SON XƏBƏR

“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalına yekun vurulub

May 18
21:09 2016
Mayın 18-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
 
AZƏRTAC xəbər verir ki, tədbirdə festivalın baş hakimi Faiq Həsənov çıxış edərək şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib.
 
Qeyd olunub ki, muxtar respublikada mötəbər yarışların keçirilməsi artıq ənənə halını alıb. Dünyanın müxtəlif ölkələrindən şahmatçıların Naxçıvanda keçirilən bu festivalda iştiraka can atması bir daha sübut edir ki, yarışlara maraq ilbəil artır. Naxçıvanlı şahmatçıların əldə etdikləri yüksək nəticələr muxtar respublikada idmanın bu növünün inkişafından, uşaq və yeniyetmələr, gənclər arasında şahmatın kütləviliyinin təmin olunmasından xəbər verir.
 
Əvvəlcə yarışda yaxşı nəticələr göstərmiş ən kiçik yaşlı şahmatçılar, veteran şahmatçılar, müxtəlif yaş qruplarında yaxşı nəticə göstərmiş qız və oğlan şahmatçılar mükafatlandırılıblar.
 

 
"C” qrupunda birinci yeri Sumqayıt şahmatçısı Fərid Orucov, ikinci və üçüncü yerləri Bakı şahmatçıları Kənan Qasımov və İsmayıl Qurbanov tutublar. Dördüncü yerə isə Naxçıvan şahmatçısı Sadiq Qarayev çıxıb.
 
"B” qrupunun qalibi 8 xalla Naxçıvan şahmatçısı Vüsal Abbasov olub. İkinci və üçüncü pillədə müvafiq olaraq sumqayıtlı Murad İbrahimli və biləsuvarlı Xəzər Babazadə qərarlaşıblar.
 
Beynəlxalq şahmat festivalının "A” qrupunda keçirilən yarış isə azərbaycanlı qrossmeyster Eltac Səfərlinin qələbəsi ilə başa çatıb. Bu qrupda ikinci yerə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov, üçüncü yerə isə Ukrayna şahmatçısı Yuri Kuzubov layiq görülüb. Ümumilikdə, "A” turnirində 25 zəka sahibi mükafatlandırılıb.
 
Festivalın qaliblərinə kubok və mükafatları muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Məmməd Qəribov və şahmat federasiyasının sədri Vüqar Səfərov təqdim ediblər.
 
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş şahmat festivallarının artıq ənənə halını aldığını bildirib, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə idmanın, eləcə də şahmatın inkişafına böyük diqqət göstərdiyini, ölkədə güclü şahmatçıların yetişdiyini vurğulayıb.
 
Qeyd edilib ki, hazırda bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq bir neçə ildir keçirilən şahmat festivalları dünyanın müxtəlif ölkələrindən gəlmiş şahmatçılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə, şahmatçıların böyük yarış təcrübəsi əldə etməsinə şərait yaradır.
 
Vüqar Səfərov maraqlı, gərgin mübarizə şəraitində keçən yarışın bütün iştirakçılarını və qalibləri təbrik edərək zəka sahiblərinin növbəti illərdə də Naxçıvanda keçiriləcək şahmat yarışlarına qatılacaqlarına əminliyini ifadə edib.
 
Bununla da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook