SON XƏBƏR

Müavini Bayram Səfərovun qızının adının hallandığı məsələdən danışdı: Sənin nə niyyətin var, gəl rəhbərliyin yanına

İyun 01
18:23 2023
Xəbər verdiyimiz kimi, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızı Gülnar Qurbanovanın direktoru olduğu Şuşa şəhər 1 saylı tam orta məktəbdə dövlət hesabına tikilən idman kompleksini və müəllimlər üçün nəzərdə tutulmuş avtodayanacağı özəlləşdirirək kənar şəxslərə 30-60 manata icarəyə verməsi ilə bağlı məlumatlar yayılıb.

Qlobal.az xəbər verir ki, Pravda.az məsələ ilə bağlı Bayram Səfərovun mövqeyini öyrənməyə çalışsa da, icra başçısı zənglərə cavab verməyib.

B.Səfərovun müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirib:

Vüsalə Fətəliyeva:

"Çox böyük şər-böhtandır. Neçə illərdir - 8 ildən artıqdır həmin məktəb fəaliyyət göstərir. Şuşa rayonunun bir nömrəli məktəbidir, 196 yaşı olan tarixi məktəbdir. O məktəbdə 1400-ə qədər keçmiş məcburi köçkün uşaqları oxuyur. Məktəb onlara xidmət edir. Kimsə qara beyni ilə, iyrənc niyyəti ilə artıq-əskik danışır. Belə şeylər etmək nə qədər ayıbdır. Yüksəlişdən, bərpa-quruculuq işlərindən danışırıq, Şuşaya gedirik. Cənab Prezidentin bu qədər səfərlərini, gördüyü işləri göstərmək əvəzinə, ayıb-ayıb işlərlə məşğul olurlar. Bu, çox fəaliyyətsiz, qabiliyyətsiz, hörmətsiz işdir, qaragüruhluqdur...”

V.Fətəliyeva məktəbin müəllimlər üçün nəzərdə tutulan və direktor tərəfindən özəlləşdirildiyi deyilən avtodayanacağında nəzarətçi qoyulması ilə bağlı yayılan fotoya isə belə cavab verib: "Niyə xoş münasibət qura bilmirik? Çünki bərabər ola bilmirik. Düşüncələrimiz bərabər ola bilmir. Bu dəqiqə hamının gözü, ürəyi, fikri Şuşaya dikilib. Camaatın Şuşaya köçü ilə məşğul oluruq. Siyahıya alınma, qayıdış məsələləri ilə biz məşğuluq. Bu cür möhtəşəm işləri qoyub, yalan-talan, oğru-doğru, qaragüruhçu işlərlə məşğul olmaq... Heç bilinmir ki, nədir. Sənin nə niyyətin var, gəl rəhbərliyin yanına, soruş, cavabını al. Ortalıq danışıqları ilə, onu yaymaqla nə reytinq qazanacaqsan? Xoş niyyətlə bizə yanaş, biz də səni həmişə əziz, hörmətli tutaq. İndi hansı zəmanədir? Lazım olan yerlərə rəhbərlik səviyyəsində məlumatlar verilib, mövqeyimizi bildirmişik, müraciət etmişik. İcra başçısı buna görə də xəbəri yayan sayt rəhbərlərinə cavab verməyi özünə məsləhət bilmir. Yəqin ki, belə qalmayacaq. Xəbəri paylaşan saytlara lazım olan orqanlar cavab verəcəklər. Bu məsələləri yayan adam kimdir? Niyə belə edirlər? Lazım olan sözü rəhbərlikdən soruşarlar. Bu nə qaragüruhçu yazılardır? Kiminsə iş fəaliyyəti başqa birinə xoş gəlmirsə, kiminsə kimdənsə xoşu gəlmirsə, ya başqa pis niyyəti varsa, niyə bu addımları atır axı? Bizim narahatlığımız da, səhv işimiz də yoxdur. Ayıb olar ki, insan burada öz doğma yurdunu gözləyə-gözləyə, səhv işlərlə məşğul ola. Belə bir şey yoxdur. Etikasız hərəkətdir, məktəb rəhbərinin, cavabdeh nümayəndələrinin xəbəri olmadan yalan-böhtan yazılar gedir. Belə şey olar? Şərə-böhtana mövqe bildirilmir, lənət deyilir, başqa heç nə. Təhsil müəssisəsi barədə belə şər məlumatlar yaymaq ayıbdır, özü də indiki vaxtda...”


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook