Muxtar respublika birinciliklərinin qalibləri mükafatlandırılıb
Mart 10
14:07
2016
Naxçıvan Muxtar Respublika Stadionunda 1999-2001-ci illər təvəllüdlü məktəblilər arasında yüngül atletika üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birinciliyin məqsədi muxtar respublikanın yeniyetmələrdən ibarət yüngül atletika üzrə yığma komandasının tərkibini formalaşdırmaq, həmçinin bu idman növünü inkişaf etdirmək və yeniyetmələri atletikaya cəlb etmək olub.
Birinciliyin açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmiz dünyanın ən nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır.
Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına xüsusi qayğı göstərilir.
Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov qeyd edib ki, bu gün muxtar respublikada idmanın inkişafı, gənclərin bu sahəyə cəlbi üçün hər bir şərait var. Naxçıvanda fəaliyyət göstərən federasiyaların da işi təmsil etdikləri idman növlərini təbliğ etməkdir. Federasiyamızın məqsədi yüngül atletikanı muxtar respublika yeniyetmələri və gəncləri arasında kütləvi hala gətirməkdir.
Təhsil naziri Məmməd Qəribov isə vurğulayıb ki, məktəblilərin bu yaşda idmanla məşğul olmalarına məhz orta məktəbdən başlamaq lazımdır.
Nazirlik bu istiqamətdə müəyyən addımlar atıb və məktəblilərin idmana yönəldilməsi üçün işlər görür.
Yarışın nəticələrinə əsasən, oğlanların mübarizəsində Heydər Əliyev adına Hərbi Liseyin kursantlarından Salman Gülüşov (100 metr), Sadiq Baxışəliyev (200 metr), Cəfər Quliyev (1500 metr), Sədərək rayonunun idmançılarından Elcan Mustafazadə (400 metr), Rəsul Yerdələn (800 metr) bütün rəqiblərini geridə qoyaraq finiş xəttinə birinci çatıblar.
Qızların yarışında isə hamıdan sürətli olan Güllü Cəfərova (100 metr, Kəngərli), Gülayə Cəfərova (200 metr, Sədərək) və Xatun Orucova (300 metr, Ordubad) muxtar respublika birincisi olublar. Gülayə Cəfərova həmçinin 500 metr məsafədə də rəqiblərini qabaqlayıb.
Sonda qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Yüngül Atletika Federasiyasının diplomları və hədiyyələri təqdim olunub.
* * *
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi yarış iki gün davam edib və 10 çəki dərəcəsində 80-ə yaxın idmançı tatami üzərinə çıxıb.
Yarışın son günündə yarımfinal və final görüşləri keçirilib.
Nəticəyə əsasən, Ayxan Abbasov (30 kiloqram), Abbas Məmmədov (34 kiloqram), Fuad Əşrəfli (38 kiloqram), Əli Əlizadə (41 kiloqram), Fəxrəddin Rüstəmov (46 kiloqram), Vüqar Allahverdiyev (50 kiloqram), Məhəmməd Əliyev (55 kiloqram), Elsevər Məmmədov (60 kiloqram), Murad Mustafayev (66 kiloqram) və Aqil Musayev (66+ kiloqram) həlledici qarşılaşmalarda qalib gələrək birinciliyin baş mükafatını qazanıblar.
Qalibləri Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və Azərbaycan Cüdo Federasiyası Hakimlər Kollegiyasının sədri Fariz Hüseynov mükafatlandırıblar.
şerqqapısı