Musiqili Teatrda yeni tamaşa - “Mənim günahım”
Aprel 20
11:56
2016
Azərbaycan Dövlət Musiqili Teatrında yeni layihəyə start verilib.
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin "Mənim günahım” pyesi əsasında hazırlanan tamaşadan gedir. Layihənin ideya müəllifi və rəhbəri Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Əliqismət Lalayevdir.
"Böyük, unudulmaz sənətkarımız İlyas Əfəndiyevin həmişə diqqətimdə olan möhtəşəm lirik-psixoloji dramı, dünyaca məşhur bəstəkar Qara Qarayevin ölməz, bənzərsiz balet musiqisi əsasında hazırlanan bu tamaşa bir çox sürprizlərlə zəngindir. İnanıram ki, janrına görə sevgi haqqında pritça kimi dəyərləndirdiyimiz "Mənim günahım” hamı tərəfindən bəyəniləcək. Tamaşanın quruluşçu-rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə xanım Gözəlovadır. İradə xanım buna qədər də bizim teatrla əməkdaşlıq edib. Onun hazırladığı Ə. Haqverdiyevin "Kimdir müqəssir?” əsəri böyük marağa səbəb olub. Hazırda premyerasına hazırlaşdığımız "999-cu gecə” tamaşasının rejissoru da İradə xanımdı. "Mənim günahım” onun Musiqili Teatrda 3-cü işi olacaq. Yeri gəlmişkən, bu tamaşanın quruluşçu-rəssamı da Gəncə Dövlət Dram Teatrının istedadlı rəssamı Elnur Axundovdur. Tamaşada baş qəhrəmanı – Nurcahan obrazını hər zaman özünəməxsus ifası ilə fərqlənən, Xalq artisti, "Şöhrət” ordenli Şükufə xanım Yusupova canlandıracaq. Şükufə xanım bizim teatrla artıq bir neçə ildir ki, əməkdaşlıq edir. Onun iştirakı ilə tamaşaya qoyduğumuz N.V. Qoqolun "Evlənmə” əsəri 2012-ci ildə "Zirvə” mükafatına layiq görülüb. Ayqız obrazını ifa edəcək gənc balerina Cəlalə Novruzlu isə tamaşaçılar üçün yeni sima olacaq”, - deyə Əliqismət Lalayev söyləyib.
Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeysteri Leyla Ağayeva, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.
Qlobal.az