Muxtar respublikada hazırda 249,6 milyon kubmetr su ehtiyatı var
May 21
10:51
2016
Muxtar respublikanın sututarlarında hazırda 249,6 milyon kubmetr su ehtiyatı var. Aprel ayında 9,75 kilometr magistral kanal, 49,20 kilometr ara arxları və 2,8 kilometr kollektor lildən təmizlənib, 11,19 kilometr yeni suvarma xətti çəkilib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada yaşayış məntəqələrini və əkin sahələrini daşqın və sel sularından qorumaq məqsədilə 2,5 kilometr istiqamətləndirici bənd salınıb, Araz çayı ətrafında 856 metr məsafədə sahilbərkitmə işi görülüb.
Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən 107 hektarlıq sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir. Ötən ay ərazidə 428 metr müxtəlif diametrli boru xətti çəkilib, subölücü hovuzlar tikilib. Şərur rayonunun Ələkli, Xanlıqlar və Vərməziyar kəndlərində suvarma tədbirlərini yaxşılaşdırmaq məqsədilə Arpaçay sol sahil kanalından 3 kilometr məsafədə suvarma boru xəttinin çəkilişi başa çatdırılıb. Culfa rayonunun Dizə kəndində isə artezian quyusu qazılaraq 35 hektar sahə əkin dövriyyəsinə qatılıb. Ümumiyyətlə, ötən ay muxtar respublikada 71 subartezian quyusu təmir olunub. Bu dövrdə 6 kəhrizdə də təmir işləri davam etdirilib.
Muxtar respublikanın bütün yaşayış məntəqələrində dayanıqlı və keyfiyyətli içməli su təminatı yaradılır, yeni kanalizasiya sistemləri qurulur. "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində 10,8 kilometr kanalizasiya, 15 kilometr içməli su xətti çəkilib. Babək rayonunun Şıxmahmud kəndində isə 3 min 842 metr kanalizasiya və 4,1 kilometr içməli su xətti çəkilib, 93 ev birləşməsi aparılıb.
Qlobal.az