Muxtar Babayev Milli Parkın 500 hektar ərazisini generala satır – Prezidentə müraciət
İyul 24
07:34
2023
Ecofront təşkilatı Prezident İlham Əliyevə Şirvan Milli Parkı ilə bağlı müraciət edib.
AzToday.az xəbər verir ki, müraciətdə ETSN naziri Muxtar Babayevin Milli Parkın 500 hektar ərazisini general Ceyhun Həsənova satdığı yer alıb.
Müraciəti olduğu kimi təqdim edirik:
Cənab Prezident,
Son baş verən hadisələr fonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətsizliyi və yarıtmazlığı cəmiyyətdə bu quruma olan etimadsızlığı və ikrah hissini daha da artırıb amma bu sadəcə cəmiyyətin gördüyü nəticələrdir.
Belə dağıdıcı fəaliyyətlərdən biri də Milli Parkların, qoruqların, meşə fondu torpaqlarının ayrı-ayrı şəxslərə təyinatından kənar icarəyə verilməsi və satılması üçün ən çirkin ssenarilərə əl atılmasıdır.
Növbəti belə bir hal Şirvan Milli Parkında yaranıb. Şirvan Milli Parkının 500 hektardan çox ərazisinin penitensiar xidmətin keçmiş generalı Ceyhun Həsənova satılması üçün nazirlik dəridən qabıqdan çıxır. Əkinə yararlı bu torpaq sahəsinin Milli Parkın var olması, maddi təminatı üçün nə qədər vacib bir ərazi olduğunu bilə-bilə ərazini sataraq parkı müflisləşdirməkdə Muxtar Babayevin canfəşanlığının səbəbi nədir?
Ərazini əkinə yararsız deqradasiyaya uğramış torpaqlarla əvəz edib Ceyhun Həsənova satışını təşkil etmək üçün Nazirlik aidiyyatı qurumlara müraciətlər edir. Daha öncə belə bir cəhdi ictimailəşdirdikdən sonra yuxarı instansiyaların müdaxiləsindən sonra bu niyyətin qarşısı alınmışdı. Amma görünən odur ki, ya Muxtar Babayev yenidən iştaha gəlib ya da kiminsə qarşısında özünü borclu hesab edir.
Elə bir nazir təsəvvür etmək çətindir ki, öz nəzarətində olan ərazini daha yararsız ərazi ilə dəyişmək üçün bu qədər səy göstərsin, öz qurumunun dayanıqlı maliyyə mənbələrindən birini itirmək üçün bu qədər can yandırsın. Öz qurumunun maraqlarını qorumağa çalışmayan, tam tərsinə maraqlarına zidd addımlar atan bir nazirin fəaliyyəti cavabı çətin olamayan suallar doğurur.
– Şirvan Milli Parkının torpaqlarının özgəninkiləşdirilməsinin qarşısını alasınız
– Şirvan Milli Parkının təsərrüfat ərazilərinin təyinatından kənar istifadəsinin dayandırılmasına göstəriş verəsiniz
Qlobal.az