Müflis olan bankirlərin əmlakı satılacaq
Aprel 08
10:15
2017
Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşların bank sirlərini biləcək
Qanuna təklif olunan digər dəyişikliklərə əsasən, bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə onlar əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olacaqlar. Yəni, Azərbaycanda müflis olan bankların səhmdarlarının, inzibatçılarının mülkləri müsadirə edilərək satılacaq.
Deputatların kəskin etirazına baxmayaraq qanun layihəsi qəbul edildi
Milli Məclisin plenar iclasında İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllə, eləcə də "Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.
"Banklar haqqında" qanuna dəyişiklik barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, dəyişikliklər qəbul olunsa, Azərbaycanda bankın öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq.
Layihəyə əsasən, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək. Bundan başqa, qanun layihəsində "körpü bank"ların yaradılması da nəzərdə tutulur.
Başqa sözlə, layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəlikləri bu "körpü bank"a keçirilir.
Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır. Sənəddə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərinin həlli yolları göstərilib. Belə ki, layihədə banka aidiyyatı olan şəxslərin, yəni səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərinin icbari qaydada bankın səhmlərinə keçirilməsi, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlərin cəlbi, bankın aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həlli nəzərdə tutulur.
Qanuna təklif olunan digər dəyişikliklərə əsasən, bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə onlar əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olacaqlar. Yəni, Azərbaycanda müflis olan bankların səhmdarlarının, inzibatçılarının mülkləri müsadirə edilərək satılacaq.
Əli Məsimli: "Kreditlərin yüksək faizlə verilməsi soyğunçuluqdur”
Deputat Əli Məsimli "Banklar haqqında” qanuna dəyişiklik layihəsinin əsas aparıcı müdddəaları anlaşılan olmadığından, bu maddələrlə bağlı əlavə arayış verilməlidir. O, layihədə nəzərdə tutulan digər çatışmazlıqlar barəsində danışaraq bildirib ki, birbaşa apellyasiya şikayətinin indiki məqamda nə dərəcə doğru olduğu izah edilməlidir. "Digər məqam isə tərəflərə verilən konkret günlərin qoyulması ilə bağlıdır. Hesab edirəm ki, bu da yanlış yanaşmadır. Təklif edirəm ki, gün iş günü ilə əvəz olunmalıdır. Bu gələcəkdə mübahisəli məqam yarada bilər. Ümumiyyətlə mən qanunvericilikdə konkret gün məsələsinin iş günü ilə əvəz olunmasını təklif edirəm. Biz elə etməliyik ki, gələcəkdə mübahisə və toqquşma üçün yer qalmasın”.
Deputat deyib ki, ümumiyyətlə Azərbaycanda bank sistemi o qədər çöküb ki, ölkədə sistemli bankın olması sual altındadır. "Burada sistemli bank haqqında verilən təriflərin özündə belə əksikliklər var. Bu, düzgün yanaşma deyil. Mənim digər iradım Maliyyə Bazarlarına Nəzarət Palatasına verilən əlavə səlahiyyətlərlə bağlıdır. Ola bilsin ki, indiki məqamda bu keçərlidir. Ancaq biz hüquqi dövlət qururuq. Kimsə zəmanət verə bilməz ki, Palata sabah bundan öz məqsədləri üçün sui-istifadə hallarına yol verməyəcək.
Palatanın bundan öz məqsədləri üçün istifadəsi ilə mütləq olacaq. Bu məsələyə də aydınlıq gətirilməlidir”.
Əli Məsimli bankların yüksək faizli və dollarla verdiyi kreditlərə kəskin etirazını bildirib. "Kreditlərin yüksək faizlə verilməsi soyğunçuluqdur. Ona görə də bu dəyişikliklər öz effektini verməyəcək. Təklif edirəm ki, hökumət min dollaradək olan kreditlərə güzəştə getməlidir. Əgər hökumət mayın 28-dək belə bir addım atarsa, zaman biz bu sahədə ciddi dəyişikliyin baş verəcəyinin şahidi olacağıq”.
Vahid Əhmədov: "Dollarla alınan, vaxtı keçmiş kreditlərlə bağlı problemlər nəhayət, öz həllini tapmalıdır”
Deputat Vahid Əhmədov isə vurğulayıb ki, ölkə iqtisadiyyatına ən ağır zərbəni banklar vurub: "Bu dəyişikliklərdə əsas məqsəd bankların sağlamlaşdırılmasından ibarətdir. Bütün bunları nəzər alan cənab prezident vəziyyəti yaxşılaşdırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradıb. Niyə Azərbaycan bank faizləri bu qədər yüksəkdir, onu Siyavuş müəllim çox yaxşı dedi. Çünki həmin bankçılar hamısı milyonerdirlər, amma vətəndaşlar əziyyət çəkirlər”. V.Əhmədov qeyd etdi ki, bank sistemində problemlər olduğu kimi qalır: "Bu gün bank sistemində kredit alış-verişi faktiki dayanıb, insanlara kredit verilmir. Xahiş edirəm Rüfət müəllim bu sahə ilə ciddi məşğul olsun. Həmçinin dollarla alınan, vaxtı keçmiş kreditlərlə bağlı problemlər nəhayət, öz həllini tapmalıdır”.
Qüdrət Həsənquliyev: "Belə olarsa, hamı pullarını aparıb İsveçrə banklarında saxlayacaq”
Deputat Qüdrət Həsənquliyev bank sirri ilə bağlı dəyişikliklərə münasibət bildirərək, bu sirləri açacaq səlahiyyətlərin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini kəskin pisləyib. "Mənim bankda nə qədər pulum varsa, niyə bunu Palata bilməli və kimlərəsə deməlidir? Əgər şübhələr olarsa, bunu hüquq-mühafizə orqanları araşdıra bilər. Burada bank sirləri qorunmalıdır. Belə olarsa, hamı pullarını aparıb İsveçrə banklarında saxlayacaq. Prezident isə çıxışında vurğulayır ki, hər kəs əmanətlərini ölkə banklarında saxlamalıdır. Ancaq Palataya verilən səlahiyyət bunun əksini deyir”.
Deputat həmçinin çıxışında məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətlərinin də Palataya verilməsinə də etiraz edib. "Bununla nə etmək istəyirik?”.
"Hərəyə 1 milyard pul veriblər, çıxıb gedib, indi dövlət həmin pulların dalınca düşüb”
Deputat Siyavuş Novruzov isə deyib ki, bankların pis vəziyyətə düşməsi iqtisadi vəziyyətlə bağlı deyil: "Bu, bank rəhbərlərinin maliyyə oğurluğu ilə bağlıdır. "Bankları bu günə onların rəhbərləri salıb. Rəhbər şəxslər öz mənafeyini güdüb. Problemlərin səbəbini onlardan soruşmaq lazımdır. Vaxtilə nəzarət mexanizmi var idi. Niyə indi biz "körpü bank" yaradırıq? Kim zəmanət verir ki, aktivlərin köçürülməsindən sonra bu hallar təkrarlanmayacaq. Hərəyə 1 milyard pul veriblər, çıxıb gedib. İndi dövlət həmin pulların dalınca düşüb” - deyə deputat qeyd edib. Banklar kökündən sağlamlaşdırılmalıdır. Səbəb və nəticəni qarışdırmayın. Azərbaycanda vətəndaşa verilən istehlak krediti niyə yüksək faizlə verilir? Bunun izahı verilməlidir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Amma bank rəhbərləri öz maraq və mənafelərini güdürlər. Bankı sağlamlaşdıranda kökündən sağlamlaşdırmaq lazımdır".
Milli Məclisin sədri Oqtay Əsədov ona cavab olaraq bildirib ki, görülən tədbirlərdə əsas məqsəd bankların sağlamlaşdırılması ilə bağlıdır: "Bu gün bəzi qəbul olunan qanunların məqsədi bankların sağlamlaşdırılmasıdır. Bankların doğrudan da buna ehtiyacı var. Gündə 5 milyon manat zərər edən banklar var. Özü də zərər günbəgün artır: 5 milyon olacaq 10 milyon, 10 milyon olacaq 40-50 milyon manat. Buna görə, bu bankları sağlamlaşdırmaq lazımdır. Ona görə "körpü bank" və bu qanunlar lazımdır. Maliyyə Bazarlarına Nəzarət Palatasına səlahiyyətlər vermək lazımdır ki, bankların piramida kimi müflisləşməsinin qarşısı alınsın" - deyə O.Əsədov vurğulayıb.
Müzakirələrdə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı da iştirak edib. Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.
(Qaynarinfo)