SON XƏBƏR

Müdafiə Nazirliyi 4 gün əvvəl yaranan şirkəti tenderin qalibi etdi – FOTOFAKT

May 13
14:26 2022
Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi "ƏLAMƏK” MMC (VÖEN – 1505886781) olub.

Qeyd edək ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi baner üzərində çap işlərinin, laminatın, orqanik şüşənin, diaqlaz materialın, vinil üzərində çap işlərinin satın alınması məqsədilə 19.04.2022-ci il tarixində kotirovka sorğusu elan edib.

Tender müsabiqəsinin qalibi olan "ƏLAMƏK” MMC bu elandan təxminən cəmi 4 gün əvvəl – 15.04.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 7 min 602 manat ödəniləcək.

Hüquqi ünvanı Nərimanov rayonu, Faiq Yusifov, ev 69-da yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Faiq Harun oğludur.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.

Tender müsabiqəsindən cəmi 4 gün əvvəl (bu günlərin də 2-si şənbə və bazar günlərinə təsadüf edib) yaranan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Məlumat üçün qeyd edək ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən qısa müddət əvvəl daha bir oxşar tender keçirilib.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook