SON XƏBƏR

Müşfiq və Dilbər sevgisi kinomatoqrafiyamızda

Dekabr 05
23:42 2017
Mübariz Məmmədov,
"Dövlət və İdeologiya" jurnalının təsisçi və baş redaktoru
 
İyirminci əsr Azərbaycan tarixində siyasi dinamikliyi, xalqın mədəni-sosial yüksəlişi baxımından ən dolğun əsrlərdəndir. Bu əsrdə dörd fərqli siyasi rejimdə yaşayan azərbaycan xalqının maariflənməsi, sosial-mədəni inkişafı həmin rejimlərin siyasi fəlsəfəsinə uyğun olaraq aparıldı. Xalqın həyatında yaranan yeni siyasi ideologiyalar, xüsusən də iyirminci əsrin əvvəllərində baş verən siyasi proseslər xalqın ədəbi-mədəni həyatından da yan keçmədi. 1920-ci ildə Müstəqil Azərbaycan dövlətinin qırmızı ordu tərəfindən işğalından sonra cəmiyyət arasında yaranan ikiqütblülük ədəbiyyatımıza da sirayət etdi. Digər ictimai-mədəni sahələr yeni yaranan siyasi rejimin mahiyyətindən yaranan tələblərə bütünlüklə tabe olaraq, onun tərənnümçüsünə çevrilsə də,  ədəbi sahədə fərqli fikir daşıyıcıları hələ də qalmaqda idilər.
 
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ədəbiyyat adamlarının-şairlərin, yazıçıların, ədəbi tənqidçilərin ölkədə aparılan siyasi proseslərə cəlb edilməsi dövrü başladı. Yeni siyasi prosesləri, aparılan quruculuğu öz yaradıcılıqlarının ana xətti seçən ədəbiyyatçılarımızla yanaşı, bu siyasi hərəkatı həmkarları ilə müqayisədə vəsf etməyən və yaxud daha az vəsf edən, yaranışdan poetik harmoniyanı bütünləşdirən təbiəti, gözəlliyi, ədaləti, sevgini bədii yaradıcılıqlarının əsas prioritet mövzusu edən şair və yazıçılarımız da az deyildi. Əlbəttə, o dövrün təzadlı Azərbaycan poeziyasından və ictimai-siyasi durumundan danışarkən Mikayıl Müşfiqi xatırlamamaq mümkün deyildir.
 
Yazmağı rus-tatar məktəbində öyrənən, bütün yaradıcılığında sevgini, vətəni, həyatı özünəməxsus bir incəliklə poetikləşdirən Mikayıl Müşfiq 29 illik qısa ömrünə nəhəng bir poeziya sığışdıra bildi. Ancaq tək poeziyamı? Əlbəttə, xeyr! Mikayıl Müşfiqdən danışanda, fərqi yoxdur onun şeirlərindən və yaxud şəxsi həyatından sirrli, sehrli bir sevginin, dəlicəsinə vurğunluğun şahidi oluruq. Körpə saflığının, Tanrı sevgisinin vəhdətindən doğan bir vurğunluq. Mikayıl Müşfiq sevgisinin, vurğunluğunun ünvanı poeziyaya Müşfiq qədər yaxın olan, poeziyanı onun qədər duyan, həyatı, təbiəti, insanları onun qədər sevən Dilbər Axundzadə idi.
 
Bəs ruhu kimi yaradıcılığı da qaynayan şairin əbədi sevgi ünvanı, bütün sevgi şeirlərinin ilhamvericisi olan, gecələri şeirlərini pıçıltı ilə oxuyaraq yuxuya verdiyi dilbər-Dilbər kim idi?
 

 
Mikayıl Müşfiqin yaradıcılığı ilə ədəbiyyat dərsliklərində qismən tanış olsaq da, onun həyatı ilə ölümündən sonra Dilbər xanımın qələmə aldığı "Müşfiqli günlərim” kitabında geniş tanış olmaq olur. Eləcə də bu kitabda Dilbər xanımın özü və o dövrün bir çox tanınmışları haqqında məlumatlar yetərincə verilib. 1914-cü ildə Gəncədə anadan olan Dilbərlə Müşfiqin tanışlığı 1931-ci ildə APİ-də məzunların buraxılış tədbirində baş tutur. Bibisi təfərindən tədbirə dəvət alan Dilbər orada Mikayıl Müşfiqlə tanış olur. Sonradan məlum olacaqdı ki, Mişfiq Dilbər xanımın əmisi, xalqımızın görkəmli alimi, professor İdris Axundzadənin dostu imiş. APİ-də baş tutan bu görüşdən sonra Dilbər xanımla Müşfiqin arasında saf və böyük və həm də əzab dolu günlər olan bir sevgi yaranır...
 
Şair Müşfiqlə tələbə Dilbərin arasında yaranan tanışlıq tezliklə sevgiyə çevrildi. 1932-ci ildə Azərbaycanın musiqi dünyasının nəhənglərindən olan Bülbülün iştirakı ilə Müşfiqlə Dilbər nişanlanır. Nişan tədbirində xalqımızın böyük ədiblərindən olan Səməd Vurğun, Süleyman Rüstəm, Mir Cəlal, Hüseyn Mehdi, Rəsul Rza, Nigar Rəfibəyli və Məmməd Rahim də iştirak edirdilər. Bülbülün ecazkar ifasında səslənən bir-birindən gözəl müsiqilərin, şairlərin nişanlanan gənclərin şərəfinə söylədikləri şerlərin ardı-arası kəsilmirdi...
 
 
 
Ancaq bir müddət keçəcəkdi, bu gözəl anlar bütünlüklə acı xatırələrə çevriləcəkdi. Bir müddət keçəcəkdi, şair sevgisinin qəhrəmanına çevrilən qızcığazın zərif qollarına dəmir qandallar taxılaraq təkadamlıq zindan hücrəsinə atılacaqdı. Dünyanın bütün sevgisini ürəyinə dolduran Müşfiqi isə güllələyəcəkdilər.
 
***
Yuxarıda qeyd etdiyim kimi, Müşfiqin həyatı ilə biz Dilbər xanımın müəllifi olduğu "Müşfiqli günlərim” kitabında tanış oluruq. Elm ocağında başlayan tanışlıq, ölkə ziyalılarının iştirakı ilə baş tutan evlilik və dövrün siyasi məngənəsində əzilən, "qırmızı” caynaqlarında didilən, məhv edilən xöşbəxt bir cütlük... Azərbaycan xalqının tarixində, milli folklorumuzda həyatlarını bir-birinə qurban verən, özlərini bütünlüklə sevgiyə həsr edən insanlarımız çox olub. Bunların əksəriyyəti şifahi xalq ədəbiyyatına çevrilərək günümüzə qədər gəlib çatmışlar. Ancaq biz bu folklor nümunələrinə-dastanlarımıza baxdıqda burada dövrün siyasi proseslərini tam gerçəkliyi ilə görə bilmirik. Dastanlarımızda aparıcı xətt olan sevgililərin məqsəd və maraqları bəzən şəxsiləşərək bəsitləşir, bəzən isə hadisələrin episentri lokallaşır.
 
Düşünürəm ki, dastanlarımızın filmə çevrilə bilməməsinin səbəblərindən biri, bəlkə də ən birincisi budur. Dastanlarımızla müqayisədə Müşfiq və Dilbərin həyatına, sevgisinə nəzər saldıqda isə tam fərqli bir reallıqla qarşılaşırıq. Burada hər iki gənc savadlıdır, dövrün ictimai-siyasi proseslərindən xəbərdar və aktiv iştirakçılarındandırlar. Dünyanı ancaq gözəl görmək istəyən, həyatı, insanları, təbiəti, gözəlliyi sevməkdən yorulmayan bu cütlük dünyanın üçdə birinə hakimlik edən sovetlərin repressiya maşınının qurbanına çevrilirlər. 7 illik xoşbəxt sevgi həyatına son qoyulur.
 
Güllələnən həyat dolu Müşfiq, dəmir barmaqlıqlar arasına salınan zərif Dilbər... Zərifliyi Dilbər Axundzadəyə hər an güc verdi. Dəmir barmaqlıqlar arasında sonadək sevgisini qorumaqla, Müşfiqini müdafiə etməklə, sınmamağı ilə Dilbər Axundzadə məğrur Azərbaycan xanımının yeni cizgilərini yaratdı. Bu dəfəki məğrur azərbaycanlı xanım obrazı daha qətiyyətli və savadlı idi.
 
 
 
O qədər duyumlu, o qədər ruhlu ki, sevgisinin dastana çevrilməyini kimlərinsə öhdəsinə buraxmayacaqdı, o dastanı özü yazacaqdı... Adını da özü qoyacaqdı -"Müşfiqli günlərim”!
 
***
Xoşbəxtliklər və faciələr var ki, oxuduqca, insanın düşüncələrində musiqi ya da gözləri önündə film kimi canlanır. Müşfiqlə Dilbərin sevgi dolu həyatı da belədir- ürəkləri kövrəldən, gözləri yaşardan melodrama... Əminəm ki, nə zamansa, bəlkə də çox yaxın zamanlarda Müşfiqlə Dilbər xanımın həyatı haqqında xalqımızın tarixini, mədəniyyətini özündə parlaqlıqla əks etdirən film ərsəyə gələcək. Və bu film dünyanın ən ucqar nöqtəsində yaşayan və sevginin nə olduğunu anlayan hər bir kəsin sevə-sevə baxacağı bir melodrama olacaq...
 
(Mənbə: Dövlət və İdeologiya jurnalı,
dekabr 2017-ci il)
 
Qlobal.Az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook