən ayrılmaq hüququnun Konstitusiyaya nəzərdə tutulan son dəyişiklik layihəsində çıxarılacağına etiraz ediblər. İğtişaşlar zamanı azı 18 nəfərin öldüyü, 243 nəfərin yaralandığı məlumdur.

Bu gərginlik fonunda Konstitusiyaya nəzərdə tutulan həmin dəyişikliyin Konstitusiyaya əlavə edilməyəcəyi vurğulanıb.

Lent.az çoxsaylı türk xalqlarından olan qaraqalpaqların tarixinə qısa nəzərə salıb. 

Qaraqalpaqıstan Özbəkistanın qərbində yerləşən muxtar respublikadır. Ərazisi Özbəkistanın ümumi sahəsinin 40%-ni yaxud 166 min kvadrat kilometrini təşkil etsə də, burada cəmi 2 milyona yaxın əhali yaşayır.

Həddindən artıq quraq ərazi kimi tanınan Qaraqalpaqıstanda Sovet İttifaqının mövcud olduğu dövrdən bəri əhalinin siyahıya alınması həyata keçirilməyib. Məhz bu səbəbdən ölkədə nə qədər qaraqalpaq mənşəli vətəndaşın olduğu məlum deyil.

Qaraqalpaqıstanın Özbəkistanın tərkibində yüksək muxtar statusu var idi və ölkə müstəqil olduqdan sonra rəsmi Daşkənd Qaraqalpaqıstanla 1992-ci ilin yanvarında saziş imzalayaraq onun xüsusi statusunu saxlayıb.

Muxtar statusu ilə yanaşı, regionun müstəqillik haqqında referendum keçirmək hüquq da Konstitusiyada ayrıca müddəa kimi qeyd olunub.

Muxtar region 16 rayondan və 1 respublika tabeliyində olan paytaxt şəhər – Nukusdan ibarətdir. Bölgədə bütün təhsil müəssisələrində tədris qaraqalpaq dilində aparılır.

Ötən əsrin 20-ci illərinin sonlarında qaraqalpaq dili ərəb əlifbasından çıxarılaraq latın qrafikalı əlifbaya keçirilib.

Özbək və qaraqalpaq dilləri fərqli dil qruplarına daxildir. Qaraqalpaq dili daha çox qazax və noqay dillərinə yaxındır.

Qaraqalpaqları özbək və qonşu qazaxlardan hansı xüsusiyyətlərin fərqləndirdiyini demək üçün tarixi proseslərə toxunmaz lazımdır.

Müasir özbəklər qarluq mənşəli xalq sayılır, qaraqalpaqlar isə qıpçaq mənşəlidir.

Hesab olunur ki, qaraqalpaqların əcdadları Mərkəzi Asiyada köçəri həyat tərzi sürən sak, skif və massaget tayfaları olub.

Tarixi mənbələrdə qaraqalpaqlar barədə ilk məlumatlar XVI əsrin əvvəllərinə aiddir. Həmin vaxtlar onlar Sırdərya çayının aşağı axarlarında məskunlaşmışdı. Bu dövrdə qaraqalpaqlar bəzi oğuz, noqay, peçeneq və qıpçaq tayfalarının birləşməsi nəticəsində vahid xalq kimi formalaşır və bu proses əsrin sonunda yekunlaşır.
Qaraqalpaq xalqının etnogenezində monqol tayfalarının da önəmli rol oynadığı məlumdur. Amma onlar çoxluq təşkil edən türk etnosunun təsiri ilə assimilyasiyaya uğrayaraq qaraqalpaqların arasında qaynayıb-qarışıblar. Bu xalq qıpçaq boyundan olan qazaxlar, qırğızlar və noqaylarla daha yaxındır.
Sırdərya çayı tarixən oturaq və köçəri xalqların sərhədi sayılırdı və qaraqalpaqların da bir hissəsi mal-qara otarmaqla, digər hissəsi isə balıqçılıq və əkinçiliklə məşğul idi.

Siyasi baxımdan isə qaraqalpaqlar Noqay Ordası dövlətinin tərkibinə daxil idilər. Kalmık və qazaxların yürüşləri nəticəsində Noqay Ordası dövlət kimi varlığını itirir və Böyük, Kiçik və Altı Ulus Ordası dövlətlərinə parçalanır.

Mənşəcə noqaylarla və qazaxlarla yaxın olan qaraqalpaqlar Altı Ulus Ordasının tərkibinə keçir.

Noqaylar Mərkəzi Asiyadakı müharibələr zamanı qazaxlara məğlub olduqdan sonra regionu tərk edərək Şimali Qafqaza köç etdi.

Bu zaman qaraqalpaqlar qazaxlarla qısamüddətli siyasi birliyə daxil oldular. Amma zamanla Qaraqalpaq bölgəsi özbək xanlarının tabeliyinə keçir. Qazaxlardan fərqli olaraq maldarlıqdan çox əkinçiliyə üstünlük verən özbəklər Qaraqalpaqıstana geniş axın edirlər. XIX əsrin əvvəllərində qaraqalpaq tayfaları özbək dövləti olan Xivə Xanlığının tərkibinə daxil olur.

1873-cü ildə Xivə Xanlığı Rusiya İmperiyasının vassallığını qəbul edir. Bu zaman Sırdərya çayının sağ sahilində yaşayan qaraqalpaqlar da Rusiyanın tərkibinə daxil olur.

Qaraqalpaqıstan Sovet İttifaqı yaradıldıqdan sonra öncə, Qazaxıstan və Rusiyanın, ardınca, 1936-cı ildə Özbəkistanın tərkibində muxtar respublika statusu alır.

Özünə məxsus dil, mədəniyyət və adətlərə sahib olan qaraqalpaq xalqı Özbəkistanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Rusiya və Çin ərazilərində də yaşayır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook