Müslüm Maqomayev haqqında filminin premyerası Rusiyanın Birinci kanalında nümayiş etdiriləcək
Oktyabr 20
12:38
2015
Görkəmli müğənni, bütün nəsillərə mənsub olan böyüklü-kiçikli tamaşaçıların sevimlisi, adı böyük hərflə yazılmağa layiq olan Musiqiçi və İnsan – Müslüm Maqomayev artıq yeddi ildir ki, aramızda yoxdur.
Bu illər ərzində onun şöhrəti heç də azalmayıb, adı isə musiqi klassikasının sinoniminə çevrilib . Oktyabrın 25-də, bu böyük musiqiçinin vəfatının növbəti ildönümü günündə Rusiyanın aparıcı teleşirkəti olan Birinci kanal rejissor Mehdi Məmmədovun Müslüm Maqomayevə həsr edilmiş "Doğulandan əbədiyyətə qədər” adlı sənədli filmini tamaşaçılara təqdim edəcək.
Bu filmin Rusiyanın əsas telekanalında, 140 milyondan çox tamaşaçını əhatə edən Birinci kanalda premyerasının əlamətdar hadisə olacağı gözlənilir. Müğənninin memuarları əsasında çəkilmiş "Doğulandan əbədiyyətə qədər” filmində onun həyatının və dövrünün əlamətdar hadisələrindən bəhs edilir. Filmin parlaq bir bölməsi Müslüm Maqomayevlə dahi şəxsiyyət Heydər Əliyevin böyük dostluğu işıqlandırılır. Əvvəllər heç yerdə göstərilməmiş nadir fotoşəkillər və unikal kadrlar Ümummilli Liderin adı ilə ayrılmaz sürətdə bağlı olan unudulmaz hadisələrdən və incəsənətdə qazanılmış nailiyyətlərdən bəhs edilir.
Ekranda Müslüm Maqomayevin həyat və yaradıcılığının ən mühüm anları: uşaqlıq illəri və ailəsi, ilk musiqi əsərləri, məşhur musiqiçilərlə tanışlıq, Tamara Sinyavskaya ilə görüş səhnələri bir-birini əvəz edir. Ən başlıca məqam isə elə ilk dəqiqələrdən yaranan əhval-ruhiyyədir. Xatırladaq ki, Bakıda bu filmin premyerası 2013-cü il noyabrın 12-də "ÜNS” yaradıcılıq səhnəsində nümayiş etdirilib.
Azərbaycan tamaşaçıları rejissor Mehdi Məmmədovu "Titanların dostluğu: Rostropoviç və Şostakoviç” filminin yaradıcısı, habelə Məhəmməd Fizulinin eyni adlı poeması əsasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” muğam operasının birinci musiqili-bədii ekranlaşdırılmasının müəllifi kimi tanıyırlar. Rejissorun başqa işləri kimi, "Doğulandan əbədiyyətə qədər” filmi də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb, film barəsində çox müsbət rəylər söylənib. "ÜNS” teatrının bədii rəhbəri, professor Nərgiz Paşayeva deyib: "Biz Müslüm Maqomayevin səsini eşitməyə adət etmişik. Bu filmdə isə onun qəlbinin səsini eşidirik”...
AzərTac