`Ömrü söz uğrunda girov qoymuşam` - Məmməd Aslanın xatirəsinə
Mart 27
19:06
2016
AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, tədqiqatçı-publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) qələmə aldığı "Ömrü söz uğrunda girov qoymuşam” yazısını təqdim edirik:
Bu yolu seçdim ki, yanam, tutuşam,
Alovlar içində qovrulan quşam.
Ömrü söz uğrunda girov qoymuşam,
Başqa sənətim yox, ayrı işim yox...
Tanıtsa, bir misram tanıdar məni,
Ayrı sənədim yox, arayışım yox!..
Martın 22-də Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, əməkdar mədəniyyət işçisi, şöhrət ordenli, türkoloq, sufi şair, Prezidentin fərdi təqaüdçüsü, bir sıra beynəlxalq və respublika mükafatları laureatı, unudulmaz ustad sairimiz Məmməd Aslanın qəbirüstü abidəsinin açılışı oldu. Burada Kəlbəcər ziyalılarından Qənbər Qurbanov, Şahlar Əsəgərov, Yusif Hüseyn, Qurban Sadıqov, Əlövsət Ağalarov, Yüsif Əhmədov, Əli Kazımov, İlham Məmmədli, Adil Cəmil və digər ictimaiyyət nümayəndələri abidəni ziarət edib, önündə şəkllər çəkdirərək undulmaz ustadın xatirəsini andılar.
Doğurdan da şair Vaqif Bəhmənli böyük şair haqqında xatirələrində gözəl deyir: "Məmməd Aslan bizim poeziyamızın heç kimə bənzəməyən parlaq bir imzası idi. Şairin özünə məxsus publilsistikası indi də öz aktuallığını qoruyub saxlayır. O böyük şairimiz, təbiətdən yazan, Allahdan yazan, uşaqlardan yazan şairimiz bu gün Allaha qovuşur. Bu qovuşma anına kimi də Məmməd Aslan uşaq təmizliyini, uşaq səmimiyyətini qoruyub saxlaya bilən müdrik şəxsiyyətlərdən biri idi”.
Kəlbəcər ədəbi mühitinin bilicilərindən biri olan şair Yusif Hüseyn isə belə deyir: "Əslində Ustadımız Məmməd Aslan hər bir poeziya sevərin qəlbində özünün möhtəşəm abidəsini yaraıb, Haqq dünyasına qovuşmuşdu.”
Sözümü Yusif Hüseynin Ustad Məmməd Aslana həsr etdiyi "Məmməd” rədfli şeiri ilə tamamlayıram.
Hara üz tutsaydı, çiçək açardı,
Daşdan da şeriyyət tapardı Məmməd!
Bir sirli-sehirli dünyası vardı;
İlham köhlənində çapardı Məmməd!
Sözün urvatıydı, Haqqdan bac aldı,
Sufi şair kimi Haqqa ucaldı!
Yazıb yaratdığı ellərə qaldı,
Özüynən çox sirlər apardı Məmməd!
Getdiyi yollardan hikmət göyərdi,
Haqqın qapısını ruhən döyərdi!
Haqsızlıq görəndə üz döndərərdi,
Haqqını qayadan çapardı Məmməd!
Mövlanə eşqiylə məqama çatdı,
Şeri ruhumuza qoldu-qanaddı!
O şer yazmadı, Qala yaratdı,
Hikmətdən Qalalar yapardı Məmməd!
Bəxtinə sığındı, Tanrı nə versə;
Deməli həyat var, bir tum göyərsə.
Harda məna görsə, insanlıq görsə,
Quş tək ünvanına uçardı, Məmməd!
Tarixə yazardı hər səfərini,
İçində boğardı qəm-qəhərini!
Hikmət bağçasının ləl-gövhərini,
Qönçə çiçəklərdən qopardı Məmməd!
"Laçın Qaya” deyib yuxu yatmadı,
Doğmuşdu Günəş tək, Gün tək, batmadı!
Yusif, Dəlidağa əli çatmadı,
Çatsa,
Tərtər boyu axardı Məmməd!
`Ömrü söz uğrunda girov qoymuşam` - Məmməd Aslanın xatirəsinə
Karabakhmedia.az