SON XƏBƏR

Moskva Ukrayna senarisini indi də Moldovada tətbiq etməyə hazırlaşır

Mart 18
18:33 2022
Rusiya deyəsən, Ukrayna ilə yanaşı, Moldovaya da hücum etməyə hazırlaşır. Belə ki, son günlər Moldovadakı rus dilli insanların diskriminasiyaya məruz qaldıqları barədə məlumatlar yayılır. İddia edilir ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması fonunda Moldovadakı rus dilli vətəndaşlar sıxışdırılır, təhqirlərə məruz qalırlar. Belə informasiyaların gündəmə atıldığını Moskvanın Kişinyovdakı səfiri Oleq Vasnetsovun məsələ ilə bağlı açıqlaması da təsdiqləyir. Belə ki, o, Rusiya kanallarına müsahibəsində Moldovadakı rus dilli əhalinin diskriminasiyaya məruz qalıb-qalmadıqlarını araşdıracaqlarını bəyan edib.
 
Qeyd edək ki, Moskvanın Ukraynaya hücumu fonunda Rusiyada bir çox rəsmilər həmin prosesin digər ölkələrdə də davam etdirilməsinin tərəfdarıdırlar. Bu mənada, Kremldə aqressiyanın genişləndirilməsi təşəbbüsü üstün gəldiyi təqdirdə, Ukraynanın ardınca Rusiyanın hədəfinə gələcək növbəti ölkənin Moldova olacağı istisna deyil. 

Moskva Ukraynaya qarşı müharibəni də Kiyevin guya Donbasda yaradılan qondarma rejimin əhalisini daim atəş və təhdid altında saxladığı bəhanəsilə başlamışdı. İndi isə görünür, Moldovanı da ram etmək üçün anoloji bəhanəyə əsas yaratmağa çalışırlar. Ona görə də bu ölkədəki rusların guya diskriminasiyaya məruz qaldıqları fikrini gündəmə atıblar. 

Əslində, Moldovanın belə çətin vəziyyətdə ruslara qarşı diskriminasiyaya yol verməsi ağlabatan deyil. Əvvəlki dövrdə buna müəyyən cəhdlər ola bilərdi. Amma indiki halda Moldovada bəzilərinin bu əmələ rəvac verməsi və rəsmilərin ona göz yumması heç şübhəsiz Rusiyaya bu ölkəni də hədəfə almağa əsas yarada bilər. Ona görə də Moldovada ruslara qarşı diskriminasiya hadisəsi baş veribsə də, onu ancaq Moskvanın Ukraynanın ardınca bu ölkəyə də hücum etməsini istəyən qüvvələr edə bilərlər. Ən azından Kremlin dəstəyi və dəsti xəttilə separatçı Dnestryanı rejimi bunda maraqlıdır. 

Hazırda Rusiya ordusu Ukraynanın cənubunda bir sıra əraziləri işğal edib. Onlar Ukraynanın bu regionunda əsas şəhəri olan Odessaya da yaxınlaşırlar. Hansı ki, Odessa Moldova sərhədə çox yaxındır. Bu müstəvidə gözləniləndir ki, Rusiya Ordusu Ukraynanın cənub və cənub-qərbini tutduqdan sonra Moldovaya doğru da istiqamət alsın. Moldovada rusların sıxışdırılması məsələsinin bəhanə gətirilməsində də məqsəd sözsüz ki, budur.  


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook